“İşğalla barışmayın!” – Bakıdan Kiyevə strateji və mənəvi mesaj
Son illərdə Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi və humanitar sahələr üzrə dinamik inkişaf mərhələsinə qədəm qoyub.
Bu inkişaf fonunda qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldığı vurğulanır.
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin sözlərinə görə, Azərbaycanın səmimi dəstəyi və həmrəyliyi Ukrayna üçün xüsusilə, mürəkkəb dövrdə böyük əhəmiyyət daşıyır.
Diplomat son iki ildə siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar təşəbbüslər və sosial əlaqələr sahəsində mühüm nəticələrin əldə olunduğunu qeyd edərək, iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndiyini bildirib.
Məsələ ilə bağlı Milli Məclisin Komitə sədri Musa Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ukrayna-Azərbaycan münasibətləri həm xalqlar səviyyəsində, həm də dövlətlərarası müstəvidə hər zaman yüksək, səmimi və qarşılıqlı etimada əsaslanan xarakter daşıyıb. Bu münasibətlərin möhkəm təməli hələ sovet dövründə qoyulub. Ümummilli Lider Heydər Əliyev Sovet hakimiyyəti illərində Mərkəzi Komitənin Siyasi Büro üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Ukrayna üçün mühüm əhəmiyyət daşıyan bir sıra iri layihələrin həyata keçirilməsinə ciddi dəstək göstərmişdir. Bu həqiqət Ukrayna rəhbərliyi tərəfindən də yaxşı xatırlanır və yüksək qiymətləndirilir.
Sonrakı mərhələdə, müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə də Ulu Öndərin Ukrayna Prezidenti Leonid Kuçma ilə yaxın və qarşılıqlı etimada əsaslanan münasibətləri olmuş, bu isə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etmişdir. Ümumilikdə, Ukrayna-Azərbaycan münasibətləri daim yüksək səviyyədə inkişaf etmişdir. Azərbaycan torpaqları işğal altında olduğu müddətdə Ukrayna ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən dövlətlər sırasında yer almışdır.
Eyni prinsipial mövqe Ukraynanın ərazi bütövlüyü məsələsində də nümayiş etdirilmişdir. Xüsusilə, Krım hadisələri və sonrakı proseslər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən tanındığını və dəstəkləndiyini dəfələrlə bəyan etmişdir.
Müharibə dövründə Azərbaycan Ukraynaya dəfələrlə təmənnasız humanitar yardım göstərmişdir. Bu fakt Ukrayna ictimaiyyəti tərəfindən də yaxşı məlumdur və yüksək qiymətləndirilir.
Təsadüfi deyil ki, Bakıda keçirilən forumlardan birində ukraynalı jurnalist Dmitri Qordon Prezident İlham Əliyevə Qarabağ məsələsinin həlli təcrübəsi ilə bağlı sual ünvanlamışdır.
Dövlət başçısının cavabı isə artıq aforizmə çevrilmişdir: “İşğalla barışmayın, heç vaxt işğalla barışmayın!”
Bu fikir Ukrayna xalqı üçün həm siyasi, həm də mənəvi-psixoloji dəstək kimi dəyərləndirilir.
Eyni zamanda, iki ölkə arasında humanitar və mədəni əlaqələr də yüksək səviyyədə inkişaf etməkdədir. Hər il Azərbaycanın dövlət qurumlarının, ictimai təşkilatlarının və Heydər Əliyev Fondunun dəstəyi ilə Ukraynada müharibədən zərər çəkmiş ailələrin uşaqları Azərbaycana dəvət olunur, burada reabilitasiya proqramlarında iştirak edirlər. Bu, münasibətlər tarixində unudulmaz və qürurverici səhifələrdən biridir.
Bu baxımdan, Ukrayna səfirinin Azərbaycan haqqında xoş fikirlər səsləndirməsi tam əsaslıdır. Qarşılıqlı münasibətlərimizin düzgün qiymətləndirilməsi təqdirəlayiqdir və biz də Ukraynaya minnətdarlığımızı bildiririk.
Əslində, Azərbaycanın Ukraynaya münasibəti beynəlxalq hüquqa, ədalətə və suverenliyə göstərilən prinsipial mövqenin ifadəsidir.
Həm Azərbaycan, həm də Ukrayna müəyyən tarixi mərhələlərdə oxşar taleyi yaşamış xalqlardır. Məhz bu ortaq sınaqlar xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycan öz problemini həll etmişdir. İnanırıq ki, Ukrayna da öz problemini ədalətli şəkildə və beynəlxalq hüquq çərçivəsində həll edəcəkdir".
Elmir Heydərli
11:23 27.02.2026
Oxunuş sayı: 689