Vardanyanla bağlı qərar onilliklər boyu davam edən münaqişənin siyasi, tarixi və mənəvi nəticəsi kimi dəyərləndirilir - RƏY
Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyanla bağlı qəbul etdiyi qərar yalnız hüquqi müstəvidə qiymətləndirilən bir hadisə deyil, eyni zamanda uzun illər davam etmiş münaqişənin siyasi və mənəvi yekunu kimi də dəyərləndirilir. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin qeyd edib ki, bu qərar təkcə ədalətin bərpası deyil, həm də təxminən 30 il ərzində Azərbaycan xalqına ağır itkilər və əzablar yaşatmış münaqişənin simvolik və məntiqi nəticəsi kimi çıxış edir.
Bu kontekstdə Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı hüquqi və siyasi yanaşma xüsusi diqqət çəkir. Rəsmi Bakı münaqişənin nizamlanması istiqamətində unikal hərbi-siyasi model irəli sürərək, sülh gündəliyini paralel şəkildə inkişaf etdirmiş və hərbi cinayətlərdə ittiham olunan şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasını öz milli hüquq sistemi çərçivəsində təmin etmişdir. Bu proses həm beynəlxalq hüquq normalarına uyğun ədalət mühakiməsinin həyata keçirilməsi, həm də münaqişə qurbanlarının xatirəsinə ehtiramın ifadəsi kimi qiymətləndirilir.
Xüsusilə Xocalı faciəsinin ildönümü ərəfəsində belə məhkəmə qərarlarının qəbul edilməsi, tarixi ədalətin bərpası və günahsız qurbanların xatirəsinin yad edilməsi baxımından mühüm ictimai-siyasi məna kəsb edir. Bununla yanaşı, Azərbaycanın açıq məhkəmə prosesləri vasitəsilə hüquqi məsuliyyət prinsipini təmin etməsi, beynəlxalq müstəvidə ədalətin təmininə yönəlmiş ardıcıl və prinsipial mövqenin göstəricisi kimi təqdim olunur.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ruben Vardanyanın 20 il azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmə qərarını tarixi ədalətin bərpası kimi dəyərləndirib. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki paylaşımında Bakı Hərbi Məhkəməsinin oliqarx Ruben Vardanyanla bağlı çıxardığı qərara münasibət bildirib. Hacıyev qeyd edib ki, bu qərar təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük iztirablar gətirmiş təxminən 30 illik münaqişənin rəmzi və məntiqi yekunudur. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Prokuror ilkin olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası tələb etmişdi. Vardanyan sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi kimi ağır ittihamlar üzrə təqsirləndirilirdi.
Prezident köməkçisi öz açıqlamasında Azərbaycanın münaqişənin hərbi-siyasi həllinin unikal modelini dünyaya təqdim etdiyini vurğulayıb. O bildirib ki, eyni zamanda hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin — Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərlərinin — məsuliyyətə cəlb edilməsi təmin edilib. Hikmət Hacıyev həmçinin qeyd edib ki, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu məhkəmə qərarlarının çıxarılması həmin faciənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramın ifadəsidir. Hikmət Hacıyev eyni zamanda müəyyən xarici dairələrin — Avropa Parlamentinin bəzi üzvləri və "Amnesty International" kimi təşkilatların — müharibə cinayətlərində ittiham olunan şəxslərin azad edilməsini tələb etməsini kəskin tənqid edib və bunu tamamilə mənəvi və etik olmayan addım kimi qiymətləndirib. Bu məqamda o, Prezident İlham Əliyevin "France 24" kanalına verdiyi müsahibəyə istinad edib: "İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin...". Beləliklə, Bakı Hərbi Məhkəməsinin bu qərarı yalnız hüquqi bir prosesin yekunu olmaqla qalmayıb — o, onilliklər boyu davam edən münaqişənin siyasi, tarixi və mənəvi nəticəsi kimi də geniş dairələrdə dəyərləndirilir".
Elmir Heydərli
14:00 23.02.2026
Oxunuş sayı: 696