Qadın MAXE-lərin hərbi xidmət müddəti niyə azaldılır?
Azərbaycanda qadın hərbi qulluqçular üçün müddətdən artıq həqiqi hərbi xidmətin (MAXE) müddəti 3 ildən 6 aya qədər qısaldılması təklif olunur.
Bu dəyişiklik “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də nəzərdə tutulmuş müddəalara əlavə ediləcək. Məqsəd qadın hərbçilərin xidmətə uyğunlaşma prosesini daha səmərəli təşkil etmək, praktik çətinlikləri aradan qaldırmaq və kadr sabitliyini təmin etməkdir.
Hazırda qadınlar müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa MAXE-yə qəbul olunur və 3 illik ilkin bağlaşma müddəti onları uzunmüddətli öhdəliklərlə üzləşdirir. Bu isə ailə vəziyyəti və digər obyektiv səbəblərdən hərbi xidmətdən vaxtından əvvəl çıxmalarına səbəb ola bilər.
Təklif olunan dəyişikliklə xidmət müddətinin azaldılması qadın hərbçilərin uyğunlaşma imkanlarını artıracaq, kadr axınını minimuma endirəcək və hərbi xidmətin təşkilinin səmərəliliyini yüksəldəcək.
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan Respublikasında müddətdən artıq xidmət edən qadın hərbi qulluqçular üçün xidmət müddətinin üç ildən altı aya endirilməsi mühüm və diqqətçəkən qərardır. Bu dəyişiklik, şübhəsiz ki, təsadüfi deyil və dövlətin təhlükəsizlik strategiyasında baş verən struktur transformasiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Təəssüf doğuran məqam ondan ibarətdir ki, bu qərarın qəbul olunması ilə bağlı aidiyyəti qurumlar tərəfindən cəmiyyətə ətraflı və rəsmi izahat verilməmişdir. Halbuki, bu kimi köklü dəyişikliklər zamanı açıq və əsaslandırılmış mövqe həm ictimai etimadı gücləndirər, həm də müxtəlif şayiələrin qarşısını alar.
Mənim qənaətimə görə, bu qərar ilk növbədə Azərbaycanın peşəkar ordu modelinə keçidi ilə birbaşa bağlıdır. Son illərdə ordu quruculuğu sahəsində aparılan islahatlar onu göstərir ki, dövlət getdikcə müqavilə əsaslı və ixtisaslaşmış hərbi heyətə üstünlük verir. Bu modeldə əsas məqsəd – qısa müddətli deyil, uzunmüddətli, peşəkar və motivasiyalı kadr bazasının formalaşdırılmasıdır.
Bu kontekstdə qadın hərbi qulluqçular üçün xidmət müddətinin azaldılması bir neçə məntiqi nəticə yaradır:
Peşəkar ordu modelində müddətli deyil, müqaviləli xidmət əsas rol oynayır;
Qısa xidmət müddəti qadın hərbiçilər üçün seçim azadlığını və sosial uyğunlaşmanı artırır; uzunmüddətli xidmət yalnız könüllü müqavilə əsasında davam etdirilə bilər.
Eyni zamanda, bu qərarın güc strukturlarının təklifi əsasında qəbul edildiyi ehtimalı da yüksəkdir. Çünki bu qurumlar ordunun real ehtiyaclarını və kadr balansını daha dəqiq qiymətləndirə bilən əsas instansiyalardır".
Ekspert həmçinin xidmət müddətinin birdən-birə bu qədər ciddi şəkildə azaldılması sıradan texniki dəyişiklik olmadığını və bunun təhlükəsizlik sistemində strateji yenilənmənin göstəricisi olduğunu qeyd edib:
"Lakin bu cür qərarların gələcəkdə cəmiyyətə aydın, əsaslandırılmış və şəffaf şəkildə təqdim olunması vacibdir. Bu, həm dövlətə olan inamı gücləndirər, həm də bu sahə ilə maraqlanan vətəndaşların sağlam informasiya əldə etməsinə şərait yaradardı.
Elmir Heydərli
16:01 18.02.2026
Oxunuş sayı: 1503