20 Yanvar təsadüfi hadisə deyildi - Tarixçi- alim bilinməyənləri açıqladı
20 Yanvar 1990-cı il Azərbaycan xalqının yaddaşına təkcə qanlı bir faciə kimi deyil, eyni zamanda azadlıq iradəsinin sarsılmaz ifadəsi kimi həkk olunmuşdur. Sovet imperiyasının hərbi gücü qarşısında silahsız insanların göstərdiyi mənəvi müqavimət milli azadlıq hərəkatının dönüş nöqtəsinə çevrildi. Həmin gecə Bakının küçələrində axıdılan qan, əslində, xalqın müstəqillik yolunda ödədiyi ağır, lakin şərəfli bədəlin simvolu idi.
Bu faciə təkcə bir günün hadisəsi deyil — o, onilliklər boyu yığılıb qalan siyasi ziddiyyətlərin, imperiya təfəkkürünün və milli özünüdərkin toqquşmasının nəticəsi idi. 20 Yanvar həm də suallar doğuran tarixdir: bu hadisəyə gətirən səbəblər nələr idi, məqsəd nə idi, xalqın reaksiyası necə formalaşdı və bu faciə Azərbaycanın gələcək dövlətçilik yoluna hansı təsirləri göstərdi?
Məhz bu suallara elmi, obyektiv və tarixi faktlara əsaslanan cavablar tapmaq üçün bu gün tanınmış tarixçi ilə söhbət edirik. Məqsədimiz 20 Yanvar hadisələrinə yalnız emosional yox, həm də analitik və tarixi baxış bucağından nəzər salmaq, bu faciənin mahiyyətini daha dərindən anlamaqdır.
20 Yanvar hadisəsi ilə bağlı tarixçi- alim Boran Əziz Crossmedia.az-la öz fikirlərini bölüşüb:
— 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində və dövlətçilik yaddaşında yeri nədən ibarətdir?
— 20 Yanvar Azərbaycanın qanla yazılmış qəhrəmanlıq tarixidir. Bu gün müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən insanların xatirəsi qarşısında baş əymək hər birimizin mənəvi borcudur. Dünyada minlərlə xalq yaşasa da, onlardan cəmi 197-si müstəqil dövlətə malikdir. Müstəqil dövlət qurmaq asan proses deyil – bunun üçün millətin dövlətçilik təfəkkürü, siyasi iradəsi, azad yaşamaq istəyi və bu yol uğrunda qurban verməyə hazır olması vacibdir. Azərbaycan dövləti xalqımıza nə hədiyyə edilib, nə də asanlıqla əldə olunub. Bu dövlət ağır, əzici, lakin son dərəcə şərəfli mübarizənin nəticəsində yaranıb və 20 Yanvar həmin mübarizənin ən dramatik, eyni zamanda ən şərəfli səhifələrindən biridir.
— Hadisəyə səbəb olan siyasi və tarixi proseslər nələr idi?
— 20 Yanvar təsadüfi hadisə deyildi. Bu, bir qrup hərbçinin və ya erməni dairələrinin impulsiv addımı yox, əvvəlcədən planlaşdırılmış, ciddi şəkildə hazırlanmış hərbi əməliyyat idi. 1988–1989-cu illərdə Sovet rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü kobud şəkildə pozaraq Dağlıq Qarabağ məsələsində ermənipərəst mövqe sərgilədi. Ermənistan və Qarabağdan azərbaycanlıların kütləvi şəkildə qovulması, Azərbaycan kəndlərinə hücumlar, dinc əhalinin qətlə yetirilməsi xalqın qəzəbini daha da artırdı. 1989-cu ilin yanvarında Dağlıq Qarabağda xüsusi idarəetmə komitəsinin yaradılması və onun birbaşa Moskvaya tabe etdirilməsi Azərbaycanın suveren hüquqlarının açıq şəkildə tapdanması idi və bu, xalqın kütləvi etirazlarını labüd etdi.

— Milli Azadlıq Hərəkatı 20 Yanvar ərəfəsində hansı mərhələyə qədəm qoymuşdu?
— 20 Yanvara qədər Azərbaycan xalqı artıq siyasi baxımdan ciddi şəkildə ayılmışdı. 1989-cu ilin avqustunda Xalq Hərəkatı növbədənkənar parlamentin çağırılmasını tələb etdi və bu proses nəticəsində Azərbaycan SSR Ali Soveti müstəqillik haqqında bəyannamə qəbul etdi. Bu, SSRİ məkanında ilk belə addımlardan biri idi. Bundan əlavə, Azərbaycan qanunlarının üstünlüyü haqqında qərarın qəbul edilməsi Moskvanın Dağlıq Qarabağı hüquqi yolla Ermənistana verməsinin qarşısını aldı. Sərhədlərin açılması, İran və Türkiyə ilə əlaqələrin bərpası, parçalanmış xalqın birləşməsi ideyası artıq reallığa çevrilməyə başlamışdı. Bütün bunlar Moskvanı ciddi şəkildə narahat edirdi.
— Azərbaycan xalqının müstəqillik yolu hadisələrdən sonra hansı dinamikada inkişaf etdi?
— Sovet rəhbərliyi 20 Yanvar qırğını ilə Azərbaycan xalqını qorxutmaq, müstəqillik yolundan çəkindirmək istəyirdi. Lakin nəticə tam əksinə oldu. Əgər 20 Yanvara qədər cəmiyyətdə SSRİ-nin islah edilə biləcəyi, demokratik federasiya qurula biləcəyi ilə bağlı ümidlər var idisə, bu faciədən sonra hər kəsə aydın oldu ki, xalqın təhlükəsizliyinin və gələcəyinin yeganə yolu tam müstəqillikdir. 20 Yanvar Milli Azərbaycan Hərəkatında dönüş nöqtəsi oldu, sonun başlanğıcına çevrildi və dövlət müstəqilliyimizin bərpası yolunda həlledici mərhələ kimi tarixə düşdü.
11:47 20.01.2026
Oxunuş sayı: 2874