Venesuelada baş verən hadisələr fonunda neft ucuzlaşır - Professor perspektivi açıqladı
"Dünya iqtisadiyyatı və Azərbaycan"(Layihənin ideya müəllifi, professor Rüfət Quliyevdir)
Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. İkinci Dünya müharibəsindən sonra formalaşmış və uzun illər qlobal təhlükəsizlik, hüquqi nizam və çoxtərəfli əməkdaşlıq mexanizmi kimi təqdim olunan beynəlxalq institutlar bu gün getdikcə öz təsir imkanlarını itirir. Qlobal siyasi proseslər göstərir ki, beynəlxalq hüququn universal prinsipləri ilə real güc balansı arasında ciddi uyğunsuzluq yaranıb. Nəticədə dövlətlərarası münasibətlərdə hüquqi mexanizmlərdən daha çox siyasi və iqtisadi təsir alətləri ön plana çıxır.
Bu dəyişikliklər xüsusilə enerji təhlükəsizliyi və qlobal resursların bölüşdürülməsi kontekstində özünü daha qabarıq şəkildə göstərir. Neft və qaz kimi strateji resurslar artıq təkcə iqtisadi əmtəə deyil, eyni zamanda geosiyasi təsir vasitəsinə çevrilib.
Enerji bazarlarında baş verən hər bir dəyişiklik, tətbiq olunan sanksiyalar, investisiya qərarları və hasilatla bağlı razılaşmalar qlobal siyasi maraqların toqquşduğu mühüm platformaya çevrilir.
Bu çərçivədə Venesuela ətrafında cərəyan edən proseslər, böyük güclərin enerji bazarındakı mövqeləri və onların bir-biri ilə rəqabəti daha geniş geosiyasi mənzərənin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Burada söhbət təkcə neft hasilatının həcmlərindən və ya qiymət dəyişikliklərindən getmir; əsas məsələ beynəlxalq sistemin hansı prinsiplər əsasında işlədiyi və bu prinsiplərin real siyasətdə nə dərəcədə tətbiq oluna bildiyidir.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Birləşmiş Millətlər Təşkilatının əsas sənədləri, fundamental konvensiyaları və beynəlxalq hüquq mexanizmləri faktiki olaraq öz funksionallığını itirib. Bu sistem, demək olar ki, dağılıb. Bugünkü reallıq onu göstərir ki, artıq beynəlxalq münasibətlərdə hüquq deyil, güc həlledici rol oynayır. Bu tendensiyanı son on, on beş, hətta iyirmi il ərzində açıq şəkildə müşahidə edirik və bunu birbaşa öz təcrübəmizdə də hiss etmişik. Otuz il ərzində BMT Ermənistanı işğala son qoymağa məcbur edə bilmədi, nəticədə Azərbaycan öz problemini özü həll etdi. Venesuela məsələsinə gəldikdə isə, hazırda bu ölkə gündəlik təxminən bir milyon barelə yaxın neft hasil edir ki, bu da dünya neft bazarının təqribən bir faizi deməkdir. Venesuela nefti ağır neft kateqoriyasına aiddir, yəni tərkibində əlavə maddələr çoxdur. Bu səbəbdən də xüsusi neft-qaz emalı zavodlarında dərin təmizləmə tələb edir. Bu isə əlavə xərclər və daha yüksək istehsal məsrəfləri deməkdir. ABŞ-nin bu istiqamətdə atdığı addımlar daha çox hansı tərəflərin maraqlarına toxunur sualına gəldikdə, burada əsas zərbə Rusiya və Çinin maraqlarına dəyir. Aparılan analizlər göstərir ki, son on beş il ərzində Rusiya Venesueladakı neft layihələrinə təxminən 17–18 milyard dollar, Çin isə 20 milyard dollardan artıq investisiya yatırıb. Bu baxımdan hesab edirəm ki, prosesin təsiri daha çox siyasi xarakter daşıyır, nəinki iqtisadi. Doğrudur, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Amerika şirkətləri, xüsusilə "Chevron" və digər iri enerji şirkətləri Venesuelada neft hasilatını artırmaq üçün on milyardlarla dollar həcmində investisiya qoymağa hazırlaşır. Lakin bu proses qısa müddətdə mümkün deyil. Bu cür layihələrin reallaşması üçün ən azı bir neçə il vaxt tələb olunur".

O bildirib ki, ən optimist ssenari üzrə Venesuelada gündəlik neft hasilatının bir milyon bareldən maksimum bir milyon yüz min və ya bir milyon iki yüz min barelə çatdırılması mümkündür ki, bu da qlobal neft bazarına ciddi təsir göstərə biləcək həcmdə deyil: "Hazırda neft bazarında ümumi trend qiymətlərinin aşağı düşməkdədir. "Artıq “Brent” markalı neftin qiymətinin 60 dollardan aşağı səviyyələrdə formalaşması ehtimalı müzakirə olunur. Bazarda təklif kifayət qədər çoxdur, tələbdə isə ciddi artım müşahidə edilmir. Bu səbəbdən qiymət artımı üçün fundamental əsaslar mövcud deyil. Ən yaxşı halda bazarda nisbi stabillik yarana bilər. Neft bazarı ümumilikdə spesifik bazardır. Neft, qızıl, gümüş kimi strateji xammallar həmişə spekulyativ təsirlərə məruz qalır. Lakin uzunmüddətli perspektivdə əsas müəyyənedici faktor yenə də tələb və təklif balansıdır. Əgər Çin və Hindistan kimi iri iqtisadiyyatlarda 2026-cı ildə ciddi iqtisadi artım müşahidə olunmasa, neftə olan tələbat da artmayacaq. Hazırda Çində iqtisadi artım təxminən 4,9 faiz səviyyəsindədir və bu göstərici 7–8 faizə yüksəlmədiyi müddətdə qlobal neft tələbatında ciddi sıçrayış gözləmək real deyil. Bu baxımdan, bazarda yalnız məhdud volatillik mümkündür: qiymətlər bir-iki dollar arta və ya iki-üç dollar enə bilər. Lakin kəskin bahalaşma və ya ucuzlaşma üçün ciddi əsaslar yoxdur. Eyni zamanda, OPEC+ tərəfindən qəbul edilən son qərarlar da bazara yeni təsir mexanizmi gətirməyib və mövcud kvotalar dəyişməz qalıb".
Elmir Heydərli
12:27 05.01.2026
Oxunuş sayı: 3986