Pakistan Xarici İşlər Nazirliyi şənbə günü vətəndaşlarını İranda artan etirazlar və iğtişaşlar fonunda lazımsız səyahətlərdən çəkinməyə çağırıb.
Crossmedia.az bu barədə Pakistan mediasına istinadən xəbər verir.
Nazirlik bildirir ki, təhlükəsizlik şəraiti yaxşılaşana qədər İran İslam Respublikasına səyahətlər minimuma endirilməlidir.
İranda qalan Pakistan vətəndaşlarına ehtiyatlı olmaq, sayıq qalmaq və vacib olmayan səfərləri təxirə salmaq tövsiyə olunur. Nazirlik, həmçinin Pakistan nümayəndəlikləri ilə müntəzəm əlaqə saxlamağın vacibliyini vurğulayıb.
Pakistanın Tehrandakı səfirliyi vətəndaşlar üçün böhran idarəetmə bölməsi yaradıb. Pakistanın İrandakı səfiri Məhəmməd Mudassir Tipu bildirib ki, vətəndaşlar bu bölmə ilə əlaqə saxlaya, gecə-gündüz aktiv olan beş əlaqə nömrəsindən istifadə edə bilərlər. Bölmənin təfərrüatları həmçinin səfirliyin sosial media səhifəsində paylaşılıb.
Qeyd edək ki, İranda yaşayış xərclərinin artmasına qarşı başlayan etirazlar davam edir və hakimiyyət internetdə məhdudiyyətlər tətbiq edib.