Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb
Azərbaycan Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması barədə irəli sürdüyü təşəbbüs Gürcüstan mediasının diqqət mərkəzində olub.
Crossmedia.az xəbər verir ki, nüfuzlu interpressnews.ge, qafqazturk.com, aktual.ge, interpress.ge, 24news.ge, realnews.ge informasiya portalları, eləcə də 1tv.ge televiziyası və onun rəsmi internet saytı mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb.
Əsasən AZƏRTAC-a istinadla hazırlanan materiallarda qeyd olunur ki, suverenliyimizin bərpası və Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində tam təmin edilməsi xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Bu mühüm məqamı nəzərə alan Azərbaycan Prezidenti humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq və azad ediləcək şəxslərin gələcəkdə qanunlara əməl edəcəklərinə, dövlətimizin inkişafına töhfə verəcəklərinə ümid edərək amnistiya elan olunması təşəbbüsü ilə çıxış edib.
Xəbərlərdə bildirilir ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Proqnozlara görə, 5 mindən artıq məhkum azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, 3 mindən çox şəxsin cəzası azaldılacaq. Bununla yanaşı, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan azad ediləcək. Habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad olunacağı gözlənilir.
14:46 16.12.2025
Oxunuş sayı: 1035