Azərbaycanın Sülh Şurasındakı vizyonu: gələcək nə vəd edir?
Beynəlxalq siyasi platformalarda Azərbaycanın artan rolu və yeni təsisatlarda iştirakı son günlər ictimai müzakirələrə səbəb olub. Xüsusilə, Sülh Şurası kimi strukturların hansı prinsiplərə əsaslandığı və üzvlər üçün nə vəd etdiyi sual doğurur.
Bu kontekstdə Azərbaycanın belə təşəbbüslərdə yer almasının regional sabitlik və qlobal əməkdaşlıq baxımından nə dərəcədə əhəmiyyətli olduğu diqqət mərkəzinə çıxır.
Rəsmi Bakının yürütdüyü siyasətin beynəlxalq aləmdə necə qiymətləndirildiyi də maraq doğuran məqamlardandır. Mövzu ilə bağlı məsələyə siyasi prizmadan aydınlıq gətirilib.
Bu barədə Crossmedia.az-a açıqlama veren Milli Məclisin deputatı Azər Badamovun sözlərinə görə, Sülh Şurası bərabər hüquqlar vəd edən, sözdə deyil, əməldə qaydalara əsaslanan nizam təqdim edən, çoxtərəfliliyə sadiq qalmaqda israr göstərən bir təsisatdır:

"Bu baxımdan, Sülh Şurasına üzvlük də praqmatik addımdır. Şuranın tərəfdaşları praqmatik olmalı, qan tökülməsinin qarşısını almağa çalışmalı, habelə ən yaxşı hesab etdikləri töhfəni verməlidirlər. Azərbaycan lideri cənab İlham Əliyev milli maraqlara yönəlmiş genişmiqyaslı siyasət yürüdür. Atdığı addımlarla regiona sabitlik, iqtisadi tərəqqi gətirir. Azad bazar islahatları ilə yanaşı, idarəçilikdə texnokratik strukturlar da tətbiq edir.
Bütün bu qərarlar sonrakı illərdə yüz minlərlə insanın həyatına toxunacaq, rifahın artmasında böyük rol oynayacaq.
Şuranın yeniliyi ilə bərabər hədəfləri də müəyyəndir. Şura beynəlxalq hüquqda universalist prinsiplərə dair daha geniş öhdəliklər vəd edir. Bu təsisat ədalətsiz idarəetmə qavrayışlarını yeniləməyə də ümid verir.
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti cənab İlham Əliyevə bir daha yüksək diqqət göstərdi, dövlət başçımızın səylərini, neçə illik zəhmətini yüksək dəyərləndirdi, əla iş gördüyünü bildirdi.
Trampın cənab Prezidentə bir neçə dəfə xitab etməsi dövlət başçımızın dünya səviyyəli siyasətçi olduğundan xəbər verir.
Azərbaycan yeni dünya nizamının birbaşa iştirakçısı, buna gətirən yolların isə təşəbbüskarıdır. Çünki Azərbaycan lideri bu günü yaxınlaşdırmaq üçün gecə-gündüz, yorulmadan əmək sərf edib. Azərbaycan xalqı məhz bu amili təqdir edir, alqışlayır.
Bu gün Azərbaycanla əməkdaşlıq etmək üçün növbəyə durulur. Azərbaycan Prezidenti dünyanın yenidən qurulması üçün strategiyalar və maliyyələşdirməni müəyyən etmək üçün üzv ölkələrin nümayəndələrini bir araya gətirəcək təsisatda vizyon sahibi kimi önə çıxır".
Fatimə Məmmədova
13:12 20.02.2026
Oxunuş sayı: 558