Qorxu evləri uşaqlar üçün təhlükəlidirmi?
Qorxu evlərinə 18 yaşdan aşağı uşaqların buraxılması ciddi psixoloji risklər yarada bilər. Uşaqlarda beyin təhlükəni hələ tam ayırd edə bilmədiyi üçün süni qorxu real təhlükə kimi qəbul olunur və bu da güclü stress reaksiyasına səbəb olur. Bu cür təsirlər nəticəsində uşaqlarda narahatlıq, panik hallar və emosional tənzimləmə problemləri yarana bilər.

Bu sözləri Crossmedia.az-a açıqlamasında psixoloq Nizami Orucov son vaxtlar qorxu evləri ətrafında yaranan müzakirələrdən danışarkən deyib.
Onun sözlərinə görə, xüsusilə uşağın məcburən belə məkanlara aparılması, qorxu səviyyəsinin yüksək olması və ya əvvəlcədən psixoloji həssaslığının mövcudluğu travma riskini daha da artırır:
“Qorxu evindən sonra uşaqlarda gecə qorxuları, kabuslar, tək qalmaqdan imtina, davranış dəyişiklikləri və davamlı narahatlıq müşahidə olunarsa, bu artıq psixoloji zədənin göstəricisi hesab edilə bilər. Belə hallarda valideynlər vəziyyəti ciddi qəbul etməli və mütəxəssisə müraciət etməlidirlər.
Psixoloji baxımdan qorxu evləri üçün minimum yaş həddi ən azı 16–18 yaş aralığında müəyyənləşdirilməlidir və daha kiçik yaşlı uşaqlar üçün bu məkanlar uyğun deyil. Əgər yaş həddi 16+ kimi müəyyən edilirsə, valideynin yazılı razılığı və əvvəlcədən məlumatlandırılması mütləq olmalıdır”.
Ekspert vurğulayıb ki, qorxu evlərində qorxu səviyyəsi açıq şəkildə göstərilməli – yüngül, orta və ya ağır kimi təsnif edilməli, ziyarətçilər bu barədə əvvəlcədən xəbərdar olunmalıdır:
“Eyni zamanda giriş zamanı yaşa ciddi nəzarət edilməli, şəxsiyyət vəsiqəsi ilə yoxlama aparılmalı və 18 yaşdan aşağı şəxslərin daxil olmasına icazə verilməməlidir.Uşağın psixoloji sağlamlığı hər cür əyləncədən üstün tutulmalıdır. Bu məsuliyyət yalnız qorxu evlərini idarə edən müəssisələrin deyil, həm də valideynlərin üzərinə düşür”.
Nihat Tahirov
11:56 18.12.2025
Oxunuş sayı: 1233