Yaxın Şərqdə başlayan müharibədə mühüm Naxçıvan faktoru: Tramp bunu istisna etmir...
İran və İsrail arasındakı münaqişə hələ də davam edir və tərəflər arasındakı qarşıdurma regionda gərginliyi artıraraq beynəlxalq siyasətə təsir göstərir. Raket atışları və hərbi əməliyyatlar bölgədəki ölkələri narahat edir, qlobal liderlər vəziyyəti yaxından izləyir və strategiyalarını buna uyğun tənzimləyir. Ekspertlər isə bildirir ki, münaqişənin davamı regional sabitliyi və qlobal təhlükəsizliyi ciddi şəkildə təhdid edə bilər.
Bunun ən bariz nümunələrindən biri İran dronlarının Naxçıvan ərazisinə düşməsidir. Bunun qəsdli, ya təsadüf olması hələ konkretləşməsə də, görünən odur ki, təhdid var. Proseslərin hansı mərhələyə doğru gərginləşəcəyi isə sual doğurur.

Mövcud vəziyyət və gələcək perspektiv barədə gürcüstanlı siyasi şərhçi, professor Gia Nodia Crossmedia.az müsahibə verib.
- ABŞ və İsrailin İrana nəzarət etmək məqsədi varmı və bu hərbi əməliyyatın əsas məqsədi nədir?
- Düşünmürəm ki, ABŞ və İsrailin İrana nəzarət etmək kimi bir məqsədi olsun. Bu müharibənin məqsədləri ABŞ-nin Əfqanıstan və İrana müdaxilə məqsədlərinə heç də bənzəmir. ABŞ bu hərbi əməliyyatlardan dərs aldı və mən çətinliklə təsəvvür edə bilirəm ki, Amerikada, üstəlik İsraildə, İran üzərində hakimiyyət qurmaq kimi bir ambisiya ola bilər. Əlbəttə, müharibə zamanı məqsədlər dəyişə bilər. Ola bilər ki, ABŞ Prezidenti Donald Tramp da bunu istisna etmir və deyir ki, hava hücumlarından əlavə, bəlkə də, İrana canlı qüvvə ilə müdaxilə də olacaq. Amma ABŞ-nin İranı idarə etmək və ona nəzarət etmək məsuliyyətini üzərinə götürməsi çox çətindir və belə bir ambisiyanın ortaya çıxması inanılmazdır. Məncə, bu hərbi əməliyyatın minimum məqsədi İrana radikal zərbə vurmaqdır ki, ölkə regionda müxtəlif radikal və terror qruplarını dəstəkləyən bir güc mərkəzi olmaktan çıxsın. Bu məqsədə bu ölkələr çata bilər, amma bu problemi tam həll etməyəcək.
- Bəs maksimum hədəf nə ola bilər?
- Maksimum proqram isə İranda rejimin dəyişdirilməsidir. Əgər mövcud rejim bu hücum nəticəsində ciddi şəkildə zəifləsə, konkret bir ssenarini görmürəm. Tejimin necə dəyişəcəyini heç kim bilmir. Məncə, bu mövzuda proqnozlar çox ehtiyatla verilə bilər. Ən azı alternativ olarsa, yeni rejim o qədər də fanatik islami və Qərbə qarşı aqressiv olmayacaq. Bu, ümidvericidir.
- Digər ölkələr bu münaqişəyə necə reaksiyə verirlər. Rejimin dəyişməsi nə dərəcədə mümkündür?
- Əlbəttə, nə olacağını heç kim əslində bilmir. Digər oyunçulara gəldikdə, məncə, Rusiya və Çin müşahidəçi mövqedədir. Bu, müharibənin ilk günlərindən görünür. Dürüst desəm, mən gözləmirəm ki, bu ölkələr prinsipal olaraq nəyisə dəyişdirə bilərlər. Məncə, onların həm imkanları, həm də maraqları münaqişəyə birbaşa müdaxilə etmək deyil. Bəzi siyasi bəyanatlar veriləcək, amma böyük əhəmiyyət daşımır. Fars körfəzi ərəb ölkələrinə gəldikdə, onlar da İrandan hərbi cavabın hədəfidir. Bu mənada onlar artıq münaqişəyə cəlb olunub, amma açıq şəkildə münaqişəyə girmək istəyi yoxdur. Onların hərbi resursları ABŞ və İsraildən çox geri qalır. Məncə, onlar gözləyir ki, ABŞ və İsrailin hücumları onların istiqamətinə raket atılmasını qeyri-mümkün edəcək. Rejimin rəhbərliyinə zərbələr, Xameneinin aradan götürülməsi vacib olsa da, ABŞ və İsrail üçün ən böyük problem rejimin kifayət qədər güclü olmasıdır. Yəni yalnız yüksək rəhbərliyi aradan götürmək rejimin çökməsi üçün kifayət etmir. Bu, əsas problem olaraq qalır. Dediyim kimi, problem yalnız rejimin pis olması və dəyişdirilməsinin zəruri olması deyil, eyni zamanda rejimin necə reaksiya verəcəyini proqnozlaşdırmaq çox çətindir.
Fatimə Məmmədli
14:31 05.03.2026
Oxunuş sayı: 874