Mişustin və Matviyenko Azərbaycan liderinə təbrik məktubu ünvanlayıblar
Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Crossmedia.az-ın məlumatına görə, mətndə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyinizlə dost Azərbaycan milli iqtisadiyyatın və sosial sahənin inkişafına, vətəndaşlarının rifahının yaxşılaşdırılmasına və beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsinə yönəlmiş genişmiqyaslı islahatlar yolu ilə inamla irəliləyir.
Rusiya-Azərbaycan münasibətlərinin mehriban qonşuluq və qarşılıqlı hörmət ruhunda möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqəti xüsusilə qeyd etmək istərdim. Ən yüksək səviyyədə qəbul edilmiş qərarlara uyğun olaraq, iqtisadi-ticari və investisiya əməkdaşlığı durmadan inkişaf edir, perspektivli birgə layihələr həyata keçirilir, regionlararası əlaqələr və işgüzar təmaslar genişləndirilir.
Əminəm ki, əməkdaşlığın daha da gücləndirilməsi, müxtəlif sahələrdə yeni qarşılıqlı faydalı təşəbbüslərin təşviqi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam cavab verir.
Həmişə səmimi və etimad mühitində keçən söhbətlərimizi xoş duyğularla xatırlayıram. Konstruktiv ünsiyyətimizi davam etdirmək imkanına şad olaram.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".
***
Həmçinin, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Sizin siyasi karyeranız cəsarətlə irəliləyən, dürüstlük, qətiyyət və ölkəsinin taleyinə görə məsuliyyət nümayiş etdirən, enerjisi ilə həmfikir insanları və tərəfdarları ruhlandıran bir liderin yoludur.
Sizin çoxillik fədakar əməyiniz sayəsində Azərbaycan sosial-iqtisadi inkişafda, dövlətçiliyinin möhkəmləndirilməsində və beynəlxalq nüfuzunun yüksəldilməsində mühüm nəticələrə nail olmuşdur.
Rusiya-Azərbaycan parlament dialoqunun genişləndirilməsi məsələlərinə göstərdiyiniz davamlı diqqəti minnətdarlıqla qeyd edirəm. 2025-ci ilin mart ayında Bakıya səfərimi xüsusi səmimiyyətlə xatırlayıram. Mənə göstərdiyiniz mehriban münasibəti yüksək dəyərləndirirəm.
Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar arzulayıram.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
13:24 19.12.2025
Oxunuş sayı: 1488