Sistani ilə bağlı ŞOK İDDİALAR
Yaxın Şərqdə şiələr üzərində böyük nüfuza malik dini lider Ayətullah Əli Sistani haqqında diqqət çəkən iddialar yayılıb.
Crossmedia.az xəbər verir ki, SEPAH-a yaxın mediada Sistaninin ABŞ və İsrailə qarşı cihad elan etdiyi barədə məlumat dərc olunub. Lakin Sistaninin ofisi bu xəbərlərlə bağlı rəsmi açıqlama verməyib və yayımlanan sənəddə açıq şəkildə belə bir fətvanın elan edildiyi qeyd olunmur.
Qeyd edək ki, Nəcəf şəhərində yaşayan Ayətullah Sistani şiə dünyasının ən nüfuzlu dini liderlərindən biri hesab olunur. O, Nəcəf şiə məktəbinin lideri və mərcəyi-təqlid kimi tanınır. Nəcəf isə şiəliyin əsas tarixi mərkəzlərindən biridir.
Tarixən Nəcəf və Qum dini məktəbləri arasında rəqabət mövcud olub. Nəcəf məktəbi ümumilikdə İranda tətbiq edilən “Vilayəti-Fəqih” siyasi-dini sistemini qəbul etmir və din xadimlərinin siyasətə birbaşa müdaxiləsinə ehtiyatlı yanaşır.
Sistani uzun illər ərzində İraqda baş verən mühüm siyasi proseslərdə təsirli rol oynayıb. 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra yeni konstitusiyanın hazırlanmasına təsir göstərib və şiə icmasını seçkilərdə iştirak etməyə çağırıb.
2014-cü ildə isə onun fətvası İŞİD-ə qarşı şiə qüvvələrinin səfərbər olunmasına və “Haşdi-Şabi” qüvvələrinin formalaşmasına mühüm təsir göstərmişdi.
Eyni zamanda Sistani İraq milliyyətçiliyini dəstəklədiyini və İranın İraqdakı təsirini tənqid etdiyini dəfələrlə bildirib. Onun mövqeyi regionda şiə icmaları üçün həlledici əhəmiyyət daşıyır.
09:45 09.03.2026
Oxunuş sayı: 55