İstedadlarından başqa hər şeyi ilə gündəmə gələn məşhurlar - Onları buna nə məcbur edir?!
Azərbaycan daim poeziyanın, ən zərif musiqilərin məkanı hesab olunmuş, ən gözəl musiqilərlə dünyada yer tutmuşdur. Təkcə "Sarı gəlin" mahnısı bu faktı təsdiq edər. Dünya azərbaycanlılarının səsinə, musiqi zövqünə hər zaman heyrətlə baxıb. Çünki zaman-zaman bizim efirlərimizdə Akif İslamzadənin, Şövkət Ələkbərovanın ecazkar səsi eşidilib. Və o sənətkarlar hələ də sevilərək dinlənilir. Hər kəs zaman keçdikcə bu səslərin daha da çox olacağına ümid edir, daha güclü "səs ustaları"nın meydana çıxacağını gözləyirdi. Lakin vəziyyət tam əksi oldu. Bu gün özünə "müğənni" deyən şəxslər səslərindən başqa hər nüansla diqqət mərkəzindədirlər. "Geyimləri", "əxlaq"lari ilə sosial mediada gündəmdə qalırlar. Maraqlısı odur ki, bu insanların gündəmdə qalması da müəyyən auditoriyaya maraqlıdır. Onları gündəm edən, izləyən auditoriyaya...

Bu barədə Crossmedia.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudov söyləyib ki, səbəbi bilinmədən heç bir müalicə aparmaq mümkün deyil: "Xəstəliyin səbəbi bəlli olmalıdır. Bu məsələ cəmiyyətimizdə sosial problemdir və çox vaxt maddi, şəxsi maraqlar prizmasından araşdırılır. Açığı, üzr istəyirəm, amma əndamı ilə televiziyaya çıxıb sənətkar adlananlara ətək-ətək pul verib toy çağıranları başa düşmürəm. Borca düşüb, dananı, inəyi satıb toy edənlər var. Bir qutu orada- bir qutu burada, saysız-hesabsız kolbasa, sosiska, yeməklər — bu, açıq-aşkar israfçılıqdır. İnsan borcun içində qala-qala gedib şəkil çəkdirir.
Mən İraqda olanda belə bir toy mənzərəsi görmüşdüm: Gözəl bir zal götürmüşdülər. Ortada sadə süfrə var idi. Dünyanın bütün musiqilərinin diskləri mövcud idi. Məclisdə nə oturmağa yer, nə də yemək var idi - yalnız şirələr, sular, siqaretlər. Kim nə istəyirdisə, götürürdü. Musiqi qulaq yorucu deyildi.
Adamlar söhbət edir, tanış olur, problemlərini danışır, ünsiyyət qurur, məsələləri həll edirlər. Yığılan pul bəy-gəlinə verilir ki, heç olmasa bir-iki il rahat yaşaya bilsinlər, bir-birinə uyğunlaşsınlar. Bizdə isə hər şey borcla edilir: borca toy, borca ev əşyası, borca həyat. Bu, özünə hörmət edən millətə yaraşmaz. Səsi olmayan, ritmi olmayan, fonogramla oxuyan, əxlaqsız ifaçılara 10–15 min manat pul verilir. Nə üçün? O pulla gənc ailəyə normal şərait yaratmaq olar ki, bir-birinə uyğunlaşana qədər rahat yaşasınlar".

Məsələ barədə danışan uzman psixoloq, psixoterapevt Səbinə Bayramova isə söyləyib ki, bu fenomeni psixologiyada “özünü təqdimetmə nəzəriyyəsi” (impression management theory) ilə izah oluna bilər: "İnsanlar, xüsusilə ictimai fiqurlar, auditoriyada müəyyən təəssürat yaratmaq üçün davranışlarını strateji şəkildə formalaşdırırlar. Əgər sənətkar hiss edirsə ki, yalnız səsi ilə diqqət çəkmək çətindir və ya bu artıq kifayət etmir, o zaman alternativ yollarla -qalmaqal, şəxsi həyatın ifşası, sosial mediada sərt çıxışlar gündəmdə qalmağa çalışır. Bu, xüsusilə “diqqət iqtisadiyyatı” (attention economy) adlanan müasir mediada daha da güclənib. Burada əsas kapital – diqqətdir. Kim daha çox baxış, paylaşım və reaksiya toplayırsa, o daha çox görünür və nəticədə daha çox təklif alır. Burada “tanınma ehtiyacı” (need for recognition) və “sosial müqayisə nəzəriyyəsi” (social comparison theory) ön plana çıxır. İnsanlar özlərini başqaları ilə müqayisə edərək dəyər hissi formalaşdırırlar. Əgər sənətçi görürsə ki, həmkarı səsi ilə yox, qalmaqalla məşhurlaşır və daha çox diqqət çəkir, bu zaman o da eyni yolu seçməyə meylli ola bilər. Digər tərəfdən, sənətinə sadiq qalan sənətçilər adətən daxili motivasiyaya (intrinsic motivation) sahib olurlar. Onlar üçün sənət bir vasitə deyil, məqsəddir. Onlar məşhurluqdan çox sənətin öz dəyərinə fokuslanırlar. Bu, şəxsiyyətin formalaşma tərzi, dəyərlər sistemi və psixoloji dayanıqlıqla bağlıdır.
Azərbaycan cəmiyyəti kollektivi yüksək qiymətləndirən, amma eyni zamanda fərdi uğura da böyük maraq göstərən bir toplumdur. Bu, bəzən “nə qədər çox danışılıramsa, o qədər varam” düşüncəsini doğura bilir. Televiziya və sosial media platformalarında reytinq əsaslı yanaşma, sənətçinin sənətindən çox şəxsi həyatına fokuslanma, bu tendensiyanı gücləndirir. Eyni zamanda, bəzi sənətçilər üçün sənətə sərmayə qoymaq, yəni vokal təhsili, repertuar seçimi, səhnə mədəniyyəti uzun və zəhmətli prosesdir. Halbuki qalmaqal yaratmaq daha sürətli və az resurs tələb edən bir yoldur. Bu da seçimlərə təsir edir. Burada həm media qurumlarına, həm sənətçilərə, həm də cəmiyyətə mühüm rol düşür. Media reytinq uğrunda keyfiyyətdən imtina etməməli, sənətə, mədəniyyətə və dəyərə əsaslanan proqramlara daha çox yer verməlidir. Sənətçilər daxili motivasiyanı gücləndirməli, sənətə sərmayə qoymalı və uzunmüddətli nüfuzun qısa müddətli diqqətdən daha dəyərli olduğunu anlamalıdır. Cəmiyyət isə izləyici olaraq nəyi dəstəklədiyinə diqqət yetirməlidir. Unutmayaq ki, sənətkarı formalaşdıran təkcə onun istedadı deyil, həm də onu izləyən cəmiyyətin gözləntisidir".

Sosioloq Rəvan Əliyev isə düşünür ki, son dövrlər efirlərdə sənətkarlığın deyil, qalmaqalın və süni şou elementlərinin ön plana çıxması ciddi mədəni problemə çevril: " Vaxtilə Azərbaycan səhnəsində səs, zəhmət və peşəkarlıq əsas meyar idi. Bu gün isə bir sıra “səs ustaları” sənətləri ilə yox, səsdən kənar davranışları ilə gündəmə gəlməyə çalışırlar. Bu tendensiyanın kökündə bir neçə səbəb dayanır: reytinq naminə televiziya siyasətinin dəyişməsi, sosial şəbəkələrin yaratdığı süni populyarlıq modeli və tamaşaçı zövqünün sadələşməsi. Xüsusilə Z nəsli sürətli, vizual və emosional kontentə daha həssasdır, media isə bu tələbi sənət hesabına ödəməyə üstünlük verir. Nəticədə əsl sənət ikinci plana keçir, gənclər üçün yanlış rol modelləri formalaşır, zəhmət və peşəkarlıq yox, asan və tez şöhrət normaya çevrilir. Bu isə uzunmüddətli perspektivdə milli musiqi mədəniyyətimiz üçün risk yaradır".

Yazıçı, mədəniyyət müxbiri Nihat Pirin fikrincə isə bu, ilk növbədə sosial media və internet əlçatanlığının diktəsidir: "Bu gün məşhurlaşmaq, gündəmə gəlmək üçün bəzən on dəqiqə belə kifayət edir. Əvvəllər tanınmaq üçün xüsusi istedad, qabiliyyət, səs və zəhmət lazım idisə, indi bunlar olmadan da məşhur olmaq mümkündür. Belə bir mühitdə artıq gündəmi səs, sənət və talant yox, müxtəlif səpkili “on dəqiqəlik fəaliyyətlər” müəyyənləşdirir. Bu gün efir prodüserləri və aparıcılar reytinq naminə sosial mediada məşhurluq qazanmış şəxslərə meydan verirlər. Çünki müasir televiziyanın əsas ölçü vahidi artıq keyfiyyət deyil, baxış sayıdır".
N.Pir əlavə edib ki, nəticədə bir zamanların böyük sənətçiləri, böyük səs sahibləri də gündəmdən kənarda qalmamaq üçün bəzən bu cür yollara əl atmaq məcburiyyətində qalırlar: "Çünki müasir dövr onu tələb edir ki, sənətçi təkcə oxumaqla kifayətlənməməlidir, eyni zamanda gündəmdə olmalı, haqqında danışılmalı, diqqət mərkəzində qalmalıdır. Dünyaca məşhur aktyor Cilian Mörfinin heç bir sosial media hesabı yoxdur. Amma ondan və sənətindən bütün dünya danışır. Bəli, bura Hollivud deyil, Azərbaycandır, amma Mörfi təcrübəsi göstərir ki, hər şeyi elə dövrün, internetin, reytinqin üzərinə atmaq doğru deyil. Sənətçi hamıdan öncə birinci öz sənətinə hörmət etməlidir".
Ayhan
11:02 27.01.2026
Oxunuş sayı: 619