Pinqvin üsyanı və ya sadəcə SON...
Bir neçə gündür çoxumuz pinqvindən danışırıq. Yəqin, bildiniz hansı pinqvindən söhbət gedir. Bir anın içində sosial mediada məşhurlaşan, çoxunun diqqətinə, reaksiyasına səbəb olan pinqvindən.
Almaniyalı rejissor Verner Hersoq 2007- ci ildə "Encounters at the End of the World" ("Dünyanın sonunda görüşlər") sənədli filmini çəkərkən o məşhur kadrları lentə alıb. İndi həmin kadrların üzərindən 20 il keçib. Və birdən görüntülər yenidən gündəmə gəldi. Niyə?
Bu, bəlkə də, harada yaşamağından asılı olmayaraq dünya əhalisinin yarıdan çoxunun ortaq qayğıları, emosiyaları, instinktləri ilə bağlı idi. Elə buna görə də o pinqvin bizə bu qədər doğma gəldi.
...Bir çoxumuz gündəlik axınla hərəkət edirik. Müstəqil iradə ortaya qoymaqdan çəkinirik. Psixoloqlar buna "kütlə psixologiyası" deyirlər. Gündəlik həyatdan- görüşlərdən, telefon danışıqlarından, iş- güc arxasınca qaçmaqdan yorulsaq da səsimizi çıxarmırıq. Əksinə, qeyri- səmimi təbəssümlərimizi davam etdirir, saatı saata calayır, günü günə satırıq. Bizi sərhədləşdirən "qabımızı" sındırıb çıxmağa çalışırıq, amma bacarmırıq. Daha doğrusu, buna səy göstərmirik. Çünki heç istəmirik də. Ətrafa baxırıq. Hər kəs eyni cür, bizim kimidir. Ya özümüzdən şübhə edir, yanlış düşündüyümüzü fikirləşirik, ya da özümüz özümüzə bu sualı veririk: "Tək ağıllı sənsən?". Beləcə Türkiyənin məşhur şairlərindən Can Yücelin dediyi kimi, quş olub uçmaq istərkən ağac olub kök salırıq...
Bu günlərdə sosial mediada başqa bir video da çıxdı qarşıma: müəllim auditoriyaya daxil olur və əlindəki yaşıl rəngli jurnalın tələbələrə göstərib deyir:
- Kim geciksə, ondan bu qələmin hansı rəngdə olduğunu soruşacam. Hamınız qırmızı olduğunu deyərsiniz.
Bir neçə dəqiqədən sonra bir tələbə qapını döyüb otağa daxil olur. Müəllim əvvəl auditoriyaya, sonra gecikən tələbəyə baxır və jurnalın rəngini soruşur.
Tələbə jurnalın yaşıl rəngdə olduğunu yoldaşları bir ağızdan etiraz edib, qırmızı olduğunu söyləyirlər. Bu, gecikən tələbəni də tərəddüdə salır və fikrini dəyişir. Yəni axına tabe olur.
Əlbəttə, axına tabe olmamaq, ona müqavimət göstərmək asan deyil. Bu, iradə tələb edir. Amma həmin pinqvin bunu bacarmışdı.
Onun koloniyadan ayrılaraq başqa istiqamətə- dağlara, uzaqlara, ölümə getməsi əslində üsyan idi. Etiraz və hayqırtı idi. Bu, sadəcə yolu yazmaq və ya bu kimi digər realist hesab oluna biləcək amillərlə izah oluna bilməzdi. Axı pinqvin də canlıdır...
11:33 28.01.2026
Oxunuş sayı: 505