Heydər Əliyev fəaliyyət göstərdiyi bütün sahələrdə tarixi əhəmiyyətli işlər gördü - Deputat
Bu gün Azərbaycan xalqı müasir dövlətçiliyimizin memarı, ümummilli lider Heydər Əliyevin anım gününü dərin ehtiramla yad edir. Onun ölkəmiz üçün gördüyü misilsiz işlər, yaratdığı möhkəm dövlətçilik təməlləri və formalaşdırdığı idarəetmə məktəbi Azərbaycan tarixində silinməz izlər buraxıb. Heydər Əliyevin adı bu gün sadəcə böyük bir liderin xatirəsi kimi deyil, həm də azərbaycançılıq ideyasının, müstəqillik əzminin və dövlətçilik iradəsinin simvolu kimi anılır.
Bu anım günü həm keçmişə hörmət, həm də gələcəyə inamın rəmzidir. Çünki Heydər Əliyevin müəyyən etdiyi yol bu gün də ölkəmizin inkişaf strategiyasının əsasında dayanır, xalqımızın milli birliyinə, dövlətimizin gücünə və qlobal arenada mövqeyinə xidmət edir.

Ulu Öndərin keçdiyi şərəfli yol və onun misilsiz xidmətləri ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Heydər Əliyev öz fəaliyyəti ilə adını təkcə Azərbaycan tarixinə deyil, dünya tarixinə yazmış nadir şəxsiyyətlərdəndir. Onun şəxsiyyətini yetişdirən Azərbaycan cəmiyyəti tarixi, mədəniyyəti, dəyərləri və düşüncəsi ilə vaxtaşırı böyük liderlər meydana çıxarmışdır və bu şəxsiyyətlər arasında Heydər Əliyev xüsusilə seçilirdi. O, sanki xalqının tapdanmış hüquqlarının bərpası, öz taleyinə sahib çıxması və Azərbaycanın müstəqilliyə aparılması naminə dünyaya gəlmiş bir lider idi. Heydər Əliyev fəaliyyət göstərdiyi bütün sahələrdə tarixi əhəmiyyətli işlər gördü. Təhlükəsizlik orqanlarında çalışdığı illərdə həmin qurumu cəmiyyətə təzyiq göstərən struktura deyil, cəmiyyəti qoruyan, təhlükəsizliyi təmin edən müasir bir orqana çevirdi. Onun rəhbərliyi dövründə ziyalılara xüsusi qayğı göstərildi, milli mədəniyyətimizin və ədəbiyyatımızın tanınmış simaları haqsız təqiblərdən xilas edildi, azad fikrin ifadəsi üçün şərait yaradıldı. Sovet Azərbaycanına rəhbərliyi illərində Heydər Əliyev geridə qalmış bir respublikanı SSRİ miqyasında inkişaf edən, nüfuz qazanan bir respublikaya çevirdi. Azərbaycan kənd təsərrüfatı bölgəsindən sənaye-kənd təsərrüfatı balansı formalaşmış respublikaya çevrildi. Onun on üç illik rəhbərliyi dövründə altı yeni universitet açıldı, səkkiz yüzə yaxın orta məktəb tikildi, Azərbaycan mədəniyyəti və incəsənəti həm SSRİ məkanında, həm də dünyada geniş tanınmağa başladı. Bu müddətdə əvvəlki illərə nisbətən iki dəfə artıq mənzil tikilməsi də ölkədə gedən inkişafın bariz nümunəsidir. Heydər Əliyev SSRİ miqyasında da nüfuzlu liderlərdən birinə çevrilmişdi".
O söyləyib ki, müstəqillik illərində isə Heydər Əliyev Azərbaycanı fərqli siyasi-iqtisadi sistemlər arasında az itki ilə keçidə hazırladı: "Təbii sərvətlərdən düzgün istifadə modelini formalaşdırdı, yeni müstəqil dövlətin möhkəm təməlini qoydu. Demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş hüquqlarının təminatı, açıq cəmiyyət prinsipləri, Azərbaycanın dünya birliyində layiqli yer tutması — bütün bunlar onun dövlətçilik fəaliyyətinin mühüm nəticələridir. Heydər Əliyevin ən mühüm xidmətlərindən birinin də Azərbaycanı gələcək inkişaf yolunu müəyyənləşdirməsi, bu yolda ölkəni irəli aparacaq komandanın formalaşdırılması olduğunu bildirib. Bu gün ölkə Prezidenti tərəfindən həyata keçirilən siyasət Heydər Əliyev ideyalarının uğurlu davamıdır. Bu gün əldə etdiyimiz nailiyyətlərin hər birində onun uzaqgörən siyasətinin izləri aydın görünür. Azərbaycan xalqı böyük oğlunu həmişə dərin ehtiramla xatırlayacaq. Heydər Əliyev adı bizim üçün həm keçmişimizin qorunması, həm də gələcəyimizin qurulması deməkdir. Onun xatirəsi daim xalqımızın qəlbində yaşayacaq".
10:58 12.12.2025
Oxunuş sayı: 1395