İran Azərbaycanla yeni gərginlik yaradır: Hava məkanı bağlandı
İranın Azərbaycanla sərhəd xətti boyunca yaydığı uçuş xəbərdarlığı bölgədə diqqətləri yenidən hava məkanına yönəldib.
Rəsmi bildiriş sərhəd ərazisində pilotsuz uçuş aparatlarının aktiv istifadəsi ilə əlaqələndirilir.
Məlumata görə, müəyyən saatlarda hava məkanında intensiv PUA uçuşları müşahidə olunub. Bu səbəbdən pilotlar üçün xüsusi təhlükəsizlik xəbərdarlığı qüvvəyə minib. Məsələ regional təhlükəsizlik və hərbi aktivlik baxımından maraq doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev İran ilə ABŞ arasında münasibətlərin kifayət qədər gərgin bir mərhələyə qədəm qoyduğunu qeyd edib:

"İran tərəfi məhz bu gərginlik fonunda rəsmi olaraq Azərbaycan ilə hava sərhədlərini bağlayıb və NOTAM adlanan bildirişi rəsmi olaraq paylaşıb.
Əgər İran hesab edirsə mövcud vəziyyətlə əlaqədar onun aviasiya infrastrukturu, o cümlədən aeroportlar, uçuş enmə zolaqları bağlı qalmalıdır, o zaman Azərbaycan da xüsusi addımlar ataraq öz hava məkanlarını İran üçün bağlamalıdır".
Ekspertin sözlərinə görə, NOTAM adlanan xəbərdarlığın əsas məqsədi pilotların və hava hərəkətini idarə edən xidmətləri mövcud dəyişikliklərlə bağlı məlumatlandırmaqdan ibarətdir:
"Çünki hava hərəkətinin təhlükəsizliyini təmin etmək üçün ölkələr zərurət yarandıqda belə bir açıqlamalar elan etmək hüququna malikdir.
Bildirişin yayımlanması enmə uçuş zolaqlarının bağlanması, eyni zamanda enməyə yaxud da uçuş üçün prosedurların dəyişdirilməsinə və naviqasiya sistemlərində qeyri-müntəzəmliyin olması ilə səciyyələnir.
Mövcud vəziyyətdə ABŞ-nin müdaxiləsi başlayarsa o zaman İran ərazisindəki hava hərəkətinin idarə olunması üçün nəzərdə tutulan obyektlər, rabitə sistemləri də ABŞ-nin radioelektron mübarizə vasitələrinin təsirlərinə məruz qala bilər ki, bu da havada olan aviasiya vasitələrinin enməsinə və ya havaya qalxmasına kifayət qədər ciddi maneələr yarada bilər. Bu vəziyyətdə Azərbaycan dövləti zəruri olan bütün tədbirləri görür".
Fatimə Məmmədova
10:11 27.02.2026
Oxunuş sayı: 647