Azərbaycan öz iqtisadi imkanlarını və karbohidrogen ehtiyatlarını qonşu ölkələr üçün də əlçatan edir - DEPUTAT
Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir.
Prezident İlham Əliyev yanvarın 20-də Davosda "Euronews" televiziyasına müsahibəsində bildirib
Dövlət başçısı qeyd edib ki, bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir:
"Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir".
Prezident vurğulayıb ki, Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir:
"Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır".
Milli Məclisin deputatı Hikmət Babaoğlu dövlət başçısının səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a açıqlama verib.
O bildirib ki, Azərbaycan Cənubi Qafqazda sülh yaradıcısı kimi yalnız siyasi razılaşmalarla kifayətlənmir, sülhü iqtisadi, sosial və humanitar müstəvilərə daşıyaraq onu uzunmüddətli və əbədi etmək niyyətindədir: "Azərbaycan Prezidenti Davosda arzuolunan bir qonaq idi və onun fikirləri iştirakçıların hər biri üçün maraqlı idi. Buna görə də o, dərhal qlobal medianın diqqət mərkəzinə düşdü və Davosdan həm dünyanın iqtisadi trendləri, iqtisadi gələcəyi, həm də dünyada formalaşan yeni sülh yanaşmaları ilə bağlı mühüm strateji mesajlar verdi. Bu mesajlardan birincisi, əlbəttə ki, Cənubi Qafqazda sülhlə bağlı idi. Azərbaycan regionda sülh yaradıcısıdır və sülh quruculuğunun yeni bir nümunəsini təqdim edib. Bu nümunə öz gücünə və öz hesabına ən mürəkkəb problemlərin beynəlxalq hüquq çərçivəsində həll olunmasının bariz göstəricisidir. Bu, mühüm bir hadisədir. Hazırda Azərbaycan təcrübəsində sülhün yalnız sənədlər və siyasi aktorlar səviyyəsində deyil, eyni zamanda xalq, iqtisadi, sosial, humanitar və mədəni müstəvilərə endirilməsi prosesi gedir ki, bu da sülhün dayanıqlı və uzunmüddətli olması üçün vacib şərtdir. Hətta Azərbaycan Prezidenti bildirdi ki, biz uzunmüddətli yox, əbədi sülh istəyirik. Bu, olduqca vacib bir məqamdır. Məhz buna görə də Azərbaycan öz iqtisadi imkanlarını və karbohidrogen ehtiyatlarını qonşu ölkələr üçün də əlçatan edir. Bununla da dolayısı ilə inklüziv regional münasibətlər sistemi formalaşdırır ki, mənə elə gəlir, bu da unikal bir nümunədir".
Ülvi Zahidov
17:13 21.01.2026
Oxunuş sayı: 1095