Saxta ətirlər dəridə allergiyaya səbəb ola bilər – Ekspert xəbərdarlıq edir
Hər birimizin sevdiyi ətir, sadəcə xoş qoxu deyil, həm də üslub və zövq göstəricisidir. Amma bazarda ətir alarkən diqqətli olmaq lazımdır – hər satılan məhsul orijinal olmaya bilər. Ekspertlər bildirir ki, saxta ətirlər yalnız qoxunu təqlid etmir, eyni zamanda dəridə allergik reaksiyalar, qızartı və digər problemlər yarada bilər. Belə hallardan qorunmaq üçün yalnız sertifikatlı mağazalardan və mütəxəssislərdən alış-veriş etmək tövsiyə olunur.
Bu barədə Crossmedia.az-a açıqlama verən ətir üzrə ekspert Samir Əliyev bildirib ki, ətir ilk dəfə sıxıldıqda spirt qoxusunun hiss olunması normal haldır. Onun sözlərinə görə, ətirlərin tərkibində əsasən 96 faizlik xüsusi etanol spirti istifadə olunur və bu, məhsulun keyfiyyət göstəricisi hesab edilir:
"Spirtin istifadəsi vacibdir ki, ətirin tərkibində olan üst, orta və baza notları tədricən açılsın.Ətirlər tərkib və konsentrasiyasına görə bir neçə növə bölünür. Məsələn, yüngül konsentrasiyalı (EDT) ətirlərdə 5–15 faiz ətir maddəsi olur və bu tip ətirlərin qalıcılığı adətən 6–8 saat təşkil edir. Bu kateqoriyada spirtin payı daha çox olduğu üçün ilk vuruluş zamanı spirt qoxusu daha aydın hiss oluna bilər.
EDP tipli ətirlərdə isə 15–20 faiz ətir maddəsi istifadə olunur. Bu səbəbdən spirt qoxusu EDT-yə nisbətən daha zəif olur və qalıcılığı 12 saatdan yuxarıdır.
Parfum və Extrait de Parfum növlərində isə ətir maddələrinin miqdarı 30–40 faizə qədər yüksəlir. Bu tip ətirlərdə ilk vuruluş zamanı spirt qoxusu hiss olunmaya bilər, lakin cüzi formada yenə də mövcud olur".
Ekspert vurğulayıb ki, bu gün ətir sahəsində özünü parfumer adlandıran şəxslərin sayı artsa da, bu, hər zaman doğru və peşəkar yanaşma demək deyil:
"Saxta ətirlər mövcuddur və bu məhsullar bəzən dəri üçün zərərli olan qatqılı ətir yağlarından hazırlanır. Həmçinin, dermatoloqlar da bu riskləri təsdiqləyiblər. Buna görə də istehlakçılara sertifikatlaşdırılmış mağazalara və mütəxəssislərə müraciət etmək tövsiyə olunur. Belə ki, saxta ətirlər dəridə səpki, qızartı və allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə allergiyaya meyilli insanlarda bu əlamətlər ilk istifadə anında, yəni dərhal ortaya çıxa bilər".
S.Əliyev onu da qeyd edib ki, ətirin qalıcılığının az olması onun saxta olduğu anlamına gəlmir. Hər bir ətirin özünəməxsus qalıcılığı və yayıcılığı var və bu göstəricilər əsasən ətirin üst, orta və baza notlarından asılıdır.
Fatimə Məmmədova
11:58 10.01.2026
Oxunuş sayı: 2292