Ukrayna-Rusiya sülh planının yekun detalları açıqlanıb
Son danışıqlardan sonra Ukrayna və Rusiya arasında sülh planının əsas müddəaları məlum olub.
Crossmedia.az xəbər verir ki, plana görə, Donetsk, Luqansk və Krım Rusiya nəzarətində qalacaq. Zaparoje və Xersonda təmas xətti dondurulacaq, Rusiya isə Xarkov, Nikolayev, Sumı və Dnepri tərk edəcək.
Plan çərçivəsində Donetskin Ukrayna nəzarətində olan Slavyansk-Kramatorsk aqlomerasiyası hərbisizləşdirilmiş zona elan ediləcək və bu zona beynəlxalq səviyyədə Rusiya ərazisi kimi tanınacaq, lakin orada Rusiya ordusu yerləşdirilməyəcək.
Ukrayna NATO-ya üzv olmayacaq və ABŞ Rusiyaya yazılı təminat verəcək ki, NATO şərqə doğru genişlənməyəcək və Ukrayna alyansa dəvət almayacaq. Eyni zamanda, Ukrayna neytral statusunu konstitusiyasında təsbit edəcək və atəşkəsdən 100 gün sonra prezident seçkiləri keçiriləcək.
Plan üzrə Ukrayna 2027-ci ildə Avropa İttifaqına üzv qəbul ediləcək. ABŞ isə 5-ci maddə tipli təhlükəsizlik zəmanəti verəcək, lakin Ukrayna Rusiyaya hücum edərsə təminat aradan qalxacaq.
Sülh planı həmçinin iqtisadi və enerji məsələlərini əhatə edir. ABŞ Rusiyanı beynəlxalq iqtisadiyyata inteqrasiya edəcək və Rusiya dollar sisteminə qayıdacaq. 200 milyard dollar dondurulmuş Rusiya aktivləri Ukraynanın yenidənqurulmasına xərclənəcək. Zaparoje AES ABŞ nəzarətində olacaq və oradan əldə edilən enerji Rusiya və Ukrayna arasında 50/50 bölünəcək.
Ukrayna ordusunun 800 min nəfər olması nəzərdə tutulub, lakin ölkədə NATO-nun heç bir qüvvəsi yerləşdirilməyəcək.
Sülh planı regional sabitliyin bərqərar olması və hər iki tərəf üçün təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır.
Türkan Kərimli
20:32 11.12.2025
Oxunuş sayı: 1315