“Süni intellekt və müasir çağırışlar” mövzusunda geniş elmi konfrans keçirilib
Bu gün Mərkəzi Elmi Kitabxanada “Süni intellekt və müasir çağırışlar” mövzusunda geniş elmi konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki, konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, eləcə də müxtəlif elmi qurumların nümayəndələri, tədqiqatçılar və mütəxəssislər iştirak ediblər.
Tədbirin açılış nitqi ilə çıxış edən İlham Məmmədzadə süni intellektin müasir dünyada artan rolundan, onun mahiyyətindən və bu sahədə Azərbaycanda həyata keçirilən işlərdən bəhs edib.
O qeyd edib ki, süni intellekt artıq yalnız texnoloji yenilik deyil, həm də fəlsəfi, sosial və etik müstəvidə ciddi müzakirə mövzusuna çevrilib.
Onun sözlərinə görə, süni intellektin cəmiyyətə inteqrasiyası zamanı insan amili, dəyərlər sistemi və sosial münasibətlər xüsusi diqqət tələb edir.
Daha sonra çıxış edən Zahid Oruc süni intellektin meydana çıxmasını bəşəriyyət tarixində yeni mərhələ kimi dəyərləndirərək bunu “Beşinci sənaye inqilabı” adlandırıb. O bildirib ki, cəmiyyətdə süni intellektə münasibət birmənalı deyil və bu texnologiya həm böyük imkanlar, həm də yeni suallar doğurur.
Konfransda çıxış edən Rasim Əliquliyev isə süni intellektin informasiya cəmiyyətində oynadığı rolu önə çəkib. O bildirib ki, müasir dövrdə cəmiyyətin əksər münasibətləri rəqəmsal müstəviyə keçib.
Natiq süni intellekt texnologiyalarının inkişafı ilə bağlı milli strategiyaların əhəmiyyətini, elmi-tədqiqat işlərinin genişləndirilməsinin vacibliyini və kadr hazırlığı məsələlərini xüsusi qeyd edib.
Tədbirin davamında konfrans iştirakçıları müxtəlif mövzular üzrə məruzələrlə çıxış ediblər. Çıxışlarda süni intellektin etik problemləri, hüquqi tənzimləmə mexanizmləri, əmək bazarına təsiri, təhsildə tətbiqi, kibertəhlükəsizlik məsələləri və sosial transformasiya prosesləri müzakirə olunub.
Konfrans çərçivəsində irəli sürülən təkliflər və fikir mübadilələri süni intellekt sahəsində elmi yanaşmaların dərinləşdirilməsi, multidissiplinar tədqiqatların gücləndirilməsi və bu texnologiyanın cəmiyyət üçün təhlükəsiz və faydalı şəkildə tətbiqinə yönəlmiş perspektivlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Ayhan
16:15 11.02.2026
Oxunuş sayı: 564