İranı Azərbaycanla düşmən etmək istəyənlər kimlərdir? - Türkiyəli polkovniklə müsahibə
Martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Prezident Məsud Pezeşkian dövlətimizin başçısının İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib.
Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb.
Prezident İlham Əliyev İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb.
Dövlətimizin başçısı Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.
Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadi layihələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Görünən odur ki, İran Azərbaycanla münasibətlərin kəskinləşməsində maraqlı deyil. Buna baxmayaraq, rəsmi Bakı qarşı tərəfdən konkret izahat və üzr tələb edir. Çünki məsələ kifayət qədər ciddidir.
Bir çox ekspertin fikrincə, proseslərdə "katalizatorun" olması istisna deyil. Elə isə "gizli əllər" kimə aiddir?
Türkiyəli Beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə ekspert, ehtiyatda olan polkovnik dosent Sadık Akyar bu barədə Crossmedia.az-a müsahibə verib:
- Son proseslər göstərir ki, Yaxın Şərqdə vəziyyət gərginləşən templə davam edir. Sizcə, müharibə daha nə qədər davam edəcək?
- Konkret müddət demək çətindir. Burada əsas faktorlarından biri logistika, o cümlədən silah- sursat tədarüküdür. İran İslam İnqilabi Keşikçilər Korpusu (SEPAH) daha əvvəl müharibənin altı ay davam etməsinə hazır olduqlarını bildirmişdi. Bunu zaman göstərəcək. İkinci bir məsələ isə ABŞ, İsrail və İran ictimaiyyətinin, həmçinin rəsmi Vaşinqtonun müttəfiqlərinin proseslərə reaksiyasıdır. ABŞ İran xalqını hədəf almasa da, məqsədli şəkildə İranda xalqın rifahına təsir göstərə biləcək obyektləri hədəf alır. Bu isə İranda xalqın hakimiyyətə təzyiqlərini gücləndirir. Eyni zamanda böyük şəhərlər vurulur. Həmin şəhərlərdə rejimlə problemi olan insanlar yaşayır. Beləliklə, həm də xalqda rejimə qarşı qıcıq yaranır.
- Bəs ABŞ və İsrail xalqı?
- Məsələ burasındadır ki, müharibə nefti bahalaşdırır. Bu, ABŞ və İsrailə sərf etmir. İran xalqı iqtisadi təzyiqlərə öyrəşib. ABŞ əhalisi isə istəyir ki, səhər yeməklərində hər qida olsun. Bu baxımdan müharibənin davam etməsi nəticəsində neftin bahalaşması perspektivdə ABŞ və İsrail xalqının hakimiyyətlərinə təzyiqlərə səbəb ola bilər. Müharibənin perspektivdə bitməsinə həm də Avropa ölkələri təsir edə bilər. Çünki Hörmüz boğazının bağlanması Avropa dövlətlərini narahat edir. Qərb ictimaiyyəti iqtisadi böhran fonunda savaşın davam etməsinə qarşı çıxa bilərlər. ABŞ Prezidenti Donald Trampın hətta sabah praqmatik addım ataraq müharibəni dayandırması mümkündür.

- Martın 8-də İran Prezidenti Məsud Pezeşkianla azərbaycanlı həmkarı İlham Əliyev arasında telefon danışığı oldu. Liderlər Naxçıvana PUA hücumu barədə də danışdılar. Ümumiyyətlə, bu hadisəyə münasibətiniz necədir?
- Naxçıvanın vurulması İranın strateji səhvi oldu. İran Azərbaycanla qonşu olduğunu, həmçinin Türkiyə faktorunu nəzərə almalı idi. Amma unutmaq olmaz ki, İranda ali dini lider Seyid Əli Xamneyinin ölümü vəziyyəti kökündən dəyişdi. İran hərbi - siyasi elitasında ikitirəlik yarandı. Belə bir durumda SEPAH özbaşına hərəkət edərək Naxçıvanı vura bilər. Xatırlatmaq istərdim ki, Pezeşkian bir neçə gün əvvəl qonşu ölkələrindən üzr istədi. Doğrudur, o, konkret ad çəkmədi, amma məncə, xüsusilə Azərbaycanı nəzərdə tuturdu.
- Sözügedən hadisəyə Türk dünyasının reaksiyası sizi qane etdi?
- Xüsusi münasibət bildirənlər ancaq Azərbaycan və Türkiyə oldu. Bu, türk dünyası üçün yaxşı hal deyil. Nəzərə almaq lazımdır ki, ABŞ türk dünyasına təzyiqləri artıra bilər. Buna hazır olmaq lazımdır.
- Yaxın Şərqdəki durum Şərqi Avropada davam edən müharibəyə necə təsir etdi?
- Neftin bahalaşması Kremlin xeyrinə oldu. İndi Rusiya Avropaya təzyiqi artırmağa çalışır. Rusiya Ukraynadakı döyüşlərə sanki fasilə verib. Moskva Yaxın Şərqdə davam edən proseslərin sonunda Vaşinqtonun yorulacağına ümid edir. Onu da deyim ki, bu müharibə Şərqi Avropadan daha çox Qərbi Avropaya təsir etdi. Əgər müharibə başlamasa idi, ABŞ-nin növbəti hədəfi Qrenlandiya ola bilərdi. İranla başlayan savaş bunun qarşısını aldı və prosesi ləngitdi.
- Bu proseslərin sonunda İranda rejimin dəyişməsi nə qədər realdır?
- Bu cür məsələlərdə əsas amil siyasi hədəflə hərbi hədəfin üst- üstə düşməsidir. ABŞ əvvəlcə deyirdi ki, məqsəd İranın nüvə potensialını zəiflətməkdir. Sonradan isə bildirildi ki, hədəf rejimi dəyişməkdir. Rejimin asanlıqla dəyiş biləcəyini düşünmürəm. Amma bu, aydındır: hətta hazırkı rejim uzun müdddət hakimiyyətdə qalsa belə, daha əvvəlki kimi olmayacaq, islahatçılığı ilə fərqlənəcək.
- Bəs Cənubi Azərbaycanın müstəqilliyi məsələsi?
- Bu da asan məsələ deyil. Xüsusilə nəzərə almaq lazımdır ki, indiki məqamda həm Azərbaycan, həm də Türkiyə İranın ərazi bütövlüyünü dəstəkləyir. İrandakı mümkün xaos nə Türkiyəyə, nə Azərbaycana, nə də Yaxın Şərqə sərf edir. Cənubi Azərbaycanın müstəqil olması üçün ciddi proseslərə ehtiyac var. Lakin təkrar edirəm: bundan sonra İrandakı rejim daha reformist olacaq. Beləliklə, Cənubi Azərbaycan üçün əlverişli şərait yaranacaq. Bununla da İranın həm Azərbayanla, həm də Türkiyə ilə əlaqələri inkişaf edəcək.
- Dünyada xaosun hökm sürdüyü bir zamanda nüvə müharibəsi başlaya bilər?
- Müəyyən iddialara görə İranda nüvə başlıqları var. Bu iddialar doğrudursa belə, İran nüvə silahının tətbiqinə getməz. İndi daha çox İsrailin bu addımı atması ağlabatandır. Hərçənd İsrail nüvə silahından istifadə etsə, Pakistandan adekvat cavab verəcək. Bu baxımdan nüvə silahının tətbiqi ən azı yaxın gələcək üçün aktual olduğunu düşünmürəm. Nəzərə almaq lazımdır ki, bu, bütün dünyaya təsir edəcək. Hətta Şimali Koreya da proseslərə qoşula bilər.
- Son olaraq Yaxın Şərqdəki müharibənin mümkün nəticələri barədə nə düşünürsünüz?
- Savaş hələ bir müddət davam edəcək. Amma tədricən əvvəlki aktivliyini itiri bilər. Trampın geri addım atması mümkündür. Onu da deyim ki, İsrail baş naziri Benyamin Netanyahunun taleyi bu müharibələrdən asılıdır. O, yaxşı bilir ki, sabitlik təmin olunsa, Qəzzada törədilənlərə görə ittiha olunacaq. Ona görə də davamlı olaraq xaos yaratmağa çalışır.
13:32 09.03.2026
Oxunuş sayı: 125