Ağ Ev: Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli üçün fəal çalışır
Ağ Ev administrasiyası dekabrın 11-də bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli üçün aktiv şəkildə fəaliyyət göstərir.
Crossmedia.az "İzvestiya"-ya istinadən xəbər verir ki, ABŞ tərəfi razılaşmanın əldə oluna biləcəyinə inanarsa, gələn həftə sonu Avropada keçiriləcək görüşə Trampın xüsusi elçisi Stiven Vitkoff rəhbərliyində nümayəndə heyəti göndəriləcək.
Ağ Evin mətbuat katibi Karoline Leavittin sözlərinə görə, prezident artıq Rusiya və Ukrayna ilə ayrı-ayrı danışıqların səmərəsizliyindən yorulub və konkret addımlar atmaq niyyətindədir. “Görüş xatirinə görüşlərdən yorulub; son bir neçə həftədə ruslar, ukraynalılar, ukraynalılar və avropalılarla görüşlərə 30 saatdan çox vaxt sərf olunub”, – deyə o bildirib.
Leavitt əlavə edib ki, Tramp Kiyevin Ukrayna ilə bağlı sülh planına və prezident Zelenskinin son təkliflərinə dair məlumatlıdır.
Dekabrın 11-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Kremldə Trampın xüsusi nümayəndəsi Vitkoff və Rusiya lideri Vladimir Putin arasında keçirilən danışıqlar sayəsində Ankoric sammitindən sonra yaranan anlaşılmazlıqlar aradan qaldırılıb. Nazir vurğulayıb ki, Vaşinqton Ukrayna böhranının səbəblərinin real təhlilinə maraq göstərir və Rusiya ilə ABŞ ortaq yanaşmalar barədə razılığa gəliblər.
Lavrovun sözlərinə görə, Vitkoffun Putinlə dekabrın 3-də başa çatan beş saatlıq görüşündən sonra Rusiya ABŞ-dən Ukrayna tərəfi ilə danışıqların nəticələrini gözləyir.
23:30 11.12.2025
Oxunuş sayı: 1316