Azərbaycan dili Süni intellekt dövründə yeni mərhələyə qədəm qoyur - Deputat
Azərbaycan dilinin qorunması və inkişafı müasir dövrdə dövlət siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin AMEA-da səsləndirdiyi çağırışlar dil siyasətinin yeni mərhələsini müəyyənləşdirərək elmi ictimaiyyətin qarşısında əlavə vəzifələr qoyur. Milli Məclisdə keçirilən konfransda vurğulandığı kimi, qlobal proseslər dilin saflığının qorunması, terminologiyanın yenilənməsi, müasir texnologiyalara və süni intellektə inteqrasiyanı zəruri edir. Bu istiqamətdə təhsildə, mediada və elmi mühitdə sistemli yanaşma Azərbaycan dilinin gələcək inkişafının əsas şərtidir.
Mövzu barədə Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova Crossmedia.az-a bildirib ki, Azərbaycan dilinin qorunması və onu müasir texnologiyalara inteqrasiya etmək istiqamətində son dövrlərdə səslənən çağırışlar yeni mərhələnin başlandığını göstərir.
Onun sözlərinə görə, bu mərhələnin uğurlu olması bir tərəfdən dili klassik formada qorumağı, digər tərəfdən isə süni intellekt dövrünə uyğunlaşdırmağı tələb edir: "Hazırkı reallıqda dilin inkişafı yalnız humanitar yanaşma ilə deyil, həm də texnoloji infrastruktur və institusional əməkdaşlıqla mümkün olur. Ən vacib məsələlərdən biri Azərbaycan dilinin geniş miqyaslı rəqəmsal resurslarının hazırlanmasıdır. Bu gün böyük mətn korpuslarına, dialekt materiallarına, leksik-morfoloji bazalara və yüksək keyfiyyətli audio-nitq resurslarına ciddi ehtiyac var. Onun sözlərinə görə, süni intellekt modelləri yalnız geniş və keyfiyyətli məlumat bazaları olduqda səmərəli şəkildə inkişaf edə bilir. Bu resursların açıq mənbə kimi tədqiqatçılara təqdim olunması həm elmi fəaliyyətə, həm də texnoloji şirkətlərin işinə böyük stimul verər".
E.Akimova bildirib ki, dövlət qurumları, elmi institutlar və texnoloji şirkətlər arasında davamlı əməkdaşlıq mexanizmlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir: "İnnovasiya ekosistemi yalnız elmi bilik, dövlət dəstəyi və texnoloji tətbiqin birləşdiyi halda real nəticələr verə bilər. Bu məqsədlə rəqəmsal dil texnologiyaları mərkəzlərinin, birgə laboratoriyaların yaradılması zəruridir. Azərbaycan dilinin rəqəmsal standartlarının yenilənməsi müasir dövrün tələbinə çevrilib. Terminologiya, orfoqrafiya və transliterasiya üzrə vahid və texnologiya yönümlü standartların olması beynəlxalq platformalarda dilin dəstəklənməsinə şərait yaradır. Termin bazalarının yenilənməsi və sahə terminlərinin vahidləşdirilməsi bu baxımdan mühüm addımdır. Süni intellekt üçün Azərbaycan dilinə uyğunlaşdırılmış modellərin hazırlanması artıq zərurətə çevrilib. Ümumi təyinatlı böyük modellərdən əlavə, nitq tanıma, nitq sintezi və avtomatik tərcümə sistemlərinin inkişaf etdirilməsi tələb olunur".
Parlamentari qeyd edib ki, bu modellərin bəzilərinin yüngül versiyada hazırlanması və mobil cihazlarda oflayn işləyə bilməsi həm təhlükəsizlik, həm də əlçatanlıq baxımından vacibdir: "Təhsil sistemində rəqəmsal dil savadının artırılması da deputatın diqqət çəkdiyi məsələlərdəndir. Müəllim və tələbələrin süni intellekt alətlərindən düzgün istifadə etməsi, dilçilik və texnologiya sahəsində yeni bacarıqlar qazanması zəruridir. Universitetlərdə korpus dilçiliyi və dil texnologiyaları sahəsində proqramların genişləndirilməsi bu istiqamətdə mühüm rol oynaya bilər.
Media və dövlət portallarında dili qoruyan texnoloji mexanizmlərin tətbiqi də əhəmiyyətlidir. Avtomatik orfoqrafiya və qrammatika yoxlama sistemlərinin istifadəsi, termin təklif edən alətlərin rəsmi sənədlərdə tətbiqi yazılı dilin keyfiyyətini artırır. Dil siyasətinin effektivliyini ölçmək üçün müasir monitorinq mexanizmləri qurulmalı, media və rəqəmsal platformalarda dilin istifadə vəziyyəti ilə bağlı illik hesabatlar hazırlanmalıdır.
E. Akimova sonda qeyd edib ki, Azərbaycan dilinin qorunması artıq yalnız filoloji deyil, eyni zamanda texnoloji məsələdir: "Yeni mərhələnin əsasında dilçiliklə yüksək texnologiyanın sintezi dayanır. Dövlət qurumları, elmi ictimaiyyət və özəl sektor koordinasiyalı fəaliyyət göstərdikcə Azərbaycan dili süni intellekt dövründə həm qorunan, həm də inkişaf edən dil olacaq".
Mehriban Yariyeva
17:47 10.12.2025
Oxunuş sayı: 1213