ABŞ İraqı sanksiyalarla hədələyir
ABŞ administrasiyası İrana bağlı İraq silahlı qüvvələrinin yeni hökumətin formalaşmasına təsir göstərməsi halında İraqa iqtisadi və siyasi sanksiyalar tətbiq edə biləcəyini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumat “Əl-Ərəbi Əl-Cədid”in yüksək rütbəli İraq rəsmilərinə istinadən verilib. Rəsmi mənbələr bildiriblər ki, Vaşinqton bu cür qruplara hesabat verən baş nazirlə əməkdaşlıq etməyəcək.
Məhdudiyyətlər bir sıra əsas nazirliklərə, o cümlədən Xarici İşlər, Müdafiə, Daxili İşlər nazirliklərinə, həmçinin beynəlxalq koalisiya qüvvələrinə, xüsusən quru qoşunlarının qərargahları, terrorla mübarizə bölmələri və kəşfiyyat strukturlarına şamil olunacaq.
İraq Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, Vaşinqtonun Bağdada qarşı təzyiqləri əvvəlki illərlə müqayisədə artıb və bu, İranyönlü qrupların ölkənin siyasi qərarlarına təsirini məhdudlaşdırmaq niyyətini göstərir.
Mənbə əlavə edib ki, ABŞ İraqda sabitliyin qorunması və hökumətin müstəqil qərarlar qəbul edə bilməsi üçün bu addımı atır.
Türkan Kərimli
20:50 11.12.2025
Oxunuş sayı: 1198