Moskvanın iflasa uğrayan “etnik kart”ı: Rusiya rəhbərliyi gərginlik içində
Son dövrlər Moskvanın Azərbaycana qarşı etnik mövzular üzərindən apardığı manipulyativ cəhdlər təkcə siyasi polemika müstəvisində deyil, eyni zamanda hüquqi baxımdan da ciddi suallar doğurur. Bu kontekstdə əsas sual aktuallaşır: Rusiya etnik kartı işə salmaq istərsə, Azərbaycan Moskva ilə bağlı məsələləri beynəlxalq məhkəmələrə çıxara bilərmi? Dövlətlərin daxili işlərinə müdaxilə, etnik və milli azlıqlar məsələsindən siyasi təsir aləti kimi istifadə beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir və hüquqi məsuliyyət yaradan addım hesab olunur. Məhz bu baxımdan, Moskvanın “etnik kart” üzərindən apardığı siyasət yalnız diplomatik ritorika deyil, potensial hüquqi nəticələr doğura biləcək riskli və iflasa məhkum strategiya kimi qiymətləndirilir.
Azsaylı xalqların mövcudluğundan problem yaratmağa çalışmaq süni şəkildə formalaşdırılan, faktlara söykənməyən və sırf siyasi məqsədlərə xidmət edən konstruksiyadır. 44 günlük Vətən müharibəsi isə bu iddialara ən tutarlı cavabı verərək, Azərbaycan cəmiyyətinin etnik və dini fərqliliklərdən kənar, vahid dövlət iradəsi ətrafında tam konsolidasiya olunduğunu açıq şəkildə nümayiş etdirdi. Bu kontekstdə, etnik kartdan istifadə etməyə çalışan mərkəzlər anlamalıdırlar ki, belə siyasət təkcə nəticəsiz deyil, eyni zamanda risklidir. Azərbaycan bu cür çağırışlara cavab vermək üçün kifayət qədər siyasi təcrübəyə, diplomatik alətlərə və beynəlxalq gündəm formalaşdırmaq imkanlarına malikdir. Söhbət təkcə cavab reaksiyasından deyil, Rusiyanın öz kolonial keçmişi, Qafqaz xalqlarına qarşı aparılmış deportasiya və assimilyasiya siyasəti, sistemli islamofobiya və etnik azlıqların müharibələrdə resurs kimi istifadəsi kimi mövzuların beynəlxalq müstəviyə daşınmasından gedir. Bakı sərhədin o tayındakı etnik reallıqları və bu siyasətlərin hansı fəsadlar doğurduğunu kifayət qədər yaxşı bilir.
Bu ittihamlarla bağlı fəlsəfə doktoru Məhəmməd Cəbrayılov Crossmedia.az-a açıqlama verib. O bildirib ki, Moskvanın Azərbaycana qarşı etnik mövzular üzərindən qurduğu strategiya həm 44 günlük Vətən müharibəsində, həm də sonrakı antiterror əməliyyatları zamanı tam iflasa uğradı:
“Azərbaycan xalqı – talışı, ləzgisi və ölkədə yaşayan bütün etnik qruplar bir yumruq ətrafında, Prezidentin ətrafında birləşdi. Bu birlik imperial maraqlar və strategiyalar yürüdən dövlətlərə açıq mesaj oldu: Azərbaycan xalqı öz iradəsi ilə bütövdür. Bu həm də dünyaya nümayiş etdirdi ki, Azərbaycanda separatizmə yer yoxdur və indiyədək Rusiyanın müxtəlif mərhələlərdə inşa etməyə çalışdığı separatist ssenarilər tam iflasa uğrayıb. Bundan sonra Azərbaycana qarşı bu tip bədniyyətli cəhdlərin həyata keçirilməsi mümkün olmayacaq. Çünki Azərbaycan xalqı vahiddir, Azərbaycan bütün xalqların vətənidir. Azərbaycanda heç vaxt etnik ayrı-seçkilik olmayıb və olmayacaq. Lakin etnik separatizm üzərindən Azərbaycana qarşı siyasət quran imperial mərkəzlər anlamalıdırlar ki, onların öz imperiya keçmişi başqa xalqların mədəniyyətinin, dilinin asimilyasiyası üzərində qurulub. Rusiyanın keçmişi də, bu günü də bunu açıq şəkildə göstərir. Hazırda Rusiyanın daxilində çoxsaylı etnik xalqlar yaşayır və onlara qarşı sistemli asimilyasiya siyasəti aparılır”.

M. Cəbrayılov qeyd edib ki, bu baxımdan Rusiya əvvəlcə öz keçmişinə və bu günün reallıqlarına baxmalı, sonra Azərbaycana qarşı yürütdüyü siyasəti dəyərləndirməlidir:
“Azərbaycanda separatizmin manipulyasiya olunması üçün heç bir sosial və siyasi zəmin yoxdur. Azərbaycan xalqı bu məsələyə artıq müharibə və antiterror əməliyyatları ilə son qoyub. Separatizm Azərbaycanda tam şəkildə iflasa uğrayıb və ölkəmizə qarşı strateji planlar quran mərkəzlər bu reallığı qəbul etməlidirlər. Moskvanın Azərbaycana qarşı etnik mövzular üzərindən irəli sürdüyü iddialar reallıqdan uzaqdır. Bu siyasətin əsas məqsədi aydındır: Azərbaycan artıq Cənubi Qafqazda müstəqil siyasət yürüdən, geosiyasi maraqlarını özü müəyyən edən əsas aktora çevrilib. Bu isə Rusiyanı qıcıqlandırır. Çünki Rusiya uzun illər Azərbaycanı öz geosiyasi təsir dairəsində görmək istəyib. Bu istəklər artıq reallıqla uzlaşmır. Azərbaycan müstəqil siyasət yürütmək üçün kifayət qədər resurslara malikdir, daxili birlik və sabitlik mövcuddur, etnik qarşıdurma ehtimalı isə sıfırdan da aşağıdır. Konspirativ yanaşmalar və xəyali ssenarilər Azərbaycan üçün heç vaxt reallığa çevrilməyəcək. Rusiyanın görmək istədiyi siyasəti həyata keçirmək üçün Azərbaycanda nə sosial, nə siyasi, nə də ideoloji resurs var”.
Ekspert vurğulayıb ki, Rusiya öz daxilindəki problemlərə baxmalıdır:
“Şimali Qafqazda milli azadlıq hərəkatlarının qəddar şəkildə boğulması, federativ subyektlərin öz müqəddəratını təyin etmək hüququndan faktiki olaraq məhrum edilməsi bunu açıq şəkildə göstərir. Rusiya tərkibində çoxsaylı federativ subyektlər var ki, onların beynəlxalq hüquqa əsaslanan hüquqları kağız üzərində qalır. Bu səbəbdən Rusiya Azərbaycanla münasibətlərdə ehtiyatlı davranmalı və nəzərə almalıdır ki, Şimali Qafqazda, Tatarıstanda, Başqırdıstanda və digər regionlarda milyonlarla müsəlman və türk-müsəlman xalqları yaşayır. Bu reallıqlar da Moskvanın siyasətində nəzərə alınmalıdır. Nəticə etibarilə, Azərbaycana qarşı etnik separatizm kartından istifadə etmək cəhdləri nə keçərlidir, nə də mümkündür. Şimalda və ya cənubda bu mövzular üzərindən hər hansı manipulyasiya cəhdi iflasa məhkumdur və Azərbaycan üçün real təhlükə yaratmır”.
Beynəlxalq hüququn fundamental prinsiplərinə əsasən, dövlətlərin daxili işlərinə müdaxilə, xüsusilə də etnik və milli azlıqlar məsələsi üzərindən siyasi təsir göstərmək yolverilməzdir. BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və dövlətlərin suveren bərabərliyi prinsipini təsbit edən digər beynəlxalq sənədlər etnik mövzuların manipulyasiya alətinə çevrilməsini açıq şəkildə qadağan edir. Bu baxımdan, hər hansı üçüncü dövlətin Azərbaycanın daxili etnik reallıqlarını təhrif edərək siyasi təzyiq vasitəsi kimi istifadə etməsi beynəlxalq hüququn kobud pozuntusu hesab olunur.
Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Crossmedia.az-a verdiyi açıqlamada bildirib ki, Azərbaycanın Rusiyanın kolonial keçmişi, etnik tənzimləmə siyasəti və etnik azlıqlardan müharibələrdə istifadəsi ilə bağlı faktları beynəlxalq müstəviyə çıxarması həm tarixi ədalətin bərpası, həm də müasir geosiyasi strategiya baxımından əsaslandırılmış və məqsədyönlü addım kimi qiymətləndirilə bilər:
“Bu təşəbbüs yalnız keçmişə dair ittihamların səsləndirilməsi deyil, eyni zamanda Rusiyanın bu gün apardığı siyasətin ideoloji və struktur köklərinin ifşasına xidmət edir. Bu məsələlərin beynəlxalq gündəmə çıxarılması praktiki baxımdan tamamilə realdır və bunun üçün mövcud beynəlxalq mexanizmlər kifayət edir. BMT-nin İnsan Hüquqları Şurası, ATƏT və Avropa Şurası kimi platformalarda dekolonizasiya, etnik azlıqların hüquqları və sistematik diskriminasiya mövzuları üzrə müzakirələr və xüsusi dinləmələr təşəbbüs edilə bilər”.

Hüquqşünas qeyd edib ki, xüsusilə 1948–1953-cü illərdə azərbaycanlıların Ermənistandan zorla köçürülməsi kimi faktlar bu kontekstdə ciddi sübut bazası formalaşdırır:
“Azərbaycanın son illərdə ‘Bakı Təşəbbüs Qrupu’ vasitəsilə digər dövlətlərin kolonial siyasətlərini beynəlxalq səviyyədə gündəmə gətirməsi isə göstərir ki, bu istiqamətdə artıq siyasi və institusional presedent mövcuddur. Rusiya imperiyasının Qafqazda yerli idarəçilik institutlarını ləğv etməsi, iqtisadi resursların mərkəzləşdirilmiş şəkildə istismarı və ruslaşdırma siyasəti klassik kolonial idarəçilik modelinin elementləri kimi qiymətləndirilə bilər”.
Ekspert vurğulayıb ki, XIX əsrdə çərkəzlərin kütləvi şəkildə Qafqazdan çıxarılması, XX əsrdə Krım tatarlarının, çeçenlərin, inquşların və Axısqa türklərinin sürgün edilməsi müasir beynəlxalq hüquq prizmasından “insanlığa qarşı cinayətlər” anlayışı ilə əlaqələndirilə bilər. Eyni zamanda, müasir dövrdə Rusiya Federasiyası daxilində etnik azlıqların Ukrayna müharibəsində qeyri-mütənasib şəkildə ön cəbhəyə göndərilməsi “daxili kolonializm” anlayışı çərçivəsində beynəlxalq ekspertlər tərəfindən müzakirə olunur.
Nəticə etibarilə, Azərbaycanın bu mövzunu beynəlxalq müstəviyə çıxarması emosional və ya konjonktural addım deyil, beynəlxalq hüquq, tarixi ədalət və qlobal siyasi balans prizmasından baxıldıqda rasional və strateji yanaşma kimi dəyərləndirilə bilər.
Sevinc Yarməmmədova
15:35 29.12.2025
Oxunuş sayı: 1957