14 yaşlı qız uşaq dünyaya gətirir: Kimdir müqəssir?!
Cəmiyyət tərəfindən ağır nəticəli, dəhşətli hadisə kimi qəbul edilən faciə anlayışı, insanların başına gələn bədbəxtliyi və müsibəti özündə ehtiva edir. Bəs insanlığın faciəsi nədir?
Müasir dövrdə hər gün oxuduğumuz xəbərlər, eşitdiyimiz və ya görüb şahidi olduğumuz hadisələrin çoxu insanlığın, insan mənəviyyatının getdikcə nə qədər məhv olduğunu göstərir ki, bu da çox acı bir haldır. Ən qorxulusu isə odur ki, vaxtilə bizə faciə kimi görünən hadisələrin zaman keçdikcə adiləşməsi təhlükəsi mövcuddur.
İnsan yer üzünün ən ali varlığıdır və yaradılışından bəri onun həyat fəaliyyəti digər canlılardan fərqlidir. Bu fəaliyyət mexanizminin pozulması, bəlkə də elə insanlığın faciəsidir. Bu günlərdə 4 yaşlı bir yeniyetmə – özü hələ uşaqlıqla gəncliyin arasında olan bir uşaq – hamilə qalırsa, anasından asılı olduğu halda ana olursa, öz məsuliyyətini belə daşıya bilmədiyi bir yaşda analıq məsuliyyətini qazanırsa bu, artıq faciədir.
Əgər bu hadisələrin səbəbkarları insanlar arasında dolaşır, bu kimi hallara şahid olanlar susur və bütün bunlar zamanla adiləşirsə – bu, yalnız 14 yaşlı yeniyetmənin, onun valideynlərinin və dünyaya gətirilən körpənin deyil, bütövlükdə insanlığın faciəsidir.
Bu kimi halların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir, cəmiyyəti bu kimi hallardan xilas etməyin çıxış yolları nələrdir?
Bununla bağlı Sosioloq Üzeyir Şəfiyev Crossmedia.az-a açıqlama verib:

"Bu və buna bənzər hadisələrin baş verməsi cəmiyyətdə bir çox boşluqları üzə çıxarır. Bu boşluqların əsas səbəblərindən biri ailədə valideyn nəzarətinin yetərli olmamasıdır. Valideynlər uşaqlara kifayət qədər vaxt ayıra bilmədikdə onların dost çevrəsi, əhatə dairəsi, sosial şəbəkələrdə və telefonda hansı fəaliyyətlərlə məşğul olduqları nəzarətsiz qalır. Halbuki valideynin uşağın təhlükəsizliyi üzərində müəyyən hüquqları və öhdəlikləri var. “Valideyn” sözü “valid” və “eyn” sözlərindən yaranaraq “etibarlı göz” mənasını verir. Bəzi hallarda valideyn bu “etibarlı göz” funksiyasını yerinə yetirə bilmir və bu da xoşagəlməz nəticələrə gətirib çıxarır.
Ümumiyyətlə, belə hallarda ilk olaraq araşdırılmalıdır: uşaq tam ailədə böyüyür, yoxsa natamam ailədə? Ailədə ümumi mühit necədir? Valideyn–uşaq münasibətləri nə səviyyədədir? Uşaq məktəblidirmi, yoxsa təhsildən yayınır? Təhsilə davam edirsə, məktəbdə ona nə dərəcədə nəzarət olunub? Şagirdin məktəbdəki davranış qrafiki araşdırılmalıdır — məktəbə mütəmadi gedib-gəlibmi, yoxsa davamiyyətdə problemlər olubmu?"
O bildirib ki, bununla yanaşı, məktəbdə psixoloq və digər profilaktika ilə məşğul olan şöbə əməkdaşlarının fəaliyyəti də nəzərdən keçirilməlidir: "Çünki yeniyetmə belə bir hadisə yaşayanda çox zaman ilkin mərhələdə ya dostuna, ya yoldaşına, ya da məktəbdə kiməsə bu barədə hansısa formada işarə verir. Məktəbin də bundan xəbərsiz qalması real görünmür. Bu səbəbdən məktəblərdə də araşdırma aparılması vacibdir.
Valideynlər təkcə real həyatda deyil, uşaqların sosial şəbəkələrdəki fəaliyyətini də nəzarətdə saxlamalıdırlar. Sosial mediada tanımadıqları şəxslərlə əlaqə qurmaq, xüsusən “könül oğruları” adlandırılan manipulyativ insanlar yeniyetmələri yoldan çıxara bilir və nəticədə belə xoşagəlməz hadisələr yaranır.
Çox yaxşı olar ki, məktəblərdə şagirdlərə nəzarət mexanizmi gücləndirilsin, tərbiyəvi söhbətlər mütəmadi aparılsın. Məktəb psixoloqu, “məktəbli dostu” və sinif rəhbərləri şagirdlərə fərdi yanaşmalı, onların davranışlarını izləyib vaxtında dialoqa girməlidirlər. Belə hadisələrin qarşısını almaq üçün sistemli dəyişikliklərə ehtiyac var. Eyni zamanda orta məktəb təhsili 11 illik icbari təhsil kimi tətbiq olunsun. Çünki bəzən valideynlər 9-cu sinifdən sonra övladlarını məktəbdən ayırır, nəticədə erkən nikah və digər problemlər baş verir. İcbari təhsil bu kimi halların qarşısını almaqda təsirli ola bilər.
Valideyn nəzarəti sosial şəbəkələrdə də gücləndirilməli, valideyn övladının telefonda nə ilə məşğul olduğunu bilməlidir. Məktəblər də öz məsuliyyətlərini artırmalıdır. Məsələn, məktəblərdə uğur hekayələri, cəmiyyətdə tanınmış və kariyerasında uğur qazanmış qadınlarla görüşlərin təşkili çox faydalı ola bilər. Belə tədbirlər şagirdlər üçün motivasiya və örnək rolunu oynayır."
Bəs bu kimi halların artmasına səbəb olan psixoloji amillər hansılardır və bu yaş qrupuna daxil olan yeniyetmələrlə necə rəftar etmək lazımdır?
Bununla bağlı psixoloq Gülər Məmmədova danışıb:

"Bu dövr fərdin elə bir inkişaf mərhələsidir ki, yeniyetməlik yaşı hesab olunur. Bu yaşda insanın öz mənliyi formalaşır və şəxsiyyətin əsas cizgiləri meydana çıxır. Əslində insanın ən aparıcı ünsiyyət növlərindən biri intim–şəxsi ünsiyyətdir. “İntim şəxsi ünsiyyət” dedikdə gizli, başqalarından gizlədilən ünsiyyət nəzərdə tutulur. Yeniyetmələr bu mərhələdə çox vaxt özünə qapanır, daxilə yönəlir və yaşadıqları müəyyən hadisələri gizli saxlamağa meyl edirlər. Əgər bu uşaq qorudulub, hədələnib və ya hansısa formada saxlanılıbsa, deməli o, nələrisə bilir və buna görə bunları gizli saxlamağa məcbur olur.
Bu yaşda uşağın yaşına uyğun inkişaf səviyyəsi, təfəkkür potensialı, hadisələri anlama qabiliyyəti müəyyən edilməlidir. Çünki yeniyetmənin təfəkkürü müəyyən bir formadadır və onunla necə danışılacağı, informasiyanın necə çatdırılacağı bu inkişaf səviyyəsinə uyğun şəkildə müəyyən olunmalıdır. Burada, həmçinin davranış pozuntusunun olub-olmaması, şəxsi inkişafının tam olub-olmaması da qiymətləndirilməlidir. Bu qədər gizliliyin yaranmasına ailədəki münasibətlər, yaxınların davranışı və uşağın ailədə özünü təhlükəsiz hiss edib-etməməsi də təsir göstərir. Bunların hamısı əsas amillər kimi nəzərə alınmalıdır".
Ekspertin fikrincə, fərdin bu vəziyyətə düşməsində ətrafdakı insanların rolu da böyükdür: "Ətrafdakılar yeniyetmənin davranışında və görünüşündə dəyişiklikləri görürlərsə, bunun üzərinə düşüb maraqlanmalı, sorğu-sual etməli idilər. Bu reaksiyanın olmaması da ayrıca araşdırılmalıdır. Digər mühüm məqam uşağın fizioloji baxımdan uşaq dünyaya gətirməsinin mümkünlüyüdür. Bu, özü-özlüyündə absurd sayılır. Çünki bu yaşda hamiləlik həm bioloji, həm də psixoloji baxımdan uşağın orqanizmi üçün son dərəcə ağır bir prosesdir. Orqanizm hələ tam formalaşmadığı üçün bədəndə ciddi dəyişikliklər baş verir və bərpa prosesi də çox çətin olur. Bu səbəbdən ilkin tibbi müayinədən sonra uşağa mütləq psixoloji dəstək göstərilməlidir. Psixoloji yardım uzunmüddətli olmalı, uşaq həm fiziki, həm də psixoloji olaraq bu ağır prosesdən çıxmasına istiqamətləndirilməlidir".
Mütıxəssislərin fikirləri göstərir ki, bu kimi hadisələr təkcə fərdi məsuliyyətsizliklə izah edilə bilməz. Problemin kökündə ailə nəzarətinin zəifləməsi, məktəblərdə təlimlərin yetərsizliyi, psixoloji dəstəyin vaxtında göstərilməməsi və sosial şəbəkələr üzərindən yaranan risklər dayanır. Xüsusilə yeniyetməlik dövrü fərdin həm psixoloji, həm də fiziki baxımdan həssas mərhələsi olduğu üçün bu yaşda baş verən hər hansı laqeydlik ağır nəticələrə səbəb ola bilər.
Gülbəniz Bayramova
15:15 14.12.2025
Oxunuş sayı: 1702