Demokratiya və insan hüquqlarından danışanlara 654 min avroluq korrupsiya ittihamı irəli sürülüb
Şəffaflıq, aydınlıq və korrupsiya ilə mübarizə haqqında dünyaya dərs keçən Avropa son zamanlar öz daxilində baş verən qalmaqallarla əslində hansı reallıqda yaşadığını bir daha nümayiş etdirir. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sabiq Ali Nümayəndəsi Federika Mogherini haqqında irəli sürülən korrupsiya ittihamlarından sonra Avropa Kollecinin rektorluq vəzifəsindən azad edilməsi bu ikili standartların ən son və ən simvolik nümunəsidir. İllərdir demokratiyanı, hüququn aliliyini və “düzgün idarəetməni” təbliğ edən bir şəxsin özünün korrupsiya ittihamları ilə gündəmə gəlməsi sadəcə şəxsi reputasiya məsələsi deyil — bu, Avropanın daxili siyasi mühitində kök salmış sistemli problemlərin açıq göstəricisidir.
Bu qalmaqal bir daha göstərir ki, Avropa ölkələrinin dünyaya təqdim etdiyi “ideal model” görüntüsü daxildə ciddi çatlarla üzləşib. Lobbiçilikdən maliyyə manipulyasiyalarına, siyasi dairələrdə qapalı maraq qruplarından qeyri-şəffaf qərar mexanizmlərinə qədər uzanan korrupsiya şəbəkələri artıq tək-tük hadisə yox, sistemin bir hissəsinə çevrilib. Bu isə sual doğurur: demokratiya və etik idarəçilik dərsi keçən Avropanın özündə bu qədər korrupsiya necə formalaşır və niyə aradan qaldırıla bilmir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlama verib:
"Azərbaycan torpaqları 30 il işğal altında olduğu zaman Avropa təsisatları nəinki Azərbaycanın haqq səsinə səs vermədilər, bu azmış kimi ikili standartlar tətbiq edərək Azərbaycanın probleminə obyektiv yanaşma belə ortaya qoymadılar. Dünyanın müxtəlif regionlarında gedən müharibə və münaqişə ocaqlarına münasibətləri bir cür, Azərbaycanın məsələsinə isə münasibətləri tamamilə başqa cür idi. Bu azmış kimi hakimiyyətə göstərilən təzyiqlər, Azərbaycan cəmiyyətini daxildən bölmək cəhdləri, cəmiyyətlə dövləti üz-üzə qoymaq planları da Qərb təsisatlarının əl atdığı üsullardan bir idi.
Bu istiqamətdə daxildə bəzi qruplar formalaşdıraraq hakimiyyətə təzyiq də edirdilər. Ukraynə məsələsi ilə bağlı Avropa təsisatlarının göstərdiyi münasibət bir cür idi. Bu münasibət obyektivlik, ədalət üzərində inkişaf etdirilirdisə, Azərbaycana qarşı təzyiq üsulu ilə danışılırdı.
Hətta Avropa təsisatlarının siyasətçiləri tərəfindən zaman-zaman məsuliyyətsiz çıxışlar edilərək Azərbaycanla imzalanan enerji müqavilələrinə son qoyulması haqqında çağırışlar edilirdi. Cənab Prezident İlham Əliyev çıxışlarında hər dəfə bildirirdi ki, bu kimi açıqlamalar olduqca məsuliyyətsiz və siyasətdən uzaq açıqlamalardır. İllər ərzində Avropa demokratiyadan, insan hüquq və azadlıqlarından danışırdısa da, həmin bu amilləri öz xeyirləri naminə istifadə edirdilər".
Deputat qeyd edib ki, Avropa İttifaqının sabiq xarici siyasət rəhbəri Federika Mogherinin də korrupsiyaya bulaşması bir daha ondan xəbər verir ki, Avropa, əslində, dünyaya dərs keçdiyi məsələlərdə özü imtahandan kəsilib: "Mogherini Avropa Kollecinin xeyrinə 654 min avroluq tenderdə qalib gəlib. Məhz bunun özü də qanunsuz olduğundan Mogherinin aqibəti artıq bəllidir.
Xanım Mogherini ədalətli rəqabət prinsipini pozmaqla kifayətlənməyib, məxfi məlumatlara çıxış da əldə etmişdi. Şübhəsiz ki, bu, qanunvericiliyə ziddir. Məxfi məlumatlarla bağlı konfidensiallığın pozulması Avropada yeni deyil. Avrostrukturlarda illərdir kök salan məmurlar rüşvət alaraq qanunların lehinə və yaxud da əlehinə səs verilməsində yaxından iştirak edirdilər. Eyni zamanda, Brüsseldə 3,2 milyon avroluq ev alınması da diqqətlərdən kənarda qalmadı. Şübhəsiz ki, bu, bir daha ondan xəbər verir ki, avropalı məmurlar korrupsiya girdabında batırlar.
Azərbaycan bu reallıqları zamanında gördüyü üçün öz reallığını özü yaratdı".
Ayhan
18:42 06.12.2025
Oxunuş sayı: 969