Kamran Əliyev Dohada keçirilən beynəlxalq tədbirdə iştirak edir
Baş prokuror Kamran Əliyev Qətərin paytaxtı Doha şəhərində keçirilən BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Tədbirin ilk hissəsində Assambleyanın fəaliyyətinin təşkili ilə əlaqədar məsələlər müzakirə edilib, Assambleyanın yeni sədri və müavinləri seçilib. Keçirilmiş səsvermə nəticəsində Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyana şəhərindəki bölməsi, ATƏT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli Konvensiyaya Tərəf Dövlətlərin 11-ci Assambleyası sədrinin Şərqi Avropa regionu üzrə müavini seçilib.
Baş prokuror Kamran Əliyev ötən Assambleyadan keçən müddət ərzində qəbul edilmiş yeni qanunvericlik aktları barədə məlumat verib. O həmçinin qeyd edib ki, informasiya texnologiyalarının inkişafı korrupsiya və əlaqəli cinayətlərdən də yan keçməyib.
Belə ki, cinayətkarlığın ənənəvi formaları ilə yanaşı, qabaqcıl texnologiyalardan istifadə etməklə törədilən və mürəkkəbliyi ilə fərqlənən cinayətlərin də artım tendensiyası müşahidə edilir və bu sahədə Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən görülmüş tədbirlər barədə də məlumat verib.
Baş prokuror həmçinin qeyd edib ki, Azərbaycan bir sıra beynəlxalq və regional təşəbbüslərin aktiv iştirakçısı olmaqla yanaşı, qlobal tədbirlərin keçirildiyi mərkəzə də çevrilməkdədir.
Bundan əlavə, Baş prokuror korrupsiyaya qarşı mübarizə fəaliyyətinin özünün rastlaşdığı çətinliklər, o cümlədən korrupsiyanın miqyasının və ona qarşı mübarizə fəaliyyətinin effektivliyinin dəyərləndirilməsi ilə bağlı praktiki boşluqları qeyd edərək Azərbaycannın ekspertlərinin də yaxından iştirakı ilə BMT-nin dəstəyi ilə hazırlanmış yeni metodologiyanın aktuallığını vurğulayıb.
Qeyd edək ki, sessiya öz fəaliyyətini dekabr ayının 19-dək davam etdirəcək və tədbir çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
12:06 16.12.2025
Oxunuş sayı: 1128