Ərəb dünyasının Azərbaycana marağı niyə artıb?
Azərbaycan ilə ərəb ölkələri arasında münasibətlər yeni mərhələyə qədəm qoyur. Son dövrlərdə artan ticarət əlaqələri və tranzit imkanlarının genişləndirilməsi göstərir ki, ölkəmiz regionda strateji tərəfdaş rolunu gücləndirir.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat qovşaqlarının kəsişməsində yerləşdiyi üçün Avropa ilə Asiya arasında yük və enerji daşımalarında əsas marşrutlardan birini təşkil edir. Bu vəziyyət ərəb dövlətləri üçün yeni bazarlara çıxış imkanı yaradır və investisiya perspektivlərini artırır.
Eyni zamanda, beynəlxalq səviyyədə göstərilən prinsipial mövqe və diplomatik əməkdaşlıq Azərbaycanı regional balansın formalaşmasında etibarlı tərəfdaş kimi təqdim edir. Nəticədə, ölkəmizin iqtisadi və siyasi imkanları qarşılıqlı maraqlara uyğun şəkildə inkişaf edir və yeni əməkdaşlıq istiqamətləri açılır.
Politoloq Aytən Qurbanova bu barədə Crossmedia.az-a açıqlama verib:

"Azərbaycanda səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə səsləndirdiyi fikirlər ərəb dünyası ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu bir daha aydın şəkildə ifadə etmiş oldu. Ticarət, enerji və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində ifadə olunan maraq əslində dəyişən geosiyasi mühitin məntiqi nəticəsidir. Qlobal enerji bazarlarında qeyri-sabitliyin artdığı bir şəraitdə etibarlı tərəfdaşlarla əməkdaşlıq prioritetə çevrilir. Azərbaycan uzun illərdir ki, sabit enerji ixracatçısı və məsuliyyətli tərəfdaş kimi tanınır.
Heç şübhəsiz ki, Ərəb ölkələrinin ölkəmizə marağı ilk növbədə həm investisiya imkanları, həm də alternativ ixrac və tranzit marşrutlarının şaxələndirilməsi ilə bağlıdır. Logistika amili isə xüsusi əhəmiyyət daşıyır".
A.Qurbanova əlavə edib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərinin kəsişməsində yerləşərək, regionun əsas tranzit qovşaqlarından birinə çevrilib:
" Orta Dəhliz vasitəsilə Avropa ilə Asiyanı birləşdirən marşrutlar ərəb dövlətləri üçün yeni bazarlara çıxış nöqteyi-nəzərindən strateji alternativ yaradır. Digər tərəfdən isə Parlament diplomatiyası çərçivəsində əməkdaşlıq xüsusi diqqət çəkir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi vasitəsilə qurulan dialoq siyasi koordinasiyanın institusional əsaslarını möhkəmləndirir. Azərbaycanın beynəlxalq məsələlərdə, o cümlədən Fələstin probleminə münasibətdə nümayiş etdirdiyi prinsipial mövqe ərəb dünyasında yüksək qiymətləndirilir və qarşılıqlı etimadı gücləndirir. Nəticə etibarilə, ərəb dünyasının Azərbaycanla tərəfdaşlığı genişləndirmək niyyəti regional və qlobal balansın yenidən formalaşması ilə birbaşa bağlıdır".
Fatimə Məmmədova
12:03 16.02.2026
Oxunuş sayı: 645