Azərbaycanda amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərini gücləndirir – Deputat
Azerbaycanda humanizm və sosial ədalət prinsiplərinə əsaslanan hüquqi siyasətin mühüm təzahürlərindən biri amnistiya institutudur. Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təqdim olunan növbəti Amnistiya aktı ölkənin hüquq tarixində miqyasına görə ən geniş sənədlərdən biri kimi qiymətləndirilir. İlkin proqnozlara əsasən, bu akt 20 mindən artıq şəxsi əhatə edəcək, minlərlə məhkumun azadlığa buraxılmasına, cəzalarının azaldılmasına və ya cinayət məsuliyyətindən azad olunmasına imkan yaradacaq. Bu təşəbbüs dövlətin insan hüquqlarına, cəzanın islahedici mahiyyətinə və cəmiyyətə reinteqrasiya prinsipinə verdiyi önəmin bariz nümunəsidir.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, cənab Prezident İlham Əliyev dəfələrlə amnistiya haqqında sənəd imzalamış və indiyədək Azərbaycanda cəzaçəkmə müəssisələrində cəza çəkmiş şəxslərin minlərlə nəfəri vaxtından əvvəl azadlığa buraxılmışdır: "Yeni amnistiya aktı ilə 20 mindən çox şəxsin bu təşəbbüsə daxil olacağı artıq gözlənilir. Bu təşəbbüs cənab Prezidentin ölkədə humanist amnistiya siyasətinin davamı kimi qiymətləndirilməlidir. İlk dəfə deyil ki, belə bir amnistiya qərarı qəbul edilir. Bundan əvvəl də oxşar hallar olmuşdur. Lakin bu akt xüsusilə Xalq–Hakimiyyət Birliyinin möhkəmləndirilməsi baxımından çox mütərəqqi və təqdirəlayiqdir".
Deputat, həmçinin vurğulayıb ki, 44 günlük müharibə zamanı Azərbaycan xalqı və vətəndaşları dövlət və lider ətrafında birləşmişdi: “Bu vahidlik, dövlətimizin və liderimizin ətrafında vahid yumruq kimi birləşmək təbii birliyimizin davamıdır və əbədidir. Amnistiya haqqında sənəd də göstərir ki, qanun pozuntusu törətmiş şəxslər mövcuddur, lakin müəyyən kateqoriyadan olan vətəndaşların vaxtından əvvəl amnistiyaya düşməsi təşəbbüsü ilə cənab Prezident bir daha böyük humanist jest nümayiş etdirir. Bu, həmin şəxslərin sosial-iqtisadi baxımdan cəmiyyətə reinteqrasiyasını təmin edir və sağlamlaşma mühitinin formalaşmasına xidmət edir".
Parlamentari əlavə edib ki, Avropa İttifaqı və ABŞ-də belə genişmiqyaslı amnistiya aktları nadir hallarda baş verir: “Cənab Prezidentin təşəbbüsü ilə bu dəfə 20 mindən artıq insan azadlığa buraxılacaq. Bu, həm praktik, həm də humanist baxımdan çox önəmli jestdir və ölkəmiz üçün tarixi bir sənəd sayılır. İnanırıq ki, qəbul ediləcək və yüksək dərəcədə təqdirəlayiq olacaq".
Mehriban Yariyeva
12:11 17.12.2025
Oxunuş sayı: 1671