İran şahı bəyanat yaydı: İrana qayıtmağa hazırlaşıram
İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi ölkədə mümkün siyasi dəyişikliklər fonunda İrana qayıtmağa hazırlaşdığını bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, yayımladığı video müraciətdə İran xalqını, xüsusilə iqtisadiyyatın əsas sektorlarında — nəqliyyat, neft, qaz və enerji sahələrində çalışan işçiləri ümumxalq tətilinə başlamağa çağırıb.
Rza Pəhləvi bildirib ki, məqsəd təkcə etiraz məqsədilə küçələrə çıxmaq deyil, eyni zamanda şəhər mərkəzlərini ələ keçirməyə və nəzarətdə saxlamağa hazırlaşmaqdır. Onun sözlərinə görə, bu mərhələ ölkədə “milli inqilabın” qələbəsi üçün həlledici ola bilər.
“İndi məqsədimiz sadəcə küçələrə çıxmaq deyil. Məqsədimiz şəhər mərkəzlərini ələ keçirməyə və saxlamağa hazırlaşmaqdır”, – deyə o vurğulayıb.
Rza Pəhləvi, həmçinin inqilabın qələbəsi anında İran xalqı ilə birlikdə olmaq üçün vətəninə qayıtmağa hazırlaşdığını qeyd edib. O, bu günün yaxın olduğunu düşündüyünü bildirib.
Qeyd edək ki, Rza Pəhləvi uzun illərdir mühacirətdə yaşayır və İran İslam Respublikasına qarşı müxalif mövqeyi ilə tanınır.
11:13 10.01.2026
Oxunuş sayı: 1897