Regionda sabitlik üçün Cenevrə mesajı
Cenevrədə keçirilən beynəlxalq platforma çərçivəsində Azərbaycan və Ermənistan arasında dialoqun davam etdirilməsi regionda sabitlik və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xüsusilə, çoxtərəfli müzakirə mexanizmləri vasitəsilə tərəflər arasında birbaşa təmasların qurulması, humanitar və hüquqi məsələlər üzrə fikir mübadiləsinin aparılması gələcək əməkdaşlıq imkanlarının genişlənməsi üçün yeni zəmin yaradır.
Bu baxımdan görüş, beynəlxalq gündəlikdə dayanan etimad quruculuğu tədbirlərinin praktik müzakirəsi kimi diqqət çəkir.
Müzakirələrin BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində baş tutması isə dialoqun beynəlxalq hüquq və çoxtərəfli diplomatiya müstəvisində aparıldığını göstərir. Bu format tərəflərə qarşılıqlı narahatlıq doğuran məsələləri daha sistemli şəkildə nəzərdən keçirməyə, eyni zamanda regional sülh gündəliyinə xidmət edən konstruktiv yanaşmaları ön plana çıxarmağa imkan verir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elşad Musayev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində yekun sülh sazişinin imzalanacağı gözlənilir. Mövcud proseslər göstərir ki, tərəflər sülh gündəliyi üzrə müəyyən irəliləyişə nail olmaq niyyətindədirlər və bu istiqamətdə diplomatik təmaslar davam etdirilir.
Ermənistanda keçirilən daxili siyasi proseslər və hökumətin mövqeyi də sülh gündəliyinə təsir edən mühüm amillərdən biri kimi qiymətləndirilir. Rəsmi İrəvanın öhdəliklərə sadiqliyini qoruması, regionda kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də qarşılıqlı etimadın artırılması ilə bağlı addımlar yekun sülh sazişinin imzalanması üçün əsas şərtlər sırasında çıxış edir.
Son dövrlərdə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilən görüşlər və müxtəlif səviyyələrdə aparılan təmaslar tərəflərin mövqelərinin yaxınlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu görüşlər çərçivəsində regional təhlükəsizlik, qarşılıqlı münasibətlərin normallaşdırılması və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunur.
Eyni zamanda, hər iki ölkənin nümayəndələri ayrı-ayrı sahələr üzrə əməkdaşlıq imkanlarını müzakirə edir, texniki və siyasi səviyyədə danışıqlar aparırlar. Bu proses mərhələli şəkildə etimad mühitinin formalaşmasına və sülh gündəliyinin institusional əsaslarla inkişafına xidmət edir.
Beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı qlobal aktorlar regionda dayanıqlı sülhün bərqərar olunmasını dəstəkləyir və tərəflərin dialoq yolu ilə razılığa gəlməsi istiqamətində atılan addımları müsbət qiymətləndirir. Xarici tərəfdaşların vasitəçilik və dəstək təşəbbüsləri də danışıqlar prosesinin intensivləşməsinə əlavə stimul verir.
Ümumilikdə, tərəflərin konstruktiv mövqe nümayiş etdirməsi və sülh istiqamətində ardıcıl addımlar atması halında, yekun sülh sazişinin imzalanması həm regionda sabitliyin möhkəmlənməsinə, həm də beynəlxalq səviyyədə əməkdaşlıq mühitinin genişlənməsinə mühüm töhfə verə bilər".
Elmir Heydərli
11:42 27.02.2026
Oxunuş sayı: 650