Tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıtmalıyıq, abidələrimizi bərpa etməliyik - Deputat
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı son açıqlaması bir daha göstərdi ki, Ermənistan uzun illər ərzində təkcə torpaqlarımıza deyil, həm də xalqımızın maddi və qeyri-maddi mədəni irsinə sistemli şəkildə zərbə vurub. Azərbaycan qədim dövlətçilik ənənələrinə, zəngin mədəni və etnoqrafik mirasa malik bir ölkə kimi son iki əsrdə ardıcıl deportasiyalar, zorakı köçürmələr və soyqırımı siyasəti ilə üz-üzə qalıb.
Ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra — 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə törədilən qırğınlar, etnik təmizləmələr və qanunsuz deportasiyalar nəticəsində yüzminlərlə azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salınaraq Azərbaycana sığınmağa məcbur olub. Bu proses təkcə əhali amilini deyil, bütöv bir sivilizasiyanın tarixi ardıcıllığını, mədəni yaddaşını, abidələrini və toponimlərini hədəfə alıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Anar İsgəndərov Crossmedia.az-a açıqlama verib:
"Qərbi Azərbaycan Azərbaycanın tarixi torpağıdır. Bu yurdun əhalisi azərbaycanlılardır və həmin torpaqlarda hansı ada, hansı oronimə, toponimə əl uzatsan, hamısı türk toponimidir, yəni Azərbaycan toponimidir. Ona görə də Azərbaycanın dövlət başçısı Ermənistan dövlətinin Qərbi azərbaycanlılara qarşı, o cümlədən onların maddi və qeyri-maddi mədəniyyət irsinə qarşı törətdiklərini bir daha dilə gətirir və bununla da “ermənilər barbar və vəhşidirlər” ifadəsinə faktlarla haqq qazandırır. Təbii ki, Qərbi Azərbaycanın vurğulanması Azərbaycanın qədim dövlətçilik tarixinə diqqəti bir daha cəlb edir. Həmin ərazilərdə vaxtilə aparılan arxeoloji qazıntılar və etnoqrafik abidələr bir daha göstərir ki, bu ərazi, bu əhali Azərbaycan türklərinə məxsusdur. Əgər xatırlayırsınızsa, ermənilər dəfələrlə – 1905–1906-cı illərdə, 1918–1920-ci illərdə, 1948–1953-cü illərdə və ən nəhayət 1987–1991-ci illərdə deportasiyalar həyata keçirdilər və yerli əhalini öz torpaqlarından çıxarmağa məcbur etdilər. Mən bununla bağlı erməni tarixçisi Korkodiyanın deportasiya haqqında bir fikrini bölüşmək istəyirəm. O, 1931-ci ildə Moskvada “Vaseline Armeniya 1831–1931” adlı kitab çap etdirib. Bəlkə də həmin kitab Ermənistanda çap olunsaydı, çoxdan məhv edilmişdi. Kitab Moskvada çap edildiyi üçün qorunub və müəllif orada belə yazır: Birinci dünya müharibəsi başlanarkən, bu gün bizim “Qərbi Azərbaycan” dediyimiz, onların isə “Ermənistan” adlandırdığı ərazidə 565 min türk–müsəlman yaşayırdı. 1922-ci ildə Zaqafqaziya Federasiyası yaradılarkən isə həmin ərazidə cəmi 20 min türk–müsəlman qalmışdı, sonra da 80 min türk geri qayıtmışdı. 565 min hara, 100 min hara? Onda sual yaranır: bu qədər insanın taleyi necə oldu? Təbii ki, böyük əksəriyyəti məhv edildi, öldürüldü, qaçqın salındı. Sonuncu dəfə isə 1987–1991-ci illərdə qalan türk–müsəlman əhalisi də bu ərazilərdən çıxarıldı".
Deputat əlavə edib ki, 1948–1953-cü illərdə azərbaycanlılar növbəti dəfə deportasiya olunarkən, onları Azərbaycan SSR-in ən isti bölgələrinə köçürdülər: "Halbuki bu insanlar dağlıq və sərin iqlimdə yaşamışdılar və isti, susuz bölgələrə məcburi köçürülmə onların böyük bir hissəsinin ölümünə səbəb oldu. Həm yurd həsrəti, həm də uyğunlaşa bilmədikləri şərait onların həyatını aldı. Bütün bunlar göstərir ki, Ermənistan deyilən ərazidə məskunlaşan əhali 1813–1828-ci illərdən, xüsusilə 1829-cu il Ədirnə sülhündən sonra bu torpaqlara köçürülən əhalidir. Çar Rusiyası onları bölgəyə özünə etnik dayaqlar yaratmaq üçün gətirdi və burada məskunlaşdırdı. Azərbaycanlı əhali isə onlara torpaq verdi, yurd verdi, yaşamaq üçün hər cür şərait yaratdı. Amma xarakter etibarilə faşist düşüncəli olan bu insanlar sonradan türk–müsəlman əhaliyə, o cümlədən azərbaycanlılara qarşı olmazın zülmlər törətdilər və soyqırımları həyata keçirdilər. Tarix şahiddir ki, ermənilər uzun illər bizimlə yaşadılar, bizim torpaqlarda yaşadılar, lakin bizə düşmən münasibət bəslədilər. Bu düşmənçiliyin son mərhələsi isə 30 ilə yaxın davam etdi. 1991-ci ildən sonra Azərbaycan torpaqlarını işğal etdilər – təkcə Qarabağı deyil, Qarabağ ətrafı rayonları, Şərqi Zəngəzuru işğal etdilər və dünyanı inandırmağa çalışdılar ki, guya bu torpaqlar onlara məxsusdur. Ədalətsiz beynəlxalq təşkilatlar da bəzən Azərbaycanı məğlub Ermənistana güzəştə getməyə çağırırdılar. Amma nə müasir dövrümüzün memarı Heydər Əliyev, nə də bu günün Prezidenti, Ali Baş Komandan bu fikirlə razılaşmadılar, onu qətiyyətlə rədd etdilər. Azərbaycan xalqını “dəmir yumruq” ətrafında birləşdirərək ədaləti bərpa etdilər".
A.İskəndərov qeyd edib ki, Azərbaycan bu gün də həmin mövqedədir: tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıtmalıyıq, tarixi abidələrimizi bərpa etməliyik, tariximizi inkişaf etdirməliyik: "Tarixi tədqiqatlarla bütün dünyanı inandırmalıyıq ki, bu torpaqlar qədim Azərbaycan torpaqlarıdır. Biz bu torpaqlara ordu ilə yox, silahla yox, hərbi güclə yox — onların tarixi olaraq bizə məxsus olduğuna görə qayıtmaq istəyirik. Məqsədimiz Ermənistan Respublikasından torpaq almaq deyil və hər hansı iddiamız da yoxdur. Sadəcə olaraq, bu torpağın sahibi olduğumuza görə öz mədəniyyətimizə, tariximizə, ədəbiyyatımıza, folklorumuza sahib çıxmaq istəyirik və bu bölgədə vətən tarixinin tədqiqi inkişaf etdirilməlidir. Azərbaycanın dövlət başçısı da vurğulayır ki, Ermənistanla səmimi qonşuluq münasibətlərinin yaradılması vacibdir. Bu ərazidə doğulan insanların öz dədə-baba yurdlarını ziyarət etməsi, min illər boyu burada yaşamış və burada dəfn olunmuş insanların qəbirlərini ehtiramla yad etməsi təmin edilməlidir. Qərbi Azərbaycan ziyalıları da bu düşüncə ilə maarifləndirmə işi aparır. Bu maarifləndirmədə nə təcavüz, nə hədə, nə qorxu var. Məqsəd iki xalq arasında münasibətləri səmimiləşdirmək və azərbaycanlı əhalinin öz tarixi yurdlarına qayıtması üçün münbit şəraitin yaradılmasına nail olmaqdır".
Ayhan
17:48 05.12.2025
Oxunuş sayı: 1630