Deputat: Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı gələcəkdə daha da güclənəcək və ...
Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq strateji müttəfiqlik səviyyəsində davam edir. İki ölkə arasında keçirilən yüksək səviyyəli görüşlər bu münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir. Son olaraq dekabrın 18-də Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşü baş tutub. Görüş çərçivəsində hərbi əməkdaşlığın mövcud durumu və gələcək perspektivləri müzakirə edilib.
Bu konteksdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişafi barədə Milli Məclisin deputatı Elşad Musayev Crossmedia.az-a açıqlama verib: "Məlum olduğu kimi, görüşdə Azərbaycan–Türkiyə əməkdaşlığının cari vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi, ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Kərim Vəliyev daha əvvəl də müxtəlif dövrlərdə Türkiyə Silahlı Qüvvələrinin komandirləri ilə görüşlər keçirib və bu görüşlər davamlı xarakter daşıyır. Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, hərbi və digər sahələrdə geniş əməkdaşlıq mövcuddur. Tərəflər arasında imzalanmış Şuşa Bəyannaməsi strateji əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında hərbi təhlükəsizliyin möhkəmləndirilməsi üzrə anlaşma memorandumları da artıq Milli Məclisdə müzakirədədir".
Elşad Musayev hesab edir ki, Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı gələcəkdə daha da güclənəcək və regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq: "Hər iki ölkə strateji müttəfiqdir və qarşılıqlı hərbi dəstək öhdəliyi mövcuddur. Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün önəmli təsir göstərəcək".
Fidan Bəhmənova
10:29 19.12.2025
Oxunuş sayı: 1602