Xocalıya dönüş: Ağrının ünvanında ümidin addımları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalıya səfəri xalqımızın tarixində dərin iz buraxmış faciənin ildönümü ərəfəsində xüsusi siyasi və mənəvi məna daşıyır.
Xocalı faciəsinin ildönümü ərəfəsində baş tutan bu səfər, təkcə dövlət başçısının anım və ehtiram missiyası deyil, eyni zamanda, azad edilmiş torpaqlarda həyatın bərpası, ədalətin və tarixi yaddaşın qorunması istiqamətində atılan ardıcıl addımların rəmzi kimi qiymətləndirilir.
Xocalı torpağına dönüş, bu şəhərin faciə simvolundan dirçəliş və yenidənqurma məkanına çevrilməsinin bariz ifadəsidir.
Bu səfər, həm də Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra bölgədə həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinin davamı kimi mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin Xocalıda olması, şəhidlərin xatirəsinə ehtiramın nümayişi ilə yanaşı, soyqırımı qurbanlarının yaddaşının yaşadılması, beynəlxalq ictimaiyyətə tarixi həqiqətlərin çatdırılması və azad edilmiş ərazilərdə davam edən bərpa prosesinin diqqət mərkəzində saxlanılması baxımından mühüm mesaj xarakteri daşıyır.
Xocalı faciəsinin ildönümü ərəfəsində gerçəkləşən bu səfər, dövlətin milli yaddaşa sadiqliyinin və tarixi ədalətin bərpası istiqamətində qətiyyətli mövqeyinin növbəti təzahürü kimi dəyərləndirilir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Xocalı faciəsinin ildönümü ərəfəsində Azərbaycan dövlətinin başçısı İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Xocalı və Xocavənd rayonu ərazilərinə səfəri təkcə rəsmi protokol hadisəsi deyil, tarixlə canlı təmasın, yaddaşla qayıdışın və dövlət-vətəndaş birliyinin rəmzi kimi yadda qaldı. Bu səfər illərlə ağrı, həsrət və ümidin eyni məkanda toqquşduğu torpaqlarda dövlətin fiziki və mənəvi varlığının nümayişi idi.
Səfərin mühüm məqamlarından biri Xocalı Soyqırımı Memorialının açılış mərasimi oldu. Bu hadisə yalnız memarlıq və ya xatirə abidəsinin istifadəyə verilməsi deyildi; bu, tarixə verilən dövlət səviyyəli qiymətin, qurbanların xatirəsinə göstərilən ehtiramın və milli yaddaşın rəsmi təsdiqi kimi qəbul olundu.
Memorialın önündə səslənən fikirlər, sükutla edilən anım və abidənin simvolik məzmunu faciənin unudulmadığını, onun dərslərinin gələcək nəsillərin yaddaşında yaşadılacağını bir daha nümayiş etdirdi.
Sakinlərlə keçirilən görüşlərin səmimiliyi xüsusi diqqət çəkirdi. Uzun ayrılıqdan sonra doğma yurduna qayıdan insanların baxışlarında yalnız keçmişin ağrısı deyil, gələcəyə yönəlmiş inam da aydın hiss olunurdu. Dövlət başçısının və Birinci vitse-prezidentin insanlarla birbaşa ünsiyyəti, onların problemlərini dinləməsi, gündəlik həyat şəraiti ilə maraqlanması rəmzi jestdən daha çox sosial məsuliyyətin real ifadəsi kimi qəbul edildi. Bu görüşlərdə emosional anlar, illərin sükutunu pozan sadə, lakin dərin məzmunlu sözlər, birgə taleyin yaratdığı mənəvi yaxınlıq açıq şəkildə duyulurdu.
Səfərin məhz Xocalı faciəsi ildönümü ərəfəsinə təsadüf etməsi hadisəyə xüsusi mənəvi çalar qatdı. Bu, tarix qarşısında ehtiramın, itirilmiş həyatların xatirəsinə sədaqətin və ədalət ideyasının unudulmadığının açıq mesajı idi.
Xocalı yalnız bir coğrafi məkan deyil, milli yaddaşın ağrılı, lakin birləşdirici səhifəsidir. Bu torpaqlarda atılan hər addım keçmişin dərsini xatırladır, eyni zamanda gələcək quruculuğun məsuliyyətini daha da aydın göstərir.
Səfər çərçivəsində aparılan müşahidələr bərpa və yenidənqurma proseslərinin gedişi ilə bağlı konkret mənzərə ortaya qoydu. İnfrastruktur layihələrinin icrası, yaşayış mühitinin formalaşdırılması, sosial xidmətlərin mərhələli bərpası dövlət siyasətinin ardıcıl xarakterini nümayiş etdirdi. Dağıntıların fonunda yüksələn yeni tikililər yalnız fiziki məkanın deyil, ictimai ruhun da dirçəlişini simvolizə edir.
Bu səfər siyasi liderlik ilə milli yaddaş arasında qurulan emosional körpü kimi dəyərləndirilə bilər. Dövlətin ən yüksək səviyyədə təmsil olunması, insanların gündəlik həyatına toxunan konkret qərarlarla müşayiət olunan diqqət və qayğı vətəndaşın öz torpağında tək olmadığını göstərən mühüm mesaj idi. Tarixin ağrılı səhifələri ilə üz-üzə dayanaraq gələcəyə baxmaq məhz bu səfərin ümumi ovqatını müəyyənləşdirdi.
Xocalı və Xocavənddə yaşanan həmin gün təkcə bir anım mərasiminin deyil, dirçəliş iradəsinin, yaddaşa sədaqətin və insan talelərinə dövlət səviyyəsində verilən dəyərin canlı ifadəsi kimi Azərbaycan ictimai-siyasi həyatında özünəməxsus yerini aldı. Bu səfər bir daha göstərdi ki, zaman keçsə də yaddaş yaşayır; ağrı sönmür, lakin ümid də tükənmir".
Elmir Heydərli
12:35 27.02.2026
Oxunuş sayı: 682