Heydər Əliyev Azərbaycanı aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevrib - Deputat
Azərbaycanın müasir tarixi Heydər Əliyevin adı ilə sıx bağlıdır. O, bütün ömrünü xalqın inkişafına və dövlətin möhkəmlənməsinə həsr edib. Heydər Əliyev yalnız siyasi lider deyil, həm də Azərbaycançılıq ideyasının ideoloqu olub. Onun rəhbərliyi dövründə ölkə siyasi, iqtisadi, sənaye və mədəni sahələrdə sürətlə inkişaf edib. Bugünkü müstəqil və müasir Azərbaycan dövlətinin əsası Ulu Öndərin müdrik siyasəti ilə qoyulub.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlama verib: “Ulu Öndərimiz Heydər Əliyev bütün mənalı həyatını Azərbaycan xalqının inkişafına sərf edib və Azərbaycanı bütün varlığı ilə sevib. Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı dövrdə Azərbaycan dövlətinin quruculuğu yolunda böyük işlər görüb. Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı illərdə Azərbaycançılıq məfkurəsinin inkişaf etməsində mühüm xidmətlər göstərib və bu düşüncədə olan insanları qoruyub saxlayıb. İlk Azərbaycanlı olaraq Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunub, general rütbəsinə yüksələrək Azərbaycan xalqının fəxrinə çevrilib. Birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan agrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevrilib. O illərdə ölkədə çox böyük sənaye müəssisələri açılıb: Dərin dəniz özülləri zavodu, Məişət kondisonerləri zavodu və s.”
Deputat qeyd edib ki, o cümlədən təhsil, səhiyyə və mədəniyyət sahəsində önəmli quruculuq işləri həyata keçirilib: “Naxçıvanskı hərbi məktəbinin Azərbaycanda açılması Ulu Öndərimizin böyük töhfələrindən biri olub. Hər il Azərbaycandan SSRİ-nin ən möhtəbər ali məktəblərinə gəncləri təhsil almağa göndərib. Ulu Öndərimiz ölkəni inkişaf etmiş respublikaya çevirib. Onun şah əsəri isə bugünkü müasir və müstəqil Azərbaycan dövlətidir. 1993-cü ilin əvvəllərində Xalq Cəbhəsi və Musavat hakimiyyəti Azərbaycanı çətin vəziyyətə salıb. Ölkədə iqtisadi və siyasi böhran yaranıb. Torpaqlarımızın 20%-i ermənilər tərəfindən işğal olunub və Azərbaycan dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşib. Həmin dövrdə Azərbaycan xalqının ziyalıları Ulu Öndərimizə üz tutaraq onu siyasi hakimiyyətə dəvət edib. Ulu Öndərimiz Azərbaycan xalqının çətin durumdan çıxıb, bugünkü müasir, güclü vəziyyətə gəlməsinin səbəbkarıdır”.
Zeynəb Xuduyeva
19:14 11.12.2025
Oxunuş sayı: 904