Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm rol oynayır- Rəy
Avropa İttifaqı (Aİ) rəsmilərinin son açıqlamalarında Ermənistan–Azərbaycan sülh sazişinin “yeni imkanlar açdığı” vurğulanır. Amma bu bəyanatın arxasında təkcə regional sülhə dəstək niyyəti deyil, Aİ-nin Cənubi Qafqazda öz təsir dairəsini genişləndirmək planları dayanır. Avropanın illərdir Azərbaycana qarşı qərəzli mövqedə çıxış etməsi, təzyiq siyasəti yürütməsi və bir çox hallarda Ermənistanı açıq şəkildə müdafiə etməsi fonunda belə “nikbin” açıqlamaların səslənməsi, bəlkə də, yeni geopolitik oyunun anonsudur.
Brüsselin “imkan” adlandırdığı məqamlar — regionda enerji marşrutlarına yaxınlaşmaq, nəqliyyat dəhlizlərinə təsir göstərmək və sülh prosesi adı altında Cənubi Qafqazı yenidən öz siyasi orbitinə çəkmək cəhdidir. Aİ-nin sülhə dəstək jesti isə reallıqda iqtisadi və siyasi nüfuz uğrunda mübarizənin bir hissəsidir. Bu səbəbdən də sual yaranır: Avropa üçün bu sülhün əsl marağı nədir — regional sabitlik, yoxsa özünün itirdiyi strateji mövqeləri bərpa etmək?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev Crossmedia.az-a açıqlama verib:
"Aİ uzun illər Cənubi Qafqazın hər üç subyekti ilə qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq əsasında müxtəlif layihələr həyata keçirib. Lakin 2020-ci ildə Azərbaycan İkinci Qarabağ–Vətən Müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə regionda tamamilə yeni geosiyasi reallıq yaratdı. Bu gün Prezident İlham Əliyevin apardığı çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilərək Avropanın təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm rol oynayır".
Deputat qeyd edib ki, Ermənistan və Aİ rəhbərlərinin 2025-ci ilin 2 dekabr tarixində keçirilmiş görüşünün ardınca Almaniya Kansleri Olaf Şoltsun Azərbaycan Prezidentinə zəng etməsi və telefon danışığı zamanı regionda tezliklə sülhün əldə olunmasına dair ifadə etdiyi arzular artıq Aİ-nin regiondakı yeni reallığı qəbul etdiyini göstərir: "Bu həm də Vaşinqton Bəyannaməsindən sonra paraflanmış sülh müqaviləsinin yaxın vaxtlarda imzalanmasının tərəfdarı olduqlarını ortaya qoyur. Aİ liderlərinin “sülh sazişinin yeni imkanlar açması” barədə bəyanatlarında əsas məqsəd Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşması, nəqliyyat-logistika dəhlizlərinin bərpası, enerji və ticarət marşrutlarının genişlənməsi, Avropa üçün strateji əhəmiyyət daşıyan Trans-Xəzər dəhlizinin gücləndirilməsi kimi geoiqtisadi üstünlüklərin əldə edilməsidir. Bununla yanaşı, Aİ-nin regionda proseslərə marağı həm də təhlükəsizlik, enerji daşıyıcılarının şaxələndirilməsi, eləcə də dayanıqlı inkişaf layihələrində iştirak etmək niyyəti ilə bağlıdır. Azərbaycanla qarşılıqlı dostluğa və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər Aİ-nin iqtisadi təhlükəsizliyinə və dayanıqlı inkişafının sürətlənməsinə töhfə verəcəkdir".
Ayhan
21:03 06.12.2025
Oxunuş sayı: 918