Daşınmaz əmlak üzrə kompensasiyanın ödənilməsində kimlər problem yaradır?
Azərbaycanda daşınmaz əmlakın dövlət və ictimai ehtiyaclar üçün əldə olunması zamanı kompensasiyanın ödənilməsi məsələsi son dövrlər yenidən müzakirə mövzusuna çevrilib.
Bu istiqamətdə kompensasiyanın qabaqcadan və ədalətli şəkildə ödənilməsini təmin edən yeni qanunun qəbul olunması təklif edilir. Təklifə əsasən, daşınmaz əmlakın alınması prosesi, bu barədə qərar qəbul etmək səlahiyyətinə malik qurumların fəaliyyəti, eləcə də kompensasiyanın ödənilmə proseduru, forması və qiymətləndirmə meyarları kompleks şəkildə vahid qanunla tənzimlənməlidir.
Bəs belə bir qanunun qəbulu mövcud problemlərin aradan qaldırılması baxımından nə dərəcədə zəruridir və bu addım praktikada vətəndaşların hüquqlarının daha effektiv qorunmasına xidmət edə bilərmi?
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Crossmedia.az-a açıqlama verib:

"Dövlət və ictimai ehtiyaclar üçün daşınmaz əmlakın alınması ilə bağlı qanunvericilik artıq mövcuddur və bu hallarda kompensasiya əvvəlcədən ödənilir. Ona görə də, burada nəyin dəyişdirilməsinin nəzərdə tutulduğunu anlamaq çətindir. Çünki bu gün Azərbaycanda əsas problem dövlət və ictimai ehtiyaclar üçün daşınmaz əmlakın alınması məsələsi deyil.
Ən böyük problem ondan ibarətdir ki, bəzən özəl tikinti şirkətləri gəlib vətəndaşların yaşadığı binaları sökür və həmin ərazidə yeni bina tikəcəklərini bildirirlər. Lakin vətəndaşlara nə vaxt və hansı şərtlərlə mənzil veriləcəyi qeyri-müəyyən qalır. Problem məhz bundadır. Çox hallarda vətəndaşlara lazımi kompensasiya da ödənilmir.
Halbuki, dövlət və ictimai ehtiyaclar üçün torpaq və ya daşınmaz əmlak alındıqda — məsələn, yol çəkilişi, park salınması və ya digər infrastruktur layihələri həyata keçiriləndə — bu məsələlər adətən problem yaratmır. Çünki qanunvericiliyə uyğun olaraq ödənişlər əvvəlcədən həyata keçirilir. Ola bilər ki, müəyyən mexanizmlərin daha da təkmilləşdirilməsinə ehtiyac var, lakin ümumilikdə bu sahədə hüquqi çərçivə mövcuddur.
Əsas problem özəl tikinti şirkətlərinin fəaliyyəti zamanı yaranır. Vətəndaşların evlərinin sökülməsi, əvəzində veriləcək mənzillərin və ya kompensasiyanın qeyri-müəyyən qalması məsələsi lazımi səviyyədə tənzimlənmir. Bu səbəbdən də məsələ ilə bağlı daha ciddi hüquqi mexanizmlər və nəzarət tədbirləri üzərində düşünülməlidir".
Ayhan
14:12 16.02.2026
Oxunuş sayı: 478