Müdafiə naziri Putini niyə və necə aldadır?- SENSASİYA
Ukraynada davam edən müharibə şəraitində Rusiya hərbi-siyasi rəhbərliyinə təqdim edilən məlumatların doğruluğu növbəti dəfə sual altına düşüb. Xarici KİV-in yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putinə guya Rusiya qüvvələri tərəfindən “ələ keçirilmiş” kimi təqdim olunan yaşayış məntəqəsi faktiki olaraq Moskvanın nəzarətində deyil. Məsələ Rusiya müdafiə naziri Andrey Belousovun dövlət başçısı ilə görüşü zamanı səsləndirdiyi açıqlama və bu açıqlamanı müşayiət edən xəritə ilə bağlıdır.
Məlumatlara əsasən, sözügedən xəritədə Malaya Tokmaçka kəndi real yerləşdiyi ərazidən təxminən 20 kilometr qərbdə göstərilib və bu da kəndin guya Rusiya qüvvələrinin nəzarətinə keçdiyi təəssüratını yaradıb. Halbuki mövcud əməliyyat vəziyyəti Malaya Tokmaçkanın hələ də Ukrayna tərəfinin nəzarətində qaldığını göstərir. Hadisə Rusiya daxilində hərbi hesabatların obyektivliyi, həmçinin ali siyasi rəhbərliyin döyüş meydanındakı real vəziyyət barədə nə dərəcədə dəqiq məlumatlandırıldığı ilə bağlı ciddi suallar doğurur.
Belə çıxır ki, Rusiya hərbi- siyasi elitasında heç də hər şey şəffaf deyil. Və generallar açıq - aydın Putini aldadırlar. Oxşar hal bir müddət əvvəl Kupyanska bağlı da yaşanmışdı. Rusiya Kupyanska tam nəzarət etdiyini bildirsə də, Ukrayna Prezidenti Volodimir Zelenski həmin əraziyə getmişdi. Beləliklə, hərbi elitanın Putinə yalan dediyi bir sübut edilmişdi.

Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Kupyanskla bağlı da vəziyyət eynidir. Rusiya tərəfi bəyan edir ki, şəhər ələ keçirilib. Lakin praktiki olaraq mümkün ola bilər ki, Ukrayna tərəfi həmin əraziyə daxil olaraq görüntülər çəkib və “biz buradayıq” mesajı verib. Bu isə avtomatik olaraq “ruslar oranı tutmayıb” kimi təqdim olunur. Müharibə şəraitində tez‑tez rast gəlinən mənzərə budur ki, bir məhəllə bir tərəfin, bir bina digər tərəfin nəzarətində olur və hər kəs mövcud vəziyyəti özünə uğur kimi təqdim edir. Bu, təkcə hərbi əməliyyatlar deyil, eyni zamanda informasiya müharibəsidir. Xüsusilə cəbhənin intensiv irəlilədiyi istiqamətlərdə bir kəndin belə “ələ keçirilməsi” ciddi uğur kimi təqdim oluna bilər. Lakin istisna deyil ki, bu məlumat ya şişirdilmiş, ya da sadəcə səhv olsun. Burada əsas sual yaranır: Prezident Vladimir Putin bu vəziyyəti necə qiymətləndirəcək? Əgər o, müdafiə nazirinin onu aldatdığını düşünərsə, böyük ehtimalla məsul şəxslər cəzalandırılacaq. Əgər bu məlumat əvvəlcədən razılaşdırılmış və siyasi‑hərbi məqsədlərə xidmət edən bir təqdimat kimi qəbul edilərsə, məsələ üzərindən keçilə bilər. Texniki səhv kimi dəyərləndirildiyi halda isə ya xəbərdarlıq, ya da müəyyən inzibati cəza tətbiq edilə bilər. Yəni nəticə etibarilə hər şey bir əsas suala dayanır: bu məlumat Putindən əvvəl razılaşdırılmışdı, yoxsa real vəziyyətin yanlış təqdimatı idi? Yaxud da sadəcə operativ səviyyədə buraxılmış texniki səhv ola bilərmi? Putin məhz bu qiymətləndirməyə uyğun olaraq müdafiə nazirinə münasibət göstərəcək".
Politoloq, həmçinin müharibələrdə informasiya savaşının real döyüşlərin tərkib hissəsi olduğunu və bu cür halların tez‑tez baş verdiyini qeyd edib: "Bunun bariz nümunəsini İkinci Qarabağ müharibəsində görmüşdük. Hadrutun azad edilməsi ilə bağlı Azərbaycan tərəfi məlumat yaymışdı, lakin bir rusiyalı jurnalist erməni mənbələrinə istinadla Hadrut girişində çəkiliş apararaq “Hadrut alınmayıb” iddiasını irəli sürmüşdü. Sonradan isə məlum oldu ki, şəhər tam şəkildə Azərbaycan Ordusunun nəzarətinə keçib. Eyni hal Qırmızı Bazarla bağlı da yaşanmışdı. İlkin olaraq azad edildiyi elan olunsa da, sonra bunun doğru olmadığı ortaya çıxdı və həmin məlumatı verən general Prezident tərəfindən cəzalandırıldı. Yəni müharibədə bu cür vəziyyətlər mümkündür. Məlumatın şüurlu şəkildə təhrif edilməsi, operativ səhv və ya əvvəlcədən razılaşdırılmış informasiya siyasəti olub‑olmaması müəyyən edildikdən sonra müvafiq qərarlar qəbul edilir: ya cəza verilir, ya töhmət elan olunur, ya da məsələ bağlanır".
Elmir Heydərli
14:11 18.12.2025
Oxunuş sayı: 1838