Azərbaycan UNESCO-nun komitəsinə üzv seçilməsinə deputatdan reaksiya: Bu, onu göstərir ki...
Azərbaycan UNESCO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025–2029-cu illər üçün üzv seçilib. Dörd vakant yer uğrunda altı ölkənin mübarizə apardığı seçkilərdə Azərbaycan rəqabətə baxmayaraq ilk mərhələdə iştirak edən dövlətlərin əksəriyyətinin səsini qazanıb. Bu nəticə ölkənin beynəlxalq platformalarda artan nüfuzunu bir daha göstərir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki növbəti diplomatik uğuru barədə Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib.
O bildirib ki, Azərbaycanın UNESCO komitəsinə üzv seçilməsi ölkəmizin mədəni irsin qorunması sahəsində beynəlxalq etimad qazandığını və diplomatik nüfuzunun artdığını göstərir: "Bu, hər şeydən öncə Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki nüfuzunun izah edilməsi ilə bağlıdır. Beləliklə, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlara rəhbərlik etməsinin növbəti mərhələsinə şahidlik edirik. Mədəniyyət sahəsində, xüsusən post-müharibə dövründə münaqişələr zamanı mədəniyyətin qorunması ilə bağlı komitəyə üzv seçilməsi həm də Azərbaycanın yaşadığı tarixlə əlaqədar hesab edilir. Nəticə etibarilə öz irsini qorumaq üçün yaradılmış Birləşmiş Millətlər Təşkilatının xüsusi struktur vahidi tərəfindən bu, mühüm addım kimi dəyərləndirilir. Yəni UNESCO – Birləşmiş Millətlər Təşkilatının mədəniyyət, mədəni irsin qorunması və mühafizəsi üzrə ixtisaslaşmış qurumudur. Azərbaycanda isə həm inzibati-siyasi sərhədlərimiz daxilində xalqımızın yaratdığı mədəni irs torpaqlarımızın 20 faizi işğal altında olduğu zaman dağıntılara məruz qalıb və bu mirası yer üzündən silməyə çalışıblar. Həm də inzibati sərhədlərimizdən kənarda, Azərbaycanın mədəni-tarixi coğrafiyasında Azərbaycan xalqının yaratdığı maddi-mədəni irs dağıdılıb. Belə olan halda bu proses həm də başqa bir təcrübəyə şahiddir. Ərazimizdə olan mədəni irsin hansı sivilizasiyaya aid olmasından asılı olmayaraq onu qorumaq, mühafizə etmək və bərpa etmək nümunəsi yaranıb. Dolayısı ilə bu, Azərbaycan üçün mənəvi haqq və hüquq yaradıb ki, UNESCO-nun müvafiq komitəsinə üzv seçilsin. Əlbəttə, bu, xüsusi prosedurlar vasitəsilə mümkün olur. Hər hansı bir beynəlxalq təşkilata üzv olmaq və ya ona rəhbər seçilmək sadə məsələ deyil. Bu, Azərbaycan diplomatiyasının uğurudur. Amma hər şeydən öncə, bu, Azərbaycan dövlətinin beynəlxalq münasibətlərdə nüfuzunun, gücünün qəbul edilməsi və Azərbaycana göstərilən etimadın göstəricisidir".
Ülvi Zahidov
12:56 03.12.2025
Oxunuş sayı: 624