Azərbaycan və ABŞ-nin Gürcüstandakı səfirləri regional əməkdaşlığı müzakirə ediblər
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ABŞ-nin Gürcüstandakı diplomatik missiyasının rəhbərinin müavini Alan S. Pörsel və səfirliyin iqtisadi məsələlər bölməsinin rəhbəri Diana Kosta ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, görüşdə F.Quliyev Azərbaycan-Gürcüstan əlaqələrinin çoxşaxəli inkişafı, Azərbaycan şirkətlərinin Gürcüstandakı investisiya layihələri, həyata keçirilmiş və perspektiv iqtisadi təşəbbüslər barədə danışıb.
Diplomat bildirib ki, iki ölkənin iştirakı ilə reallaşan regional layihələr bütövlükdə Cənubi Qafqazın rifahına və təhlükəsizliyinə mühüm töhfə verir.
F.Quliyev görüş zamanı Prezident İlham Əliyevin 7-8 avqust tarixlərində ABŞ-yə səfərinin önəminə toxunaraq qeyd edib ki, bu səfər Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə ciddi impuls verib. Diplomat həmçinin Azərbaycan-ABŞ münasibətlərinin inkişafı istiqamətində atılan addımları vurğulayıb.
Tərəflər Azərbaycan və Ermənistan arasında sülh prosesi, dayanıqlı sabitliyin təmin edilməsi və regionda kommunikasiyaların açılmasının Orta Dəhlizin potensialına müsbət təsiri barədə fikir mübadiləsi aparıblar.
Alan S. Pörsel və Diana Kosta Azərbaycanın regionda həyata keçirdiyi iqtisadi layihələrin əhəmiyyətini xüsusi qeyd ediblər.(Report)
22:42 08.12.2025
Oxunuş sayı: 1108