Bakıda növbəti görüş gözlənilir: Ermənistanın iştirakı regional prosesləri sürətləndirə bilər
Cənubi Qafqazda müharibə və gərgin məqamları arxada qoyan, regional sülh və sabitliyi hədəfləyən əsas görüşlərdən biri olan 3+3 əməkdaşlıq formatı yenidən gündəmdədir. Regionda yeni siyasi münasibətlər sisteminin qurulmasına hesablanmış bu mexanizmin növbəti iclasının, XİN rəhbərlərinin görüşünün Bakıda keçirilməsi planlaşdırılır. Ermənistan tərəfinin toplantıda iştirakı məsələsi isə həm regional diplomatiyanın gələcəyi, həm də Bakı-İrəvan münasibətlərində mümkün yumşalma baxımından diqqət çəkir. Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Ermənistan nümayəndə heyətinin Bakıda keçiriləcək hər hansı bir tədbirdə iştirakı istisna deyil.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az açıqlama verib. Politoloq bildirib ki, 3+3 regional əməkdaşlıq formatı Vətən müharibəsindən sonra bölgəmizdə açılmış yeni imkandır: ‘’Bu, Azərbaycanın və Türkiyənin təşəbbüsü ilə yaranmış bir platformadır. Təəssüf ki, indiyə qədər bəzi amillər onun real nəticə verməsinə mane olub. Burada Rusiya-Gürcüstan münasibətlərinin gərgin olması öz təsirini göstərib və nəticədə nə Rusiyanı, nə də Gürcüstanı eyni masanın arxasında 3+3 formatına əyləşdirmək mümkün olmayıb. Buna baxmayaraq, indiyə qədər bir neçə paytaxtda Tehranda, İstanbulda, Moskvada görüşlər keçirilib. Növbəti görüşlərin isə Azərbaycanda və Ermənistanda olması gözləniləndir. Artıq qərar verilib ki, bu dəfəki görüş Azərbaycanda təşkil olunsun’’.
A. Quliyev qeyd edib ki, bütün format iştirakçılarının, o cümlədən Ermənistanın burada iştirakı vacibdir: ‘’Fikrimcə, Ermənistan da hazırda bu formatda fəaliyyət göstərməyə maraq göstərir. Onların məqsədinin tam olaraq nədən ibarət olduğunu söyləmək çətindir, amma formal da olsa, bu iclaslarda iştiraka həvəs nümayiş etdirir. İrəvan rəhbərliyinin Bakıda keçiriləcək 3+3 formatlı görüşdə iştirakı bir məqam baxımından mühüm nəticə verə bilər. Bu xalqlar və dövlətlər arasında 35 illik düşmənçilikdən sonra müəyyən etimadın yaranmasına zəif də olsa təsir göstərə bilər. Çünki dövlət rəsmilərinin müxtəlif neytral meydanlarda görüşləri olsa da, İrəvan və Bakıda bu tipli görüşlərə indiyə qədər kifayət qədər intensivlik verilməyib. Ona görə də Ermənistan rəhbərliyinin bu görüşdə iştirakı müsbət addım olardı. İndi Ermənistanın rəhbərliyinin bu görüşdə iştiraka nə qədər hazır olacağını demək çətindir, ancaq belə bir iştirak bölgədə sülhün maraqlarına uyğun hesab oluna bilər. Ciddi bir nəticə olmasa belə, Ermənistan nümayəndə heyətinin Bakıya gəlməsi ən azı dövlətlər arasında düşmənçiliyin arxada qaldığını göstərmək baxımından əhəmiyyətli ola bilər’’.
Sevinc Yarməmmədova
16:41 10.12.2025
Oxunuş sayı: 945