Azərbaycanla Qırğızıstan arasında qardaşlıq, dostluq və etibarlı tərəfdaşlıq mövcuddur - Deputat
Azərbaycan Respublikası ilə Qırğız Respublikasının münasibətləri qarşılıqlı etimad, qardaşlıq və strateji əməkdaşlıq prinsiplərinə əsaslanaraq sürətlə inkişaf edir. Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq formatına qoşulmasına ilk dəstək verən ölkələrdən biri olması bu münasibətlərin səmimiyyətini və qarşılıqlı hörmətə söykəndiyini bir daha göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər, iki ölkə arasındakı əlaqələrin təkcə diplomatik çərçivədə yox, həm də məhz qardaşlıq ruhunda dərin köklərə malik olduğunu təsdiqləyir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakçı kimi təmsil olunması, regionlararası əməkdaşlığın məzmununu daha da zənginləndirir. Bu, həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya arasındakı nəqliyyat, logistika və kommunikasiya imkanlarını genişləndirərək, fasiləsiz yükdaşımaların təmin olunmasında mühüm rol oynayacaq. Eyni zamanda, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, strateji inteqrasiyanın daha da dərinləşməsinə zəmin yaradır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Mətbuatdan bildiyimiz kimi, dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərliyi ilə bir qrup nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu səfər çərçivəsində Qırğızıstan nümayəndə heyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Öncə onu deyim ki, Qırğız xalqı ilə Azərbaycan xalqı eyni etnik kökə, ortaq tarix, mədəniyyət və dinlə bir-birinə bağlıdır. Səfərin əsas məqsədlərindən biri də Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçirilməsidir. Bununla bərabər səfərin gündəliyi çox zəngindir. Ümumiyyətlə iki ölkə arasında son illərdə ikitərəfli münasibətlər çox sürətlə inkişaf edir. Dövlətimizin başçısı da görüş zamanı münasibətlərin yüksək səviyyəli olduğunu vurğuladı. Məlumdur ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına Qırğızıstan tərəfindən də ciddi dəstək göstərilir. Hətta Qırğızıstan hökuməti tərəfindən Ağdam rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin binası inşa olunubdur. İki xalqın qardaşlığına töhfə kimi Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsi, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksi açılıb. Bildiyimiz kimi, Azərbaycan hökuməti Qırğızıstana ciddi sərmayə də yatırıb. Belə ki, iki qardaş dövlət başçısının qərarı ilə yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu yaradılmışdır ki, bu fondun maliyə dəstəyi ilə bir sıra layihələr həyata keçirilir. Fondun kapitalının formalaşması üçün Azərbaycan hökuməti maliyyə vəsaiti də ayırıbdır. Fondun maliyələşdirdiyi investisiya layihələrindən biri də Qırğızıstanda, İssık-Kul gölünün sahilində mehmanxana tikintisi haqqında sazişi də imzalanıb".
Parlamentari söyləyib ki, layihələrin sayının artacağı təqdirdə, Azərbaycan əlavə vəsait ayıracaq: "Bildiyimiz kimi, bu yaxınlarda Prezidentimiz cənab İlham Əliyev Özbəkistanda Mərkəzi Asiya dövlətlərinin başçılarının Samitində iştirak edib və bu Samitdə ölkəmiz də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulub. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasında Qırğızıstan öz qardaş dəstəyini verən ilk dövlətlərdəndir. Bunun nəticəsidir ki, hazırda Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısıdır. Bu isə Azərbaycanla Qırğızıstan arasındakı qardaşlıq, dostluq və etibarlı tərəfdaşlığımıza bir sübutdur".
Deputat, həmçinin bütün beynəlxalq əməkdalıq platformalardan dövlətimizin öz milli maraqlarına xidmət etdiyini qeyd edib: "Dövlət Başçımız sözsüz ki, bu əməkdalığln imkanlarından Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionunu daha da sıx bağlanmasına, hər iki istiqamətdə fasiləsiz və sabit yükdaşımanın təmin edilməsinə, xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə böyük töhfələr verəcək. Son olaraq qeyd etmək istərdim ki, ümumi tarixi köklərə, uzun əsirlik dostluğa əsaslanan ikitərəfli əlaqələrimiz Azərbaycan və Qırğızıstan prezidentlərinin siyasi iradəsi sayəsində strateji tərəfdaşlığın ən yüksək səviyyəyə çatıbdır".
Elmir Heydərli
11:27 09.12.2025
Oxunuş sayı: 1150