Magistr imtahanı necə keçdi?... - SORĞU
Bu gün ölkənin ali təhsil sistemində mühüm mərhələlərdən biri — magistratura səviyyəsinə qəbul üçün birinci cəhd imtahanı keçirilir. Gələcək elmi və peşəkar karyeralarının əsasını məhz bu imtahanla qoymağa çalışan yüzlərlə gənc üçün bu gün sadəcə bir sınaq deyil, həm də uzun müddət davam edən zəhmətin, arzuların və məqsədlərin qiymətləndirildiyi bir gündür.
Crossmedia.az olaraq imtahan ab-havasını, namizədlərin psixoloji vəziyyətini və gözləntilərini daha yaxından öyrənmək məqsədilə imtahanda iştirak edən beş magistr namizədi ilə qısa sorğu apardıq. Onların cavabları gənclərin bu mühüm mərhələyə necə hazırlaşdıqlarını, hansı çətinliklərlə üzləşdiklərini və gələcək planlarını daha aydın şəkildə əks etdirir.
Aşağıda təqdim olunan fikirlər gənclərin səmimi düşüncələrini və bu imtahanın onlar üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərən canlı mənzərədir.
İmtahan verənlərdən Samirə Musayeva qeyd edib ki, imtahan ağır olmasa da düşündürücü idi.

"İmtahan suallarına ümumilikdə baxanda orta səviyyədə idi, amma məntiqdə düşündürücü sualların sayı çoxluq təşkil edirdi. Buna görə də vaxt problemi məndə və digər uşaqlarda da yaşandı. İmtahana normal hazırlaşan tələbə düşünürəm rahatlıqla 50 bal yığa bilər".
Ağa Rzazadə isə imtahanın həddindən artıq çətin olduğunu bildirib:

"İmtahan çətin idi. Açığı desəm bu cür gözləmirdim. Bununla belə özümdən yüksək nəticə gözləyirəm".
Digər bakalavr Məhəmməd Salmanzadə imtahanın orta keçdiyini bildirib:

"5 aylıq hazırlıq müddətində bu imtahana düşən bütün mövzular üzrə hazırlamışdım. Sadəcə məntiq fənni üzrə vaxtı düzgün bölə bilmədiyimdən kodlaşdırma zamanı çətinlik yaşadım. Dinləmə mətnində olduqca sürətli olduğundan nisbətən çətinlik çəkdim".
Ayxan Məlikzadə isə ümumi nəticənin qənaətbəxş olduğunu qeyd edib:

"İmtahana hazırlıqlı getmişdim. Ümumi nəticə pis deyil, lakin məntiq sualları kifayət qədər çətin idi və çox vaxt apardı. Bu səbəbdən digər fənləri istədiyim səviyyədə yaza bilmədim. Əgər suallar bir qədər asan olsaydı, daha yaxşı olardı. İkinci imtahanda daha yüksək nəticə göstərmək umidi ilə".
Gültac Mühdizadə isə bildirib ki, imtahan ümumilikdə orta səviyyədə idi, lakin məntiq bölməsi gözlədiyimdən daha çətin gəldi və sualların əksəriyyəti mətn üzərində qurulmuşdu:

“Xarici dil bölməsi nisbətən asan idi, sadəcə dinləmə hissəsində anlamaq bir qədər çətin oldu. İnformatika çox çətin deyildi, amma yenə də nəticədən asılı olaraq ikinci şansa daha ciddi hazırlaşmaq lazım olacaq".
Göründüyü kimi bəzi bakalavrlar üçün üçün asan olan imtahan, digərləri üçün çətin və ya daha ağır olub. Nəticələrin yaxın həftələr də elan olunması gözlənilir.
Qeyd edək ki, maqistr təhsili üzrə qəbul olmaq istəyənlər üçün ikinci şans məqsədilə may ayında növbəti cəhd imtahanının keçirilməsi nəzərdə tutulub. Ümüdvarıq ki, sonda nəticələr bu təhsil yoluna qədəm qoyanların ürəyi istəyən kimi olacaq. Uğurlar əziz ali təhsilin yolçuları.
Elmir Heydərli
13:32 16.02.2026
Oxunuş sayı: 846