ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasında Azərbaycanın rolu ön plana çıxır
ABŞ-nin Forbes jurnalında New Lines İnstitutunun Avrasiya təhlükəsizliyi və rifahı üzrə baş direktoru Kamran Boharinin ABŞ-nin Milli Təhlükəsizlik Strategiyasında Azərbaycanın roluna həsr olunmuş məqaləsi dərc edilib.
Bu barədə Crossmedia.az Forbes jurnalına istinadən xəbər verir.
Məqalədə qeyd olunur ki, ABŞ-nin yeni strategiyası əsas regionlarda müttəfiqlərlə məsuliyyətin bölüşdürülməsi modelinə keçidi nəzərdə tutur. Bu çərçivədə Cənubi Qafqaz mühüm geosiyasi məkan kimi dəyərləndirilir və Azərbaycan regional təhlükəsizliyin təminində aparıcı aktor kimi təqdim olunur. Müəllif regionun əhəmiyyətini onun resurs potensialı, eləcə də ABŞ Prezidenti Donald Tramp administrasiyasının prioritetlərinə uyğun olan TRIPP təşəbbüsü ilə əlaqələndirir.
Yazıda Azərbaycan–ABŞ münasibətlərinin son dövrdə intensivləşdiyi vurğulanır. Bildirilir ki, 12–13 dekabr tarixlərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vaşinqtona səfər edərək ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri və işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirib. Bundan əvvəl isə konqresvumen Anna Paulina Luna 907-ci düzəlişin ləğvi ilə bağlı qanun layihəsi təqdim edib. Eyni zamanda, baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-nin əsas dövlət qurumları ilə apardığı danışıqlar institusional dialoqun dərinləşməsi kimi qiymətləndirilir.
Kamran Bohari məqaləsində qeyd edir ki, 2025-ci il üçün Milli Təhlükəsizlik Strategiyası ABŞ-nin Avrasiyada birbaşa mövcudluğunu azaltmasını, lakin dəstəkverici rolunu saxlamasını nəzərdə tutur. Bu şəraitdə Cənubi Qafqazın strateji əhəmiyyəti artır, Azərbaycan isə Rusiya, İran və Çin maraqlarının kəsişməsində yerləşən əsas regional güc kimi çıxış edir.
Məqalədə vurğulanır ki, Çin Azərbaycanı “Bir kəmər – bir yol” təşəbbüsünün vacib həlqəsi kimi görür. ABŞ üçün isə Bakı Pekinin təsirinin məhdudlaşdırılması və Mərkəzi Asiyada mövqelərin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycanın C5+1 formatına dəvət olunması formatın faktiki olaraq C6-ya çevrilməsi kimi qiymətləndirilir.
Yazıda, həmçinin Azərbaycanın tranzit mərkəzi kimi rolu və Mərkəzi Asiyanın mineral resurslarına çıxış üçün əsas qapı olması önə çəkilir. Müəllifə görə, Bakı ilə əməkdaşlığın gücləndirilməsi ABŞ-yə Avropanın enerji təhlükəsizliyini artırmaq, İranın regional təsirini zəiflətmək və Cənubi Qafqazda sabitliyə töhfə vermək imkanı yarada bilər.
Məqalənin sonunda Kamran Bohari bildirir ki, 907-ci düzəlişin ləğvi və ABŞ-nin iqtisadiyyat, texnologiya və müdafiə sahələrində fəal dəstəyi fonunda Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminində əsas məsuliyyəti üzərinə götürə bilən ölkədir.
Türkanə Məşədiyeva
18:55 16.12.2025
Oxunuş sayı: 1023