Yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı 2026-cı ildə Azərbaycanda keçirilə bilər
Yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI dünya çempionatı və qadınlar arasında XII dünya çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi planlaşdırılır.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çupriyan Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransında bildirib.
O qeyd edib ki, Bakıda keçiriləcək üçgünlük konfransda geniş məsələlərin müzakirəsi və böyük işlərin görülməsi nəzərdə tutulur: "Biz həmçinin yanğın-xilasetmə idmanı üzrə növbəti dünya çempionatının keçirilməsi planlaşdırılan idman bazasına baş çəkəcəyik. Hazırda beynəlxalq federasiyanı üç qitədən 35 ölkə təmsil edir. Çempionatların keçirilmə coğrafiyası genişlənir. Biz hələ də kişilər və qadınlar arasında son dünya çempionatlarının keçirildiyi Ər-Riyadın təəssüratı altındayıq və artıq gələn il Azərbaycanda keçirilə biləcək mümkün yarışlar barədə danışmağa başlayırıq".
11:16 03.12.2025
Oxunuş sayı: 719