Müharibənin kölgəsində Naxçıvan: İranın qəribə hücumu və regionu silkələyən suallar
Yaxın Şərq və Cənubi Qafqazın siyasi səması son günlər qəribə və paradoksal hadisələrin şahidinə çevrilib. ABŞ və İsrailin ağır bombardmanları altında qalan, hərbi və siyasi sistemində ciddi sarsıntılar yaşayan İran gözlənilməz bir addım ataraq Azərbaycanın Naxçıvanı dronlarla hədəfə aldı. Bu hadisə ilk baxışda taktiki hərbi epizod kimi görünə bilər. Lakin hadisənin zamanlaması, seçilmiş hədəf və regiondakı böyük geosiyasi proseslərin fonu onu sadə hərbi hadisədən çox daha geniş mənalı siyasi mesaj kimi təqdim edir.
Əslində
burada əsas sual təkcə budur: İran niyə Naxçıvanı vurdu? Daha dərin sual isə
bundan ibarətdir: İran bu addımı atmaqla regionu hansı ssenariyə sürükləmək istəyir?
Çünki
hadisənin baş verdiyi məqam təsadüfi deyil. İranın hərbi infrastrukturu İsrail
və ABŞ zərbələri ilə ciddi zədələnmiş, siyasi rəhbərlik daxilində parçalanma əlamətləri
güclənmiş, iqtisadi sistem isə faktiki iflic vəziyyətinə düşmüşdü. Belə bir şəraitdə
hər hansı dövlət üçün məntiqi davranış strategiyası münaqişənin genişlənməsinin
qarşısını almaq olardı. Lakin Tehran tam əks istiqamətdə addım atdı.
Bu
paradoksun arxasında bir neçə mümkün motiv dayanır.
Birincisi,
İran daxilində hakimiyyətin faktiki daha dərin parçalanması ehtimalıdır. Son
illər İran siyasi sistemində mərkəzləşdirilmiş idarəetmənin olmadığı haqqında məlumatlar
getdikcə artır. Xüsusilə SEPAH daxilində müxtəlif fraksiyaların mövcudluğu və
bu qrupların bəzən bir-birindən asılı olmadan hərəkət etməsi artıq beynəlxalq
analitik mərkəzlərdə də geniş müzakirə olunur. Bu baxımdan, Naxçıvana edilən
hücumun birbaşa dövlət strategiyası yox, müəyyən radikal hərbi qruplaşmanın təşəbbüsü
olması ehtimalı da istisna edilmir.
İranın
siyasi sistemində tarixən belə hallara rast gəlinib. İnqilab Keşikçiləri
Korpusu uzun illər ərzində yalnız hərbi struktur deyil, həm də paralel siyasi
güc mərkəzi kimi fəaliyyət göstərib. Bu strukturun bəzi fraksiyalarının
regionda gərginliyi artırmaqda maraqlı olduğu məlumdur. Belə vəziyyətdə
Naxçıvana edilən hücum İran daxilindəki güc mübarizəsinin xarici siyasət müstəvisində
təzahürü kimi də qiymətləndirilə bilər.
Lakin
hadisənin başqa, daha təhlükəli izahı da mövcuddur.
Bu
hücum regionda böyük müharibənin qığılcımını yaratmaq üçün düşünülmüş siyasi təxribat
ola bilər.
Naxçıvanın
seçilməsi bu baxımdan xüsusi diqqət çəkir. Çünki Naxçıvan təkcə Azərbaycanın
bir bölgəsi deyil. Bu region Türkiyə ilə birbaşa sərhədi olan strateji məkan və
eyni zamanda Şuşa Bəyannaməsinin təhlükəsizlik mexanizmlərinin potensial tətbiq
sahəsidir. Naxçıvana hücum avtomatik olaraq Türkiyənin də təhlükəsizlik gündəminə
daxil olur. Başqa sözlə, bu zərbə yalnız Azərbaycana deyil, dolayısı ilə
Ankara-Bakı strateji ittifaqına yönəlmiş mesaj kimi də oxuna bilər.
Bu
məqamda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dərhal Azərbaycan Prezidenti
İlham Əliyevlə telefon danışığı aparması və Ankaranın Azərbaycanın yanında
olduğunu açıq şəkildə bəyan etməsi hadisənin regional təhlükəsizlik sisteminə
necə təsir etdiyini göstərdi. Bu fakt, Şuşa Bəyannaməsinin real geosiyasi
mexanizmə çevrildiyini də nümayiş etdirdi.
Burada
daha bir mühüm sual ortaya çıxır.
İran
bu addımı atmaqla Türkiyə ilə qarşıdurma riskini niyə artırmaq istəyir?
Çünki
Ankara regionun ən güclü hərbi aktorlarından biridir və NATO üzvüdür. Türkiyənin
mümkün hərbi müdaxiləsi İran üçün strateji baxımdan son dərəcə ağır nəticələr
doğura bilər. Bu səbəbdən, bəzi analitiklər İranın belə bir ssenarini bilərəkdən
seçəcəyinə inanmırlar.
Məhz
bu nöqtədə hadisənin daha mürəkkəb geosiyasi fonu üzə çıxır.
ABŞ
və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar əsasən hava və
raket zərbələri ilə məhdudlaşır. Lakin hərbi tarix göstərir ki, yalnız hava zərbələri
ilə böyük dövlətin hərbi-siyasi sistemini tam məğlub etmək çox çətindir. Qəti nəticə
üçün quru əməliyyatları tələb olunur. ABŞ isə, uzun illərdir Yaxın Şərqdə quru
müharibələrindən uzaq durmağa çalışır. Belə bir şəraitdə İranın region dövlətləri
ilə münaqişəyə cəlb edilməsi bəzi böyük güclərin maraqlarına uyğun ssenari kimi
görünə bilər.
Əgər
Türkiyə və Azərbaycan İranla genişmiqyaslı hərbi qarşıdurmaya girsə, bu müharibə
faktiki olaraq İranın quru cəbhəsinin açılması demək olacaq. Bu isə, ABŞ və
İsrail üçün strateji üstünlük yarada bilər. Bu səbəbdən, bəzi geosiyasi
analitiklər belə bir ehtimal irəli sürürlər: İran daxilində müəyyən qruplar bilərəkdən
regionu böyük müharibəyə sürükləyən addımlar ata bilər. Bu isə, artıq yalnız
regional yox, qlobal miqyaslı geosiyasi oyunun elementinə çevrilir.
Azərbaycan
Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında verdiyi açıqlamalar
bu kontekstdə xüsusi diqqət çəkir. Dövlət başçısı Azərbaycanın İran əleyhinə
heç bir hərbi əməliyyatda iştirak etmədiyini və ərazisinin üçüncü dövlətlər tərəfindən
istifadə edilməsinə heç vaxt imkan vermədiyini açıq şəkildə bəyan etdi. Bu bəyanat
Azərbaycanın regional münaqişənin genişlənməsində maraqlı olmadığını göstərən
mühüm siyasi mesaj idi.
Lakin
Naxçıvana hücum eyni zamanda başqa bir həqiqəti də ortaya qoydu: regionda artıq
yalnız hərbi balans yox, həm də böyük geosiyasi layihələrin taleyi uğrunda
mübarizə gedir.
Naxçıvan
sadəcə coğrafi məkan deyil. Bu region Zəngəzur dəhlizi layihəsinin strateji
qovşağıdır. Bu dəhliz reallaşarsa, Türkiyə ilə Azərbaycan arasında birbaşa quru
bağlantısı yaranacaq və Türk dünyasının geoiqtisadi inteqrasiyası sürətlənəcək.
İran isə, bu prosesi uzun müddətdir öz milli təhlükəsizliyi üçün risk hesab
edir. Bu səbəbdən, Naxçıvanın hədəfə alınması bəzi analitiklər tərəfindən Zəngəzur
dəhlizi layihəsinə yönəlmiş siyasi mesaj kimi də şərh olunur.
Beləliklə,
Naxçıvana edilən dron hücumu sadə hərbi epizod deyil. Bu hadisə regionun gələcək
geosiyasi xəritəsini müəyyən edə biləcək böyük proseslərin bir parçasıdır. Ən təhlükəli
məqam isə budur ki, bu hadisə Yaxın Şərq və Cənubi Qafqaz arasında yeni münaqişə
xəttinin yaranmasına səbəb ola bilər. Tarix göstərir ki, bəzən böyük müharibələr
kiçik hadisələrlə başlayır. Naxçıvan üzərində partlayan dronların səsi də belə
bir tarixi dönüşün xəbərçisi ola bilər.
Tehran
daxilində görünməyən savaş: SEPAH, daxili qruplar və böyük təxribat ehtimalı
Naxçıvana
dron hücumunun arxasında duran səbəbləri anlamaq üçün yalnız regionun geosiyasi
mənzərəsinə baxmaq kifayət deyil. Bu hadisəni başa düşmək üçün İranın daxili
siyasi mexanizminə baxmaq lazımdır. Çünki son illər İran artıq klassik mərkəzləşdirilmiş
dövlət kimi deyil, müxtəlif güc mərkəzlərinin rəqabət apardığı mürəkkəb siyasi
sistem kimi fəaliyyət göstərir.
Formal
olaraq İranın ali siyasi rəhbəri dini lider institutudur. Lakin real hakimiyyət
bir neçə paralel struktur arasında bölüşdürülür: dini rəhbərlik, hökumət,
parlament, təhlükəsizlik aparatları və ən əsası SEPAH – İnqilab Keşikçiləri
Korpusu.
SEPAH
artıq sadəcə hərbi qurum deyil. Bu struktur İranın iqtisadiyyatının böyük hissəsinə,
strateji sənaye sektorlarına, neft ticarətinə və regiondakı bütün hərbi əməliyyatlara
nəzarət edən siyasi imperiyaya çevrilib. Onun daxilində isə müxtəlif ideoloji və
siyasi qruplaşmalar mövcuddur. Məhz bu səbəbdən, bir çox analitiklər son hadisələri
İran daxilindəki hakimiyyət mübarizəsinin nəticəsi kimi də qiymətləndirirlər.
Bu
mübarizənin iki əsas xətti var.
Birinci
xətt ideoloji radikallar və praqmatik dövlətçilər arasında gedir. Radikal qanad
İranın regionda hərbi qarşıdurmaları genişləndirməklə öz ideoloji mövqelərini
gücləndirməyə çalışır. Onlar üçün İranın təhlükəsizliyi yalnız ekspansiya və
münaqişə yolu ilə təmin edilə bilər.
Praqmatik
qanad isə, İranın iqtisadi və siyasi sabitliyinin qorunmasını əsas prioritet
hesab edir. Bu qrup regionda geniş müharibənin İran dövlətinin mövcudluğunu təhlükə
altına sala biləcəyini anlayır.
İkinci
xətt isə daha mürəkkəb və təhlükəli mübarizədir. Bu, İran daxilində xarici təsirlərlə
bağlı şübhələrin olduğu qruplaşmalar arasında gedən gizli qarşıdurmadır.
İran
siyasi elitasında uzun illərdir belə bir inam mövcuddur ki, Qərb kəşfiyyat xidmətləri
– xüsusilə ABŞ və İsrail – İranın təhlükəsizlik strukturlarına sızmağa çalışır.
Son illərdə İranın nüvə proqramına qarşı həyata keçirilən sabotaj əməliyyatları,
yüksək səviyyəli siyasi, hərbi və elmi şəxslərin müəmmalı şəkildə öldürülməsi
bu şübhələri daha da gücləndirib.
İran
daxilində bəzən belə bir paradoksal vəziyyət yaranır: müxtəlif güc mərkəzləri
bir-birini xarici kəşfiyyatlara işləməkdə ittiham edir. Belə bir mühitdə hərbi
qərarların koordinasiyası da zəifləyə bilər. Bu isə, bəzi regional hərbi əməliyyatların
mərkəzi siyasi rəhbərliyin tam nəzarəti olmadan həyata keçirilməsi ehtimalını
artırır.
Naxçıvana
edilən dron hücumu da bu kontekstdə qiymətləndirilir. Çünki belə bir hücum İran
üçün strateji baxımdan son dərəcə riskli addımdır. Azərbaycan və Türkiyə ilə
eyni vaxtda qarşıdurmaya girmək İran üçün hərbi baxımdan demək olar ki, intihar
deməkdir.
Türkiyə
regionun ən güclü ordularından birinə malikdir. Azərbaycan isə son illərdə hərbi
modernizasiya sahəsində böyük irəliləyiş əldə edib və Türkiyə ilə faktiki hərbi
ittifaq qurub. Bu səbəbdən, İranın belə bir addımı şüurlu strateji qərar kimi
görünmür. Məhz burada başqa ehtimal ortaya çıxır. Bəzi analitiklər hesab edir
ki, regionda gərginliyin artması İran daxilindəki radikal qrupların maraqlarına
uyğun ola bilər. Çünki müharibə şəraiti hakimiyyət daxilində mövqelərin yenidən
bölüşdürülməsinə səbəb ola bilər. Tarixdə belə nümunələr çoxdur. Böhran və
müharibə şəraiti bəzən daxili siyasi rəqibləri zəiflətmək üçün istifadə olunur.
Lakin
hadisənin daha mürəkkəb versiyası da mövcuddur. Əgər İran daxilində bəzi
qruplar xarici kəşfiyyatların təsiri altına düşübsə, regionda böyük müharibəyə
səbəb ola biləcək təxribatların həyata keçirilməsi də mümkündür. Bu ssenaridə məqsəd
İranı regional müharibəyə sürükləmək və nəticədə dövlətin daxili sistemini
çökdürmək ola bilər. Bu ehtimal bir çoxlarına konspirativ görünə bilər. Lakin
Yaxın Şərq siyasətində belə əməliyyatların tarixən mövcud olduğu da faktdır.
İranın
öz tarixində də buna bənzər hadisələr baş verib. 1980-ci illərdə İran-İraq
müharibəsi zamanı müxtəlif fraksiyalar arasında rəqabət dövlətin hərbi
strategiyasına ciddi təsir göstərmişdi. Bu gün isə, vəziyyət daha mürəkkəbdir. Çünki
İran eyni anda bir neçə cəbhədə təzyiq altındadır: ABŞ və İsrailin hərbi əməliyyatları,
iqtisadi sanksiyalar, daxili sosial narazılıq və regional geosiyasi təcrid. Belə
bir şəraitdə hər hansı radikal addım dövlətin sabitliyini daha da sarsıda bilər.
Bununla
belə, Naxçıvana hücumun seçilmiş hədəfi də təsadüfi deyil. Naxçıvan yalnız Azərbaycanın
bir bölgəsi deyil. Bu ərazi Türkiyə ilə birbaşa sərhədə malik strateji
regiondur. Həm də gələcəkdə Türk dünyasını birləşdirə biləcək Zəngəzur dəhlizinin
əsas qovşaqlarından biridir. Bu səbəbdən, Naxçıvana zərbə vurmaq yalnız hərbi
deyil, həm də siyasi və psixoloji mesaj kimi qiymətləndirilir. Bu mesaj həm
Bakıya, həm Ankaraya, həm də regionda formalaşan yeni geosiyasi layihələrə yönəlmiş
ola bilər.
Lakin
hadisənin ən mühüm tərəfi başqa bir reallığı göstərdi. Azərbaycan və Türkiyə
arasında təhlükəsizlik ittifaqı artıq formal sənəd deyil. Bu ittifaq real
geosiyasi faktora çevrilib. Naxçıvana hücumdan dərhal sonra Türkiyənin
reaksiyası və beynəlxalq dəstəyin sürətlə formalaşması regionda yeni təhlükəsizlik
arxitekturasının yarandığını göstərdi. Bu isə, İran üçün strateji dilemma
yaradır. Tehran bir tərəfdən regiondakı təsirini qorumaq istəyir, digər tərəfdən
isə, Türkiyə və Azərbaycanla açıq müharibədən çəkinməyə məcburdur. Bu
dilemmanın necə həll olunacağı isə, Yaxın Şərq və Cənubi Qafqazın gələcək
siyasi xəritəsini müəyyən edə bilər.
Müharibə
başlasa nə olar? Türkiyə–Azərbaycan faktoru və Güney Azərbaycanın taleyi
Bu
müharibənin mərkəzində 40 milyondan çox türk əhalisinin yaşadığı Güney Azərbaycan
faktoru dayanır. İranın demoqrafik strukturu çoxmillətli olsa da, ölkənin ən
böyük etnik qrupu azərbaycanlılardır. Təbriz, Urmiya, Ərdəbil, Zəncan və digər
bölgələrdə yaşayan milyonlarla azərbaycanlı tarixən mərkəzi hakimiyyətlə mürəkkəb
münasibətlərə malik olub. Son onilliklərdə dil hüquqları, mədəni kimlik və
iqtisadi bərabərsizlik məsələləri bu regionlarda ciddi narazılıqlar yaradıb. Bu
səbəbdən, hər hansı böyük regional münaqişə zamanı Güney Azərbaycanın
reaksiyası İran üçün strateji problemə çevrilə bilər.
Tarixdə
belə hadisələr çox olub. Dövlətlər xarici müharibəyə girərkən daxili etnik və
siyasi problemlər bəzən daha da kəskinləşir. Əgər Türkiyə və Azərbaycan
orduları İran ərazisinə daxil olarsa, Tehran üçün ən böyük təhlükə məhz cəbhə xəttində
deyil, ölkənin içində yarana bilər. Çünki belə bir vəziyyətdə Güney Azərbaycanda
müxtəlif siyasi və milli hərəkatların aktivləşməsi ehtimalı artar. Bu ehtimalı
İran hakimiyyəti də yaxşı anlayır.
Məhz
buna görə, Tehran uzun illərdir Azərbaycan və Türkiyə ilə münasibətlərində
xüsusi həssaslıq nümayiş etdirməyə çalışırdı. Lakin son hadisələr göstərir ki,
region artıq əvvəlki sabitlik dövründə deyil. Yaxın Şərqdə gedən böyük müharibə,
İranın daxili siyasi böhranı və qlobal güclərin geosiyasi rəqabəti regionu yeni
mərhələyə aparır. Bu mərhələdə ən təhlükəli ssenari münaqişənin çoxsaylı
aktorların iştirak etdiyi böyük regional müharibəyə çevrilməsidir. Belə bir
müharibəyə başqa qüvvələr də cəlb oluna bilər.
Pakistan
artıq Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq formatına malikdir.
Pakistanın baş naziri tərəfindən Bakıya verilən dəstək mesajı bu əlaqələrin nə
qədər ciddi olduğunu bir daha göstərdi. Pakistan dünyanın ən böyük ordularından
birinə və nüvə silahına malik dövlətdir. Onun regiondakı münaqişələrdə siyasi və
ya hərbi rol oynaması qlobal güclər balansını dəyişə bilər.
Digər
tərəfdən, İran daxilində kürd faktorunun da aktivləşməsi ehtimalı mövcuddur.
ABŞ
uzun illərdir Yaxın Şərqdə kürd qrupları ilə əməkdaşlıq edir. Suriyada və
İraqda formalaşmış kürd hərbi strukturları artıq region siyasətinin mühüm
aktorlarına çevrilib. Belə bir vəziyyətdə İran daxilində də müxtəlif etnik və
siyasi hərəkatların aktivləşməsi mümkündür. Bu isə, İran üçün çoxcəbhəli böhran
deməkdir.
Lakin
bu ssenarinin reallaşması yalnız İran üçün deyil, Azərbaycan və Türkiyə üçün də
ciddi risklər yaradar. Böyük regional müharibə iqtisadi əlaqələri, enerji
marşrutlarını və beynəlxalq ticarəti ciddi şəkildə zədələyə bilər.
Xüsusilə
enerji və logistika layihələri ilə bağlı strateji mövqedə olan Azərbaycan üçün
belə bir müharibə həm də iqtisadi təhlükəsizlik məsələsinə çevrilə bilər. Məhz
buna görə, Bakı və Ankara indiyədək son dərəcə ehtiyatlı siyasi xətt yürütməyə
çalışıblar.
Prezident
İlham Əliyevin açıqlamaları da bunu göstərir. Azərbaycan İran əleyhinə hərbi əməliyyatlarda
iştirak etmədiyini və ərazisinin üçüncü dövlətlər tərəfindən istifadə edilməsinə
icazə verməyəcəyini açıq şəkildə bəyan edib. Bu mövqe regionda münaqişənin genişlənməsinin
qarşısını almağa yönəlmiş siyasətin göstəricisidir.
Lakin
Naxçıvana hücum yeni reallıq yaratdı. Artıq regionun siyasi gündəmində belə bir
sual açıq şəkildə səslənir: İran regionu böyük müharibəyə sürükləmək istəyirmi?
Bu
sualın cavabı hələ tam aydın deyil. Lakin bir həqiqət artıq aydın görünür. Cənubi
Qafqaz və Yaxın Şərq tarixinin ən həssas geosiyasi mərhələlərindən birinə daxil
olur.
Yeni
geosiyasi xəritə: İranın taleyi və regionun gələcək ssenariləri
Son
illər dünya siyasətində baş verən dəyişikliklər göstərir ki, beynəlxalq sistem
sürətlə yeni güc balansına doğru hərəkət edir. ABŞ, Çin, Rusiya və regional
güclər arasında rəqabət artıq yalnız iqtisadi və diplomatik sahədə deyil, həm də
nəqliyyat dəhlizləri, enerji marşrutları və hərbi təsir zonaları üzərində
gedir. Cənubi Qafqaz isə bu böyük geosiyasi oyunun mərkəzi meydanlarından birinə
çevrilib. Bu regionda artıq üç böyük strateji layihə toqquşur.
Birincisi,
Qərbin dəstəklədiyi enerji və logistika marşrutlarıdır. Bu layihələrin əsas məqsədi
Avropanı Rusiya və İran tranzitindən mümkün qədər az asılı vəziyyətə salmaqdır.
İkincisi,
Türkiyənin və Türk dünyasının təşəbbüsü ilə formalaşan yeni nəqliyyat və ticarət
xəritəsidir. Bu xəritənin mərkəzində isə Orta Dəhliz və Zəngəzur marşrutu
dayanır.
Üçüncüsü
isə, İran və Rusiyanın regionda mövcud təsir balansını qorumaq cəhdləridir.
Məhz
bu üç strateji xəttin kəsişmə nöqtəsi Cənubi Qafqazdır.
Bu
kontekstdə Naxçıvanın əhəmiyyəti daha da aydın görünür. Naxçıvan potensial
olaraq Asiya ilə Avropa arasında yeni logistika qovşağına çevrilə bilər. Zəngəzur
dəhlizi layihəsi reallaşarsa, Türkiyə ilə Azərbaycan arasında birbaşa quru
bağlantısı yaranacaq. Bu isə, Türk dünyasının geosiyasi inteqrasiyasını sürətləndirəcək
və regionun iqtisadi xəritəsini dəyişəcək. İran isə, bu prosesi uzun müddətdir
strateji təhlükə kimi qiymətləndirir.
Tehranın
əsas narahatlığı yalnız iqtisadi deyil. Bu layihə həm də ideoloji və siyasi təsir
balansını dəyişə bilər. Çünki Türkiyə və Azərbaycan arasında güclənən strateji əlaqələr
regionda yeni siyasi blokun formalaşmasına gətirib çıxara bilər. Bu səbəbdən,
İranın Naxçıvana hücumu həm də bu geosiyasi proseslərə yönəlmiş mesajdır.
Lakin
hadisələrin inkişafı göstərir ki, Tehran bu məsələdə ciddi strateji dilemma ilə
üz-üzədir.
Bir
tərəfdən İran regiondakı təsirini qorumaq istəyir. Digər tərəfdən isə, ölkə
daxili siyasi və iqtisadi böhranla üzləşib. Son illərdə İran iqtisadiyyatı
sanksiyalar, valyuta böhranı və sosial narazılıq səbəbindən ciddi sarsıntı
keçirir. Gənc nəsil arasında narazılıq artır, sosial etirazlar vaxtaşırı yenidən
alovlanır. Bu şəraitdə böyük regional müharibə İran üçün son dərəcə riskli
addım ola bilər.
Tarix
göstərir ki, daxili sabitliyi zəif olan dövlətlər üçün xarici müharibə bəzən
gözlənilməz nəticələr doğurur. Belə vəziyyətdə ən çox müzakirə olunan ssenarilərdən
biri İranın siyasi sistemində köklü dəyişikliklərin baş verməsi ehtimalıdır.
ABŞ
və İsrailin hazırkı strategiyası İranın hərbi infrastrukturu və raket
imkanlarını zəiflətməkdir. Bu strategiyanın məqsədi birbaşa rejim dəyişikliyi
deyil, İranın regional təsir imkanlarını minimuma endirmək ola bilər. Lakin belə
bir proses uzunmüddətli perspektivdə İran daxilində siyasi transformasiyalara gətirib
çıxara bilər. Əgər Tehran daxili böhranları idarə edə bilməsə, ölkədə müxtəlif
regional və etnik hərəkatların güclənməsi ehtimalı da artar. Bu isə, İranın gələcək
siyasi strukturunun necə olacağı ilə bağlı yeni suallar yaradır.
İranın
gələcəkdə federativ və ya daha çox regional muxtariyyətlərə əsaslanan modelə
keçə biləcəyini ehtimal edirlər. Digərləri isə, ölkənin parçalanma riskinin də
istisna edilmədiyini qeyd edirlər. Lakin belə ssenarilər yalnız İran üçün
deyil, bütün region üçün ciddi nəticələr doğura bilər. Yaxın Şərq və Cənubi
Qafqaz artıq kifayət qədər mürəkkəb və həssas təhlükəsizlik sisteminə malikdir.
Bu sistemdə baş verən hər hansı kəskin dəyişiklik domino effekti yarada bilər. Məhz
buna görə region dövlətləri üçün ən mühüm məsələ sabitliyin qorunmasıdır.
Azərbaycanın
son illərdə yürüdüyü siyasət də məhz bu məqsədə xidmət edir. Bakı bir tərəfdən
regional layihələrin mərkəzində yer alır, digər tərəfdən isə, münaqişələrin
genişlənməsinin qarşısını almağa çalışır. Prezident İlham Əliyevin çıxışlarında
dəfələrlə vurğulanan əsas prinsip də budur: Azərbaycan öz təhlükəsizliyini
qorumağa hazırdır, lakin regionda sabitliyin pozulmasında maraqlı deyil.
Naxçıvana
edilən hücum isə göstərdi ki, regionun təhlükəsizlik mühiti artıq köhnə
qaydalarla idarə olunmur. Yeni geosiyasi reallıq formalaşır. Bu reallıqda Türk
dünyasının siyasi və təhlükəsizlik əməkdaşlığı güclənir, Cənubi Qafqaz qlobal
logistika xəritəsinin mühüm hissəsinə çevrilir və region dövlətləri getdikcə
daha çox strateji məsuliyyət daşıyır. Bu prosesin nəticəsi nə olacaq – bunu
zaman göstərəcək.
Lakin
bir həqiqət artıq aydın görünür. Naxçıvan üzərində partlayan dronlar yalnız bir
bölgəni deyil, bütün regionun gələcək siyasi taleyini sarsıdan hadisəyə çevrilə
bilər.
17:06 07.03.2026
Oxunuş sayı: 162