Azərbaycan Belçika ilə ticari-iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır
Azərbaycan Belçika ilə ticari-iqtisadi münasibətlərin inkişafında maraqlıdır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə jurnalistlərlə görüşündə bildirib.
"Azərbaycan və Belçika arasında diplomatik münasibətlərin 33 illiyinin qeyd edilməsi münasibətilə əlaqələr "sabit və konstruktiv" kimi xarakterizə edilib. Səfəri zamanı Elçin Əmirbəyov Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, Belçika kralının diplomatik müşaviri, həmçinin Baş nazirin dəftərxanasının və parlamentin nümayəndələri ilə görüşüb", - "The Brussels Times" yazıb.
E.Əmirbəyovun Belçika hökumətinin nümayəndələri ilə görüşündə iqtisadi əlaqələrin bir qədər məhdud qaldığı vurğulanıb.
"2024-cü ildə ticarət dövriyyəsi 90 milyon dollardan az olub və hər iki tərəf bu rəqəmin onların potensialını əks etdirmədiyini etiraf edir. Hazırda Azərbaycanda logistika, infrastruktur, nəqliyyat, bərpa olunan enerji, limanların inkişafı və kənd təsərrüfatı sahələrində təxminən 20 Belçika şirkəti fəaliyyət göstərir. Azərbaycanın "təmiz enerji"yə keçidi Belçika təcrübəsinə uyğundur və əməkdaşlığın genişləndirilməsi üçün daha bir sahə açır", - Belçika nəşri vurğulayıb.
E.Əmirbəyov, həmçinin Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərinə toxunub.
"Danışıqların (E.Əmirbəyovun Brüsseldə apardığı - red.) əhəmiyyətli hissəsi Azərbaycanın Aİ ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə - ölkənin Çin və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələrlə malik olduğu statusa qaldırmaq planlarına həsr edilib", - "The Brussels Times"da dərc olunan materialda bildirilib.
Məqalədə qeyd olunub ki, Azərbaycan və Aİ tərəfdaşlıq sazişi üzrə danışıqları davam etdirir, buna baxmayaraq son illərdə siyasi dialoq intensivləşib. Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Antonio Koşta arasında yüksək səviyyəli görüşlər enerji, nəqliyyat infrastrukturu və regional sabitlik sahəsində artan əməkdaşlığı əks etdirir.
"Azərbaycan 10 Avropa ölkəsinə, o cümlədən Aİ üzv olan 8 dövlətə təbii qaz tədarük edir. Eyni zamanda, külək, günəş və hidrogen enerjisinə investisiyaları genişləndirir. Bu sahələrdə Aİ-nin iştirakının dərinləşəcəyi gözlənilir. E.Əmirbəyov vurğulayıb ki, tərəflər möhkəm münasibətlərə malikdir. Onun sözlərinə görə, bu münasibətlərin (strateji tərəfdaşlıq səviyyəsində - red.) rəsmiləşdirilməsi növbəti addımdır", - nəşr qeyd edib.
NATO ilə münasibətlərə toxunan E.Əmirbəyov, xüsusilə vurğulayıb ki, bu "üçüncü ölkələrə qarşı yönəlməyib". (report)
15:10 10.12.2025
Oxunuş sayı: 949