Vəkillərlə bağlı narazılıqlar artır: Onların sosial şəbələlərdəki davranışları göstərir ki...
Müasir dövrdə sosial şəbəkələrin ictimai rəyə təsir gücü artdıqca, müxtəlif peşə sahiblərinin bu platformalarda nümayiş etdirdiyi davranışlar cəmiyyət tərəfindən diqqətlə izlənilir. Xüsusilə hüquq sistemi kimi həssas və məsuliyyətli sahədə fəaliyyət göstərən şəxslərin etik normalara uyğunluğu həm peşənin nüfuzunun qorunması, həm də vətəndaşların hüquqi institutlara inamının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu kontekstdə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun kollegiya üvzlərinin konfransı zamanı səsləndirdiyi fikirlər aktual məsələ kimi gündəmə gəlib. O, bəzi vəkillərin sosial şəbəkələrdə qeyri-etik davranış nümayiş etdirməsinin cəmiyyətdə mənfi təsir yaratdığını vurğulayaraq, bütün vəkilləri daha məsuliyyətli olmağa çağırıb.

Bu barədə Crossmedia.az-a danışan hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, sosial şəbəkələrdə vəkilin davranışı formal olaraq şəxsi mövqe kimi təqdim edilsə də, hüquqi reallıqda bu davranış onun peşə statusundan tam şəkildə ayrılmış hesab edilə bilməz. Vəkil yalnız hüquqi xidmət göstərən şəxs deyil, ədalət mühakiməsinin konstitusion mexanizminin ayrılmaz tərkib hissəsidir və cəmiyyət onu məhz bu statusda qəbul edir. Bu baxımdan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun məsələ ilə bağlı səsləndirdiyi mövqe xüsusi əhəmiyyət kəsb edir. Onun vurğuladığı kimi, sosial şəbəkələrdə bəzi vəkillərin etik normalardan kənar davranışları cəmiyyətdə bütövlükdə vəkillik peşəsinə qarşı neqativ münasibət formalaşdırır. Belə hallarda problem artıq fərdi xarakter daşımır, institusional müstəviyə keçir. Tənqidlər təkcə bir vəkilə deyil, bütövlükdə Vəkillər Kollegiyasına bir institut kimi yönəlir".
Hüquqşünas, həmçinin etik normaların pozulmasının yalnız ayrı-ayrı vəkillərin reputasiyasına deyil, vəkillik institutuna və ümumilikdə hüquq sisteminə olan ictimai etimada da birbaşa təsir göstərdiyini qeyd edib: "Hüquq sistemi təkcə normativ aktlar üzərində deyil, eyni zamanda ictimai etimad əsasında fəaliyyət göstərən sosial institutdur. Bu etimadın zəifləməsi vətəndaşların vəkilə müraciət etməkdən çəkinməsinə, məhkəmə institutlarının legitimliyinin sorğulanmasına və hüquqi mübahisələrin qeyri-hüquqi vasitələrlə həllinə meylin artmasına səbəb olur. Bu isə nəticə etibarilə cəmiyyətdə özbaşınalığa və hüquqi nihilizmə zəmin yaradır. Kollegiya sədrinin mövqeyində əsas məqam ondan ibarətdir ki, burada söz azadlığının məhdudlaşdırılması deyil, söz azadlığı ilə peşə məsuliyyəti arasında tarazlığın qorunması məsələsi ön plana çıxarılır. Vəkilin fikirlərinin ifadəsi onun ictimai statusu və peşə etikası ilə uzlaşmalıdır. Bu tarazlığın sərhədləri hər zaman aydın görünməsə də, bütün hallarda vəkilin peşə məsuliyyəti və ictimai statusu üstün mövqedə dayanmalıdır. Çünki vəkil sosial şəbəkələrdə cəmiyyət üçün sadəcə adi istifadəçi deyil, hüquq və ədalət prinsiplərini təmsil edən şəxs kimi qəbul olunur. Onun məsuliyyətsiz davranışı ilkin mərhələdə şəxsi mövqeyə təsir etsə də, qısa müddətdə kollektiv etimad probleminə çevrilir. Bu səbəbdən sədrin çağırışı cəzalandırma məqsədi daşımır, əksinə, preventiv və institusional xarakter daşıyaraq vəkil peşəsinin ictimai nüfuzunun və hüquq sisteminin etibarlılığının qorunmasına xidmət edir".
Elmir Heydərli
12:30 03.02.2026
Oxunuş sayı: 408