Ceyhun Bayramov Rusiyaya mesajlar verib: Münasibətlərimiz dalana dirənib?
Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın cari vəziyyətinin yenidən müzakirə olunması regionda dəyişən geosiyasi reallıqlar fonunda xüsusi diqqət çəkir. Cənubi Qafqazda post-münaqişə dövrünün formalaşması, təhlükəsizlik arxitekturasının yenilənməsi və tərəflər arasında baş vermiş insidentlər fonunda Bakı–Moskva münasibətlərinin hərbi komponenti əvvəlki illərlə müqayisədə daha həssas mərhələyə daxil olub.
Bu gün iki ölkə arasında münasibətlər nə açıq qarşıdurma, nə də əvvəlki intensiv strateji tərəfdaşlıq səviyyəsindədir. Mövcud mərhələ daha çox təmasların qorunduğu, lakin qarşılıqlı etimadın müəyyən sınaqlardan keçdiyi bir keçid dövrü kimi xarakterizə oluna bilər.
Belə bir şəraitdə əsas sual ondan ibarətdir ki, Azərbaycan–Rusiya hərbi əməkdaşlığı hazırda hansı mərhələdədir və gələcəkdə hansı istiqamətlər üzrə inkişaf etdirilə bilər? Bu, həm regional təhlükəsizlik balansı, həm də iki ölkənin strateji maraqları baxımından ciddi təhlil tələb edən məsələdir.

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlama verib: "Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti hazırda müzakirə mövzusu olaraq qalır. Bildiyim qədərilə bu sahədə seminar keçirilir və seminarda bir sıra məsələlər, o cümlədən iki ölkə arasındakı hərbi əməkdaşlığın mövcud mərhələsi müzakirə olunur. Məlumdur ki, Azərbaycanla Rusiya arasında bir müddətdir münasibətlərdə müəyyən gərginlik müşahidə olunur. Bu vəziyyət daha çox Rusiyanın Azərbaycan mülki təyyarəsini vurması ilə bağlı hadisədən sonra yaranıb və Azərbaycan tərəfi hələ də bu məsələdə Rusiyadan konkret cavab gözləyir. Elə bu günlərdə Xocalı soyqırımının ildönümü münasibətilə keçirilən anım tədbirində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir daha Rusiyanın diqqətinə çatdırdı ki, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan lideri İlham Əliyev arasında 2025-ci ilin oktyabrında Düşənbədə keçirilən görüşdə səsləndirilən fikirlər yerinə yetirilməlidir. Bu çərçivədə Azərbaycan tərəfi həm kompensasiyanın ödənilməsini, həm də mülki təyyarənin vurulmasına görə məsul şəxslərin cəzalandırılmasını gözlədiyini bildirir. Rusiya isə bu məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirir və hələlik verdiyi sözlərin icrası ilə bağlı konkret addımlar görünmür. Ümumilikdə hərbi sahədə əməkdaşlıq hazırda əsasən təmaslar səviyyəsində davam edir. Birgə təlimlər və genişmiqyaslı ortaq fəaliyyətlər müşahidə olunmur".
Ekspert əlavə edib ki, bununla belə, münasibətlərin gələcək inkişafı böyük ölçüdə Rusiyanın mövqeyindən asılı olacaq: "Əgər Rusiya Azərbaycanın ünvanına münasibətində müsbət dəyişiklik edərsə, Azərbaycan da bu istiqamətdə adekvat addımlar ata bilər. Son olaraq qeyd etmək olar ki, Rusiyanın patronajlığı ilə MDB sərhəd qoşunları rəhbərliyinin keçirdiyi tədbirdə Azərbaycanın iştirak etməməsi də münasibətlərə yanaşmanın göstəricisi kimi qiymətləndirilir. Ümumilikdə tərəflər düşmən deyil, lakin əvvəlki dövrlərdə müşahidə olunan intensiv hərbi əməkdaşlığın hazırda zəiflədiyi aydın görünür. Bu vəziyyət müəyyən mənada Rusiyanın Azərbaycana qarşı sərgilədiyi münasibətlə əlaqələndirilir və Azərbaycan da buna uyğun mövqe nümayiş etdirir. Bununla belə, təmasların davam edəcəyi gözlənilir. Hərbçilər adətən siyasətçilərin müəyyən etdiyi siyasi kursun davamı kimi fəaliyyət göstərirlər. Nəticə etibarilə, münasibətlərin normallaşması üçün Rusiyanın öz davranışlarına korrektə etməsi və Azərbaycanla əlaqələrin yaxşılaşmasına yönəlmiş real addımlar atması məqsədəuyğun hesab olunur".
Ayhan
12:32 27.02.2026
Oxunuş sayı: 1443